Azərbaycan pilotu Formula 1 trekində
29-05-2016, 15:26
İyunun 17-19-da Bakıda keçiriləcək Formula 1 Avropa Qran-prisinə az müddətin qaldığı bir ərəfədə yarışın rəsmi elçisi Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirib.
teref.az publika.az-a istinadən xəbər verir ki, mayın 29-da 19 yaşlı istedadlı Formula 3 pilotumuz Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində Bakı Şəhər Halqasında yüksək sürətlə 4 dövrə vurub. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında start verilib və yürüş eyni yerdə başa çatıb.
Gənc pilot ən yeni Formula 1 trekindəki sürət nümayişindən sonra jurnalistlərə müsahibəsində Bakı Şəhər Halqasının yavaş və sürətli döngələrin kombinasiyasından ibarət olduğunu və digər şəhər traslarından genişliyi ilə fərqləndiyini vurğulayıb.
“Bolidlərin bütün döngələrdən rahat və qəzasız çıxması üçün yetərincə genişlik var. Qoşa qala qapısı ətrafındakı 8, 9 və 10-cu döngələr mənə daha maraqlı gəldi. İnanıram ki, yarış zamanı orada maraqlı məqamlar olacaq. Çünki trekin bu hissəsi o qədərdə asan deyil. Hazırda tras boş olduğu üçün yürüşüm asan oldu. Ancaq yarış zamanı qarşıda bolidlər olacaq və həmin hissəni keçmək çətin olacaq. Təkcə döngələrə görə deyil, ümumiyyətlə tras digər şəhər treklərindən geri qalmır. Hətta onlardan daha da yaxşıdır. Əminəm ki, bütün Formula 1 pilotları bu yarışı səbirsizliklə gözləyir və ölkəmizdən də xoş təəssüratlarla ayrılacaqlar”, - deyə Gülhüseyn Abdullayev deyib.
Proqrama görə, pilotun üç dövrə vurması nəzərdə tutulmuşdu: “Ancaq trası çox sevdiyim üçün dayana bilmədim, bir dəfə də artıq trek boyu dövrə etdim. Avropa Qran-prisində hansı pilotun qalib gələcəyini öncədən söyləmək çətindir. Bütün pilotlar Bakı Şəhər Halqasında ilk dəfə güclərini sınayacaqlar”.
“Euro Formula”nın Avropada ən nüfuzlu Formula 3 yarışı olduğunu diqqətə çatdıran pilot bu turnirdə İspaniyanın “Kampos” komandasının heyətində çıxış etdiyini vurğulayıb. O bildirib ki, 7 mərhələlik yarışın artıq ikisi başa çatıb. Növbəti yarışımız gələn həftə Fransada təşkil olunacaq. Ümid edirəm ki, həmin yarışdan uğurlu nəticə ilə geri dönəcəyəm.