Hacı Məmmədovu Qobustan həbsxanasında çətin görüşlər gözləyir
6-05-2016, 12:17

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun Qobustan həbsxanasına köçürüləcəyi gözlənilir. Vəkili Afət Qazıyevanın musavat.com-a verdiyi açıqlamaya görə, H.Məmmədovun özü də Qobustana köçürülməsi ilə bağlı müraciətlər edib.
Hacı Məmmədov mayın 2-də 11 il saxlanıldığı MTN-in, hazırda isə DTX-nin istintaq təcridxanasındakı kamerasından köçürülüb, amma ərizəsində göstərdiyi ünvana yox. Onu səhhətindəki problemlərə görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər. Gələn xəbərlər onu deməyə əsas verir ki, bu ünvandan H.Məmmədovu ərizəsində göstərdiyi ünvana - Qobustan həbsxanasına köçürəcəklər.
H.Məmmədovu həmin ünvanda 11 ildir ki, gözləyənlər var. Məşhur həbsxanada Hacı Məmmədovun yolunu gözləyənlər vaxtilə onunla eyni müttəhimlər kürsüsünü bölüşmək məcburiyyətində qalmış, onun ifadələri əsasında ömürlük həbsə məhkum edilmiş şəxslərdir. Onların sırasında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirov, həmin idarənin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi Kamil Sədrəddinov, Musa Dabuyev, Eldar Rəhimov, Fərhad Məmmədbəyov, Aslanbek Çintamirov, Malik Məmmədov, Husain Abdulvahabov, Yagir Məmmədov var.
Yada salaq ki, Hacı Məmmədov 2005-ci ilin martında MTN-in “Qara kəmər” kod adı ilə həyata keçirdiyi əməliyyat zamanı yaxalanıb. Bu əməliyyatla uzun illər bağlı qalan sifarişli qətllər və adam oğurluqlarının bir qisminin üstü açılıb. Sonradan isə MTN rəhbərliyi ifşa olunan dəstə başçısından öz şəxsi istəklərinə uyğun ifadələr alıb.
Ötən illər ərzində Hacı Məmmədovun MTN təcridxanasında saxlanılması onun təhlükəsizliyinin təmin olunması, şəxsi istəyi ilə izah olunurdu. Lakin Milli Təhlükəsizlik Nazirliyində (MTN) ötən il oktyabrın 17-də baş tutan və dövlət başçısının sərəncamı ilə nazir də daxil olmaqla, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin istefası ilə nəticələnən xüsusi əməliyyatdan sonra “Qara kəmər” işinin yenidən araşdırılması gündəmə gəldi. Bu əməliyyatdan az sonra məlum oldu ki, Hacı Məmmədov özünə vəkil tutub və yenidən ifadə vermək istəyir.
H.Məmmədov yaxınları vasitəsilə mətbuata eks nazir Eldar Mahmudovun dövründə ona hədə-qorxu və təzyiqlər edildiyi, ötən illər ərzində MTN təcridxanasında faktiki olaraq girov saxlanıldığını açıqladı. Bildirdi ki, 2006-cı ildə keçirilən məhkəməsində həqiqəti deyə bilməyib, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi olmadığını çatdırdı. Bildirdi ki, Z.Nəsirov süni olaraq bu işə cəlb edilib.
Az keçmədi ki, H.Məmmədovun 2006-cı ildə iş üzrə hökm çıxarılarkən yalan ifadələr verməsi əks olunan, işlə bağlı yeni hallar üzrə ifadələr vermək istəməsi ifadə olunan ərizəsi Ali Məhkəməyə göndərildi. Gözlənilənlərin əksinə olaraq Ali Məhkəmədən Hacı Məmmədovun ərizəsində göstərdiyi yeni hallar üzrə yenidən məhkəmə araşdırmasının başlanmasına “yox” cavabı verildi. Bununla da “Qara kəmər” əməliyyatından sonra Eldar Mahmudovun şəxsi maraqlarına uyğun verilmiş ifadələr hökmdə olduğu kimi qaldı. Eldar Mahmudovun şəxsi maraqlarının gerçəkləşməsinə doğru, dürüst ifadələri ilə yox demiş şəxslərin ömürlük həbsdən azadlığa apara biləcək qapılardan biri bununla bağlandı. Bu gün Qobustan həbsxanasında Hacı Məmmədovun yolunu səbirsizliklə gözləyənlər var.
Həmin şəxslərin H.Məmmədova çox çətin suallar olacağı şübhəsizdir. Əgər Hacı Məmmədovun vəziyyəti qəfil pisləşməsə, sağlıq durumu Qobustana köçürülməsinə imkan versə, o, mütləq bu sualları eşidəcək. Verəcəyi cavablar isə yaddaşlarda qalacaq və gec-tez “Qara kəmər”ə vurulmuş “ağ yamaq”ların sökülməsinə gətirib çıxaracaq.
Qeyd edək ki, Hacı Məmmədovun ifadələri əsasında tutularaq həbsə alınan Nizami Abdullayev, Sidek Abdulvahabov, Rövşən Ağayev 15 il, Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva 13 il, Ədalət Əsədullayev, Novruz Nuriyev 11 il, Əliqulu Quliyev, Nişad İsmayılov 10 il, Faiq Quliyev, Hacı Məmmədovun bacısı oğlu Elçin Əliyev 9 il, Mehman Həsənov, Fariz Həmidov, Elşən Mirzəyev 8 il müddətinə azadlqıdan məhrum ediliblər. Aqil Hüseynov və Azər Əliyev 2 il şərti olaraq azadlıqdan məhrum edilmişdilər.
Zakir Nəsirovun qohumu İbrahim Bağırov barəsində isə cinayət təqibinə xitam verilmişdi.
Rəsmi istintaq sənədlərində Hacı Məmmədovun rəhbərlik etdiyi, həyat yoldaşı Nailə Quliyevanın da daxil olduğu qrup İlham Qədimzadə, Cavid Manafov, Ülvan Bağırov, Əhməd Məmmədov, Zeynalabdin Babayev, Oqtay Babayev, Murad Kazımov, Məcid Məmmədov, Zamirə Hacıyevanın oğurlanmasında, Anar Sultanov, Yaruxom İliyevin oğurlanmasına cəhddə, Şirxan Albiyev, Boris Ayyubov, Ruslan Ukuşev, Dilbər Novruzova, Mehman Səmədov, Novruz İsmayılov, Azər İsmayılov, Rövşən Əliyev, Fətulla Hüseynov, Rəna Nəsibovanın qətlində təqsirli biliniblər. Oğurlanan İlham Qədimzadənin qulağı Hacı Məmmədovun şəxsi göstərişinə əsasən kəsilib və valideynlərinə göndərilib. Cavid Manafovun oğurlandığını öyrənən nənəsinin ürəyi partlayıb...