Şirvanda sayca 3-cü kriminal “razborka” oldu
22-11-2015, 12:09
Xəncər və bıçaqla silahlanmış Hacıqabullu kriminalların maşınları yararsız hala salındı, yenidən qan töküldü
Şirvanda kriminal “razborka” səngimək bilmir. 16 gün əvvəl – noyabrın 5-də Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin ölümlə nəticələnən mübahisəsi bu gün Şirvanın Köhnə Şəhər adlanan yaşayış massivində, Kür çayının sahilindəki İsmət Qayıbov adına parkda davam etdirilib.
Qaynağımız bildirib ki, mübahisə Şirvandan olan kriminallarla Hacıqabullu kriminallar arasında baş verib. Davada Şirvandan olan kriminallardan xəsarət alanlar olub. Qarşı tərəfdən yaralananlar olmasa da, avtomobilləri daş kəsəklə sındırılaraq yararsız hala salınıb. Ərazidə yaşayan sakinlər deyiblər ki, Hacıqabuldan gəlmiş şəxslərin əllərində bıçaq, xəncər görüblər. Hadisə yerinə Şirvan Polis Şöbəsinin əməkdaşları çağırılıb. Qanlı davanın səbəbi hələ ki məlum deyil. Xəsarət alanların kimliyini dəqiqləşdirməyə çalışırıq. Belə məlumatlar var ki, mübahisə noyabrın 5-də baş tutan və “Makarov” tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev və kriminal aləmdə “krıtıy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu qətli ilə sonuclanan “razborka”nın davamıdır.
Yada salaq ki, baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Baloğlan oğlu Salmanov və biləvasitə qətli törədən 1989-cu il təvəllüdlü Əli Rasim oğlu Ağami saxlanılıb. Qan tökülsə də, “razborka” səngimək bilmir. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Ə.Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Z.Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb. Məlum olub ki, bu qəza da həmin qanlı “razborka”dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini “Maqqa” ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib. Z.Ağamiyə Mahir Tahir oğlu evində bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan M.Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Z.Ağami tutulan şəxsin atası tahir tərəfindən təhdid olunub. Bu gün isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin “vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal “razborka”ya çağırıldığı haqda da məlumat var. Bildirilir ki, Z.Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu “razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.
Qeyd edək ki, noyabrın 5-də gecəyarısı Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Elvin Zamanəli oğlu Nəciyev və 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə “Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Əli Ağaminin qətldə istifadə etdiyi “Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisindən götürülüb. Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb.
Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. O da məlum olub ki, cinayətdə istifadə olunan “Makarov” tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.musavat.com/