Prokurorluq Silvestr Stalloneyə qarşı zorlama ittihamını irəli sürməkdən imtina edib
31-10-2018, 07:21
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsinin Prokurorluğu məşhur aktyor, kinoirejissor və prodüsser Silvestr Stalloneyə qarşı zorlama ittihamı irəli sürməmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə TMZ bildirib.
Məlumata görə, prokurorluq bu işdə Stalloneyə qarşı ittihamları yetərsiz sayıb. Şahidlərin heç biri zərərçəkən qadının bu işlə bağlı iddialarını sübut etmək üçün heç nə deməyib. Bundan başqa, cinayət işinin və məhkəmənin keçirilməsi üçün Kaliforniya qanunlarında nəzərdə tutulan müddət bitib.
2017-ci ilin dekabrında TMZ bildirib ki, Santa-Monika polisi bir qadının Stalloneyə qarşı zorlamada ittihamı ilə bağlı araşdırmaya başlayıb. Qadın iddia edirdi ki, 1990-cı illərin əvvəllərində aktyor ofisində görüş zamanı ona qarşı seksual cinayət törədib. Stallonenin vəkili bildirib ki, onun müştərisi günahsızdır.
Bu, aktyorun ünvanına belə qəbildən olan ilk ittiham deyil. 2017-ci ilin noyabrında "Daily Mail" qəzeti də adının çəkilməsini istəməyən qadına istinadən material dərc edib. Naməlum qadın Stalloneni 1986-cı ildə cangüdəni ilə birlikdə Las-Veqasda, Hilton mehmanxanasının nömrəsində ona qarşı cinsi zorakılıq istəyində ittiham edib. Stallone bu ittihamları rədd edib.