Şəhidin qardaşı evində qonağını öldürdü - Gəncədə
29-05-2016, 15:19
Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Zaur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, 27 may 2015-ci il tarixdə saat 06 radələrində əvvəllər tanımadığı Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Adil Zeynalov Zaur Həsənovun yaşadığı ünvana gəlib. Həmin şəxs özünü Zaur Həsənovun oğlu Emilin dostu kimi təqdim edib və içəri buraxmasını istəyib. Bu səbəbdən Zaur Həsənov çağırılmayan qonağı evə buraxıb.
Adil Zeynalov Zaur Həsənovun yaşadığı evə girəndən sonra spirtli içki içməyi təklif edib. Onun təklifi ilə Zaur Həsənov mağazadan yarım litrlik spirtli içki alıb və onlar birlikdə içki qəbul ediblər.
Evində qonağını öldürdü
Bir qədər sonra Zaur Həsənov yenidən spirtli içki alıb və içki məclisinin davamında aralarında sözlə mübahisə yaranıb. Mübahisə zamanı Zaur Həsənov qonağın onu söyərək təhqir etməsinə, qəflətən başı ilə onun sifət nahiyəsinə zərbə vurmasına əsəbiləşib.
Zaur Həsənov Adil Zeynalovdan qisas alaraq onu öldürmək qərarına gəlib. Bu məqsədlə evin qonaq otağında Adil Zeynalovu döyə-döyə öldürüb.
19 il cəza
Zaur Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Zaur Həsənov apellyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Özünü Lenin kimi təqdim etdi”
Məhkəmədə ifadə verən Zaur Həsənov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, özünü Lenin kimi təqdim edən, lakin adını sonra bildiyi Adil Zeynalovu öldürməyib: “27 may 2015-ci il tarixdə saat 06 radələrində yaşadığı Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi, ev 64, mənzil 8-də olarkən əvvəllər tanımadığım mərhum Adil Zeynalov yaşadığım ünvana gəlib və qapını möhkəm döyərək açmağı ondan tələb edib. Qapını açanda isə içkili və yaralı vəziyyətdə olan, özünü Lenin kimi təqdim edən mərhum Adil Zeynalov onu kimlərinsə təqib etdiyini və onu öldürəcəklərini bildirib. Onu evə burxmağımı xahiş etdi. Adil Zeynalovu evə buraxaraq onun başının arxasından axan qanı kəsməklə tibbi yardım göstərdim, onun əl-üzünü yumasına şərait yaratdım. Daha sonra küçəyə çıxaraq orada heç kəsi görmədim”.
Daha sonra təqsirləndirilən şəxs bildirib ki, mərhum Adil Zeynalovla heç bir yemək yeməyib və içki içməyib: “Adilin uzanıb istirahət etməsi və özünə gəlməsi üçün şərait yaratdım. Daha sonra özüm də yatdım. Bir-iki saat sonra səhər açılanda Adil Zeynalovu yuxudan oyatmaq istədim. Onun durmadığını gördüm. Onun nəbzini və nəfəsini yoxlayanda isə bildim ki, artıq Adil Zeynalov ölüb”.
“Qardaşım şəhid olub”
Zaur Həsənov bildirib ki, heç bir cinayət əməli törətmədiyi halda onu əsassız olaraq cinayət məsuliyyətinə cəlb ediblər: “Bundan əlavə birinci instansiya məhkəməsi cəza təyin edərkən şəxsiyyətimi xarakterizə edən halları və digər yüngülləşdirici halları nəzərə almayıb. Mən və mərhum qardaşım Tahir Həsənov Qarabağ uğrunda gedən döyüşlərdə iştrak etmişik. Qardaşım şəhid olub. Özüm isə Qarabağ müharibəsi əliliyəm. Ona görə də işimə baxarkən ədalətli qərar qəbul edilməsini xahiş edirəm”.
Vəkil: “Zaur Həsənov təqsirsiz sayılır”
Zaur Həsənovun vəkili Zərniyar Abdullayeva qeyd edib ki, məhkəmə prosesində dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi Şərqiyə Tağıyeva və digər şahidlər hadisə barədə sonradan eşitdiklərini deyiblər: “Yəni həmin şahidlər yalnız eşitdiklərini məhkəməyə çatdırıblar. Cinayət işinə əlavə edilmiş məhkəmə lifli materiallar ekspertizasının 2 oktyabr 2015-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Adil Zeynalovun və Zaur Həsənovun paltarları üzərində kənar lif mikrohissəcikləri vardır. Adil Zeynalovun paltarları üzərindəki kənar lif mikrohissəcikləri arasında Zaur Həsənova məxsus bir ədəd qara rəngli vilvet şalvarın və hadisə yeridən götürülmüş qırmızı rəngli köynək ilə tünd boz rəngli şalvarın tərkib liflərindən yoxdur”.
Prokuror: “Zaur Həsənovun ifadəsi əsassızdır”
Vəkil qeyd edib ki, təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş ittihamda özünü təqsirli bilməyib: “O, göstərib ki, latın dilində oxuyub-yazmağı bacarmır. İşin ilkin istintaqını aparan müstəntiqə inanıb latınca yazılmış ifadələrə imza edib. Buna görə də Zaur Həsənov təqsirsiz sayılır. Təqsirsizlik prezumpsiyası əsas götürülməklə Zaur Həsənova bəraət verilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Zaur Həsənova cəza təyin edilərkən onun Qarabağ əlili olması nəzərə alınmayıb”.
Dövlət ittihamçısı Qalib Rzayev qeyd edib ki, təqsirləndirilən şəxs Zaur Həsənovun verdiyi ifadə tam əsassızdır. Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini istəyib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərarı elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.