Aqiyə Naxçıvanlının rektor qoltuğu uğrunda gizli savaş…
21-11-2015, 23:04
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru Aqiyə Naxçıvanlının deputat seçilməsiylə bağlı rektorluqdan getməsinin ardından onun yerinə kimin gətiriləcəyi təkcə AMİ – də və ölkənin təhsil ictimaiyyətində deyil, bütövlükdə cəmiyyətdə diqqətlə izlənilir.
Bu azmış kimi Azərbaycan Müəllimlər İnstitutunun dəftərxana müdiri, əvvəllər həmin institutda metodist işləmiş İsmayılov Eldəniz Əşrəf oğlunun intihar etməsi də vəziyyətə əlavə rəng qatıb və Aqiyyə Naxçıvanlının gedişi heç də yaxşı sonluqla müşayət olunmayıb…
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Nərimanov rayon sakini, 1951-ci il təvəllüdlü Eldəniz İsmayılov intihar edib və faktla əlaqədar cinayət işi açılıb, istintaq aparılır.
Məlumatlara görə, onun yaxın ətrafı, xüsusilə Müəllimlər İnstitutunun əməkdaşları intihar faktı ilə əlaqədar ifadə vermək üçün DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılır. Buna səbəb kimi isə İsmayılov Eldəniz Əşrəf oğlunun adının Müəllimlər İnstitutu ətrafında yaranmış saxta diplom qalmaqalı ilə bağlı sözügedən idarədə aparılan araşdırmada hallanması göstərilir.
Diqqətçəkən bir məqam AMİ rəhbərliyinin başı istintaqda ifadə verməyə qarışsa da rektor kürsüsü uğrunda ölüm-dirim savaşı aparanların çoxluğudur.
İddialara görə adı bir çox qalmaqallarda hallanan AMİ Zaqatala Filialının direktoru Orucəli Rzayev Aqiyyə Naxçıvanlının rektor qoltuğuna göz dikib. özü də təkcə göz dikməyib, bütün imkanlarını və əlaqələrini səfərbər edərək bu posta təyinatına xeyir – dua almaq istəyir. Amma zədələnmiş reputasiyası və təhsil naziri Mikayıl Cabbarovun yanında gözükölgəli olması onun şanslarını minimuma endirib.
Əldə etdiyimiz başqa bir məlumata görə isə Aqiyyə Naxçıvanlının yerinə ən real namizəd kimi keçmiş deputat Leyla Abdullayevanın adı hallanır. Xatırladaq ki, ötən parlament seçkilərində Leyla Abdullayeva 41 saylı Sumqayıt I Seçki Dairəsindən deputatlıq mandatı qazansa da bu ilki marafonda onun yerinə Mirzəcan Xəlilovun namizədliyi hakim partiya tərəfindən irəli sürülərək ona mandat verildi. Amma bəzi məlumatlara görə, hələ seçkilərdən əvvəl bununla bağlı razılaşma olduğu və Leyla Abdullayevanın deputat mandatından imtina etməsi qarşılığında ona AMİ rektorluğu vəd olunub…
Mövzunu diqqətdə saxlayacağıq və ehtimallarımızın nə dərəcədə həqiqəti əks etdirib – etdirmədiyi yaxın vaxtlarda bilinəcək…()