Bir zamanlar bizdən biri olan Hüseyn Dərya var idi - Hüseyn Dəryaya sevginin və nifrətin səbəbi VİDEO
30-06-2018, 13:03
Uşaqlıq illərinin son dönəmlərini yaşayırdıq. O zamanlar “mahnı” deyiləndə ağlımıza gələn tək şey meyxana idi. Bir də böyüklərimizin dinlədiyi muğamları eşidirdik. Amma heç xoşumuz gəlmirdi, “yenə başladı da ağlaşma” deyib qaçırdıq muğamdan.
Sonra bir gün nəsə oldu, o nəsə elə qəfildən oldu ki!
Bir də gördük, hər gün futbol oynadığımız məhəllələr topsuz qalıb, qızlar “ortadaqaldı”ya yığışmır, uşaqlar “qaçdı-tutdu”ya tələsmir.
Hamının dilində bircə söz var: “Kef elə!”
Biz “Kef elə”məyə başlayanda hələ bilmirdik rep nədir, repçi nə deməkdir. Amma qəribə bir adam peyda olmuşdu, fərqli görkəmdə, fərqli səs tonunda və hamını “Kef elə”məyə səsləyirdi.
Kim idi bu adam?
Çox keçmədi, hamımız tanıdıq onu. O, Hüseyn Dərya idi. Bütün kanallar ardıyca qaçırdı, bütün radio dalğalarında onun repləri səsləndirilirdi.
Hüseyn Dərya qısa zamanda artıq hamının sevimlisinə çevrilmişdi. Və öz sənətinə elə can yandırırdı ki, “ağlaşma” deyib qaçdığımız muğamı da öz repləriylə sintez edərək, bizə sevdirə bilmişdi.
Çox qısa zamanda məşhurlaşmışdı bu ad. Amma məşhurluq sevgi qazandırdığı kimi, nifrət də qazandıra bilmişdi.
Bəli, Hüseyn Dəryaya nifrət edənlər də vardı. Təbii ki, dinləyicilər deyil, öz həmkarları nifrət edirdilər. Hansı ki, onacan birinin də adını eşitməmişdik. Elə deyəsən, nifrətin əsl səbəbi də bu idi; onlar illərdir rep deyirdilər, repçiydilər, amma bu qədər məşhurluq, sevgi qazana bilməmişdilər. Və nə yazıq ki, dinləyicilərini də bu nifrətə ortaq olmağa səsləyirdilər.
Hüseyn Dərya bir insanın başına gələ biləcək çox şey yaşadı. Həyatın dibindən zirvəsinə qalxdı, sonra yenidən həyatın dibinə yuvarlandı. Hər insan bacarmaz yıxıldığı yerdən qalxmağı, xüsusən başını qaldırmaq istəyən kimi səni yenidən yıxmağa çalışan insanların əhatəsində. O isə bacardı, bəlkə də zamanında təhsilini qurban verdiyi vətəni uğrunda 4 il hərbidə olması cəsarətini heç bir vəziyyətdə qırılmağa qoymamışdı.
Hüseyn Dərya yaşadığı cəmiyyətin alçaldıcı nəzərlərinə belə fikir vermədən, hətta çox vaxt təbəssüm edərək, ayağa qalxdı və bir insan iradəsinin nələrə qadir olduğunu nümayiş etdirdi.
Şou-biznes nümayəndələri arasında xalqın sevgisini Hüseyn qədər qazanan ikinci bir adam yox idi. O, bu sevgini heç kimdən dilənməmişdi, həddən artıq səmimiliyi, təbiiliyi ilə sevdirmişdi özünü.
O öz ifasını ritmlərə, musiqilərə uyğunlaşdırmırdı, sanki, ritmlər, musiqilər özü uyğunlaşmağa çalışırdı Hüseyn Dəryaya. “Soy”, “Göz qırpımı”, “Sevmirəm”, “Məktub” onun ən fərqli və hələ də sevilərək dinlənilən rep parçalarıdır.
Bu gün bizlərdən biri olan, amma öz həyatıyla da, ölümüylə də hamıdan fərqlənən Hüseyn Dəryanın ad günüdür.
Ruhun şad olsun, qəribə adam!
axar.az
teref.az Hüseyn Dəryanın möhtəşəm "Can Vətən" klipini sizə təqdim edir: