Bakının xilası üçün uğurlu hərbi əməliyyat... - Analitik

16-09-2018, 08:23           
Bakının xilası üçün uğurlu hərbi əməliyyat... - Analitik
Bakının xilasınını ən əhəmiyyətli səbəblərindən biri onun böyük hərbi qələbə olmasıdır.

Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, 15 sentyabr 1918-ci il tarixində Bakının xilasında çox vacib bir neçə məqam var:

“Bu hərbi qələbənin bizim üçün böyüklüyünü şərtləndirən 3 məqam var: Əvvəla, bu, müasir tariximizin son 100 ildəki ən böyük hərbi qələbəsidir. İkincisi, bu qələbə dövrün çox çətin geosiyasi, siyasi, hərbi və ictimai şərtlərində əldə olunması baxımdan xüsusi önəmə malikdir. Bu baxımdan Qarabağın işğaldan azad olunması üçün ən mühüm ilham mənbəyidir. Bizim babalarımız 100 il əvvəl daha çətin şərtlərdə bu qələbəni qazana biliblərsə, biz də bunu Qarabağda edə bilərik. Üçüncüsü, bu hərbi qələbənin bugünə qədər davam edən qalıcı strateji nəticələri var. Bu nəticələr Bakının Azərbaycan, türk və müsəlman şəhəri, paytaxtımız olaraq qalması, müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzi kimi milli tariximizdə və azadlıq mübarizəmizdə əvəzsiz rol oynamasıdır".

N.Cəfərsoy qeyd edib ki, Bakının azad edilməsi müstəqil Azərbaycan Cümhuriyyətinin elanın praktiki mənada daşıması baxımından da strateji siyasi əhəmiyyətə malikdir: "Bu praktika həm tariximizin ən şərəfli səhifələrindən biri olma, həm də günümüzdəki Azərbaycan Respublikasının mövcudluğu baxımından mühüm əhəmiyyətə malikdir".

N.Cəfərsoy vurğulayıb ki, Bakının xilası tarixi erməni və bolşevizm formasında özünü göstərən rus imperializminin ənənəvi strateji yanaşmasının praktiki və davamlı nümunəsini göstərmək baxımından da önəmlidir:

“Bakının xilası Azərbaycan-Türkiyə strateji əməkdaşlığının və milli dayanışmasının tarixdəki konkret əməli uğurlu nümunəsidir. Bu uğurda Ənvər Paşanın, Nuru Paşanın və Osmanlı dövlətinin rolu danılmazdır. Osmanlı üçün Qafqaz İslam Ordusu hərəkatı insani, türkçü, islami və geosiyasi motivləri olan bir addım idi. Ən mühüm nəticələri isə yuxarıda bəhs etdiyim şəkildə özünü göstərdi".

N.Cəfərsoyun sözlərinə görə, Bakının xilasında və ümumilikdə Qafqaz İslam Ordusuna ermənilər və bolşeviklər istisna olmaqla, Azərbaycan xalqının bütün nümayəndələri öz gücləri nisbətində töhfə vermişlər:

“Bu mənada Bakının xilası və Qafqaz İslam Ordusunun uğuru həm də bütün Azərbaycan xalqının uğurudur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.