"Muğanbank"dan borca görə özünü yandıran şəxslə bağlı AÇIQLAMA

23-11-2015, 21:31           
"Muğanbank"dan borca görə özünü yandıran şəxslə bağlı AÇIQLAMA
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində qeydiyyatda olan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun “Muğanbank”ın Binəqədi rayon filialının binası qarşısında özünü yandırması faktı ilə əlaqədar həmin filialın rəhbərliyi baş ofisə çağırılıb.

Hafta.az bildirir ki, bu barədə Trend-ə “Muğanbank”ın Binəqədi rayon filialından məlumat veriblər.

Baş ofisdən isə Trend-ə bildirilib ki, Binəqədi filialında, ümumiyyətlə, “Muğanbank” ASC-də Malik Abbas oğlu Hüseynov adlı müştəri yoxdur: “Kütləvi informasiya vasitələrində 23.11.2015-ci il tarixdə “Muğanbank” ASC-nin Binəqədi filialının qarşısında Malik Abbas oğlu Hüseynov adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Malik Abbas oğlu Hüseynov adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə, “Muğanbank” ASC-də Malik Abbas oğlu Hüseynov adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Malik Abbas oğlu Hüseynova məxsus avtomobilin saxlanılmasına dair müraciət edilməyib”.

Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulan M.Hüseynov hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti çox ağır qiymətləndirilir.

Binəqədi rayon prokurorluğundan isə Trend-ə bildiriblər ki, faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru