Separatçıları görüşüb rəsmi Bakını pis vəziyyətə qoyan diaspor rəhbəri Bakıya gəlir

19-09-2018, 18:38           
Separatçıları görüşüb rəsmi Bakını pis vəziyyətə qoyan diaspor rəhbəri Bakıya gəlir
Avropa Azərbaycanlıları Konqresində (AAK) bunt yaşanır; Sahil Qasımov Bakıda dəstək axtarır…

Əldə etdiyimiz məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov sabah Bakıya gəlir. Avropadakı Azərbaycan diasporunun rəhbərinin Bakıya gəliş səbəb isə ilgincdir. Belə ki, Sahil Qasımovun hazırda ona qarşı üsyan edən AAK üzvlərini sakitləşdirməkdən ötrü rəsmi Bakıdan dəstək alamaq üçün Bakıya təşrif gətirdiyi iddia olunur.

PİA.az-ın xaricdəki diaspor nümqyəndələrindən əldə etdiyi məlumata görə, Sahil Qasımov Bakıda olduğu müddətdə Diasporla İş Komitəsinin sədri Fuad Muradovun və eyni zamanda Xarici İşlər Nazirliyinin hamiliyini qazanmağa çalışacaq. Lakin bu, heç də asan görünmür. Çünki sabiq Diasporla İş Komitəsinin sədri Nazim İbrahimovun çox yaxın adamı olan Sahil Qasımovun Fuad Muradovla anlaşa bilməsi heç də inandırıcı görünmür.

Digər tərəfdən təqribən iki ay əvvəl Avropa Azərbaycanlıları Konqresinin (AAK) Birinci vitse-prezidenti Füzuli Məmmədovu vəzifəsindən aldırdığına görə sonuncunun Sahil Qasımova Bakıda problemlər yaradacağı da istisna olunmur. Sahil Qasımovun digər problemi isə Fuad Muradovla Xarici İşlər Nazirliyi arasında sərinliyin olmasıdır.

AAK sədrinin ən böyük problemlərindən biri də odur ki, Fuad Muradovdan dəstək almağa nail olsa belə, Xarici İşlər Nazirliyi ilə bağlı məqsədlərinə çata bilməyəcək. Xarici İşlər Nazirliyindən dəstək aldığı təqdirdə isə Diasporla İş Komitəsinin qapısının onun üçün bağlanacağı da şübhə doğurmur. Ona görə də AAK sədrinin işi hazırda çox zor görünür.

Sahil Qasımovun işini çətinləşdirən əsas nüanslardan biri də ötən il rəsmi Bakının iradəsinə və siyasi kursuna zidd olaraq İspaniydan müstəqilliyini elan edən Katoloniya separatçıları ilə görüşməsidir. Həmin görüşdən sonra rəsmi olaraq büruzə verilməsə də Azərbaycanla İspaniya hökümətləri arasında problem yaşanıb və bu problem sonradan yoluna qoyulsa da görüşün ziyanları hələ tam kompensasiya edilməyib. Doğrudan da Dağlıq Qarabağ kimi bir separatçılıq problemi olan bir ölkənin Avropadakı aparıcı diaspor təşkilatın sədrinin İspaniyanın ərazi bütövlüyünü təhlükə altına alan Katoloniya separatçıları ilə görüşü məntiqə sığmır. Doğrudur, sonradan Sahil Qasımov bunun əksini söyləsə də Avropadakı diaspor nümayəndələri həmin görüşün baş tutduğunu təsdqiləyirlər.

Buna görə də Sahil Qasımovun Bakıdan rəsmi dəstək ala biləcəyi heç də inandırıcı görünmür. Belə bir dəstəyi alacağı təqdirdə, rəsmi Bakı həm Avropadakı daspor təşkilatlarının parçalanmasına, həm də İspaniyanın yenidən narazılığına rəvac verə bilər.

Qeyd edək ki, hazırda AAK parçalamış vəziyyətdədəir. AAK üzvlərinin böyük bir qismi Sahil Qasımovu Nazim İbrahimovla birlikdə maliyyə fırıldıqlarında ittiham edir. Xatırladaq ki, bir qrup jurnalist və bloggerin apardığı araşdırma zamanı AAK Prezidenti Sahil Qasımovun korrupsiya sxemi aşkara çıxarılıb. Həmin araşdırmalara görə, Sahil Qasımov külli miqdarda AAK vəsaitini mənimsəyib. İttihamların həddindən artıq sərt olmasına baxmayaraq, Sahil Qasımov bu ittihamlara məntiqli cavab verə bilməyib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.