“Mini amnistiya” – Cəzalar YÜNGÜLLƏŞİR
6-05-2016, 12:50
Bu gün Milli Məclisdə Cinayət Məcəlləsinə maraqlı dəyişikliklər təklif edilir. Dəyişiklikləri ümumi şəkildə "mini amnistiya” adlandırmaq mümkündür. Çünki onların qüvvəyə minməsindən sonra yüzlərlə adam cinayət məsuliyyətindən və cəzadan azad olunacaq, bəzilərinin cəzası xeyli yüngülləşəcək, bəziləri isə cəzadan azad olunmaq şansı qazanacaq.
Modern.az saytının verdiyi xəbərə görə, bu haqda hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
Ə.Hüseynov deyib ki, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlb etmə hədləri qaldırılıb:
“Məsələn, indiyədək oğurlanan əmlakın dəyəri 30 manatı aşanda bu, cinayət sayılırdı, bundan sonra həmin məbləğ 100 manata qaldırılır (30-100 manat arası oğurluğa görə məhkum olunanlar avtomatik olaraq cəzadan azad olunacaq). İndiyədək 30 manatdan artıq ziyan vurmaqla dələduzluq edənlər və ya özgə əmlakını mənimsəyənlər cinayət məsuliyyətinə cəlb olunurdu, amma bundan sonra dələduzluq və mənimsəmə də yalnız 100 manatdan yuxarı məbləğdə ziyan olduqda cinayət sayılacaq.
Ümumiyyətlə, mülkiyyət əleyhinə və sahibkarlıq fəaliyyəti sahəsində cinayət məsuliyyətinə cəlb etmə hədləri qaldırılıb. Məsələn, əvvəl 2000 manatdan artıq vergidən yayınma cinayət idi, bu qanundan sonra 20 000 manatdan artıq vergidən yayınma cinayət sayılacaq”.
Onun sözlərinə görə, dəyişikliklərlə cinayət məsuliyyətindən azad olma imkanları da genişlənir: “Məsələn, sağlamlığa qəsdən yüngül zərər vuran şəxs zərərçəkənlə barışdıqda cinayət məsuliyyəti istisna olunur. Bəzi cinayətlər nəticəsində vurulan zərəri ödəmək cinayət məsuliyyətindən azad etməyə səbəb olur (məsələn, qanunsuz sahibkarlıqda, yalançı sahibkarlıqda və s.).
Bununla belə, bəzi əməllərin sanksiyası da sərtləşir, xüsusən, cərimə cəzaları bəzi hallarda artırılır. Bəzi cinayətlər üçün isə məsuliyyətə cəlb etmə həddi əhəmiyyətli dərəcədə qaldırıldığına görə sanksiya nıda artırırlar.
Özü də sanksiya məhz cinayət nəticəsində vurulan ziyanın misli ilə hesablanacaq (məsələn, əmtəə nişanından qanunsuz istifadə edən şəxs 20 00 manatdan artıq ziyan vurarsa, cinayət məsuliyyətinə cəlb olunacaq və ziyanın və ya qanunsuz əldə etdiyi gəlirin 2-4 misli miqdarında, yəni 40 00- 80 000 manat cərimə olunacaq).
Bundan sonra cibgirlərin də işi ağırlaşacaq. Cibgir 100 manatdan çox talayarsa, 3-7 il azadlığını itirə bilər.
Əvvəllər buna görə maksimum 2 ilədək azadlıqdan məhrum etmə ilə canını qurtara bilərdi”.