Gəncə hadisələri ilə daha 8 nəfər qandallandı

24-07-2018, 08:29           
Gəncə hadisələri ilə daha 8 nəfər qandallandı
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilən terror aktından 20 gün keçir. Ötən müddətdə hadisənin təfərrüatları və başvermə səbəbləri haqda çeşidli məlumatlar yayılıb, ortaya xeyli ilginc məlumatlar çıxıb. İyulun 3-də hüquq-mühafizə orqanları - DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan edib. Elmar Vəliyevə və mühafizəçisinə qarşı gerçəkləşdirilən hadisədən 1 həftə sonra Gəncədə bir qrup şəxs iğtişaşa cəhd edərək, 2 polis zabitini - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovu xəncərlə öldürüblər.

Qanlı hadisələrdən ötən müddət ərzində Gəncə olaylarına görə əməliyyat istintaq tədbirləri davam etdirilməkdədir. Son həbslər bir neçə gün əvvəl baş tutub. Gerçəkləşdirilən əməliyyat tədbirləri zamanı daha 8 nəfərin tutularaq barələrində həbs-qətimkan tədbiri seçildiyi, bir nəfərin isə öldürüldüyü deyilir. Bu barədə Respublika Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir. Məlumata görə, təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində “ağır cinayət əməlləri törətətmiş mütəşəkkil qrupu”n fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Anar Bağırovun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib.

Onun əməliyyat tədbirləri zamanı silahlı müqavimət göstərdiyi və cavab tədbiri olaraq öldürüldüyü deyilir. Hadisə yerinə baxış zamanı Anar Bağırovun üzərindən “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edildiyi də qeyd olunur. Yeni saxlanılanların adı sadalanmır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bundan öncə Gəncə hadisələri ilə bağlı 30-dan artıq şəxs həbs edilib. İyulun 15-də isə polisi öldüməkdə şübhəli sayılanlardan biri Rəşad Böyükkişiyevin isə polisə qumbara ilə müqavimət göstərərkən öldürüldüyü haqda rəsmi məlumat verilib. İyulun 10-da Gəncə şəhərində baş verən cinayətlərlə bağlı tutulanlar arasında axtarışda olan Samir Ramiz oğlu İbrahimov da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.