Nazir komandiri işdən qovdu – Generalın qanunsuz əməlləri üzə çıxdı
19-11-2015, 20:13
Müdafiə naziri Zakir Həsənov daha bir komandiri ağır cəzalandırıb.
AzNews.az xəbər verir ki, nazirin əmri ilə Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Surxay Hüseynov tutduğu vəzifədən azad edilib. Buna səbəb S.Hüseynovun vəzifəsindən sui-istifadə etməsi, dövlət əmlakını mənimsəməsi, eləcə də korrupsiya əməlləri törətməsi olub. Müəyyən edilib ki, o, sovet dövründən qalan texnikaların bir hissəsini, eləcə də onların hissələrini qanunsuz olaraq satmaqla böyük məbləğdə qazanc əldə edib. Bundan başqa, hərbi hissəyə aid olan külli miqdarda metal qırıntılarını qeyri-qanuni yolla aradan çıxarıb.
Xəbərə görə, komandir bütün bu əməllərini Hərbi Hava Qüvvələrinin Maddi-Texniki Təminat Aparatında mühüm vəzifə tutan polkovnik-leytenant Emin Şabanovun himayədarlığı ilə edib.
Lakin E. Şabanov Hərbi Hava Qüvvələri komandanı, Müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirovun doğma xalası oğlu olduğundan ona hər hansı cəza verilməyib. Məsələ burasındadır ki, qanuna görə R.Tahirovun xalası oğlunu tabeliyindəki qurumda işlətməsi yolverilməzdir.
Çünki Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsində, yaxın qohumların birgə işləməsinə yol verilməsi, həmin maddənin 1-ci bəndində isə vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan hər hansı bir vəzifə tuta bilməsi qadağan edilir.
Ancaq general Tahirov rəhbərlik etdiyi qurumda nəinki bir xalası oğlunu, hətta onun qardaşını da yüksək vəzifəyə gətirib. Belə ki, E.Şabanovun böyük qardaşı Müşfiq Şabanov Hava Qüvvələrinin qərargah rəisinin müavinidir.
Elə buna görə də, bildirilir ki, Surxay Hüseynovun cəzalandırılması sadəcə, aşkarlanan yeyinti hallarının üstünün ört-basdır etmək üçün atılan addımdır.