Tayvanda 15 milyon dollar mükafat müqabilində hərbi helikopteri qaçırmağa cəhd edilib
13-12-2023, 17:04
Çin kəşfiyyatı “CH-47 Chinook” ağır hərbi nəqliyyat helikopterinin qaçırılmasına görə Tayvan Ordu Aviasiyasının pilotuna 15 milyon dollar vəd edib.
Məlumata görə, Adadakı Çin kəşfiyyatçıları Tayvan Ordusunun Aviasiya Korpusundan polkovnik-leytenantı işə cəlb ediblər. Kəşfiyyatçılar tayvanlı əsgəri Çin Xalq Azadlıq Ordusunun Çinin Quandun əyalətindəki regional komandanlığının nümayəndəsi ilə tanış etməyə müvəffəq olublar və kəşfiyyatçıların iştirakı ilə pilotu helikopteri qaçırmağa razı salıblar.
Hərbçiyə, həmçinin ailəsinə Tayvan boğazında müharibə baş verəcəyi təqdirdə evakuasiya zamanı faydalı olacaq uzunmüddətli Tailand vizası vəd edilib. Üstəlik, polkovnik-leytenanta 200 min yeni Tayvan dolları (təxminən 6,4 min dollar) məbləğində aylıq müavinət vəd edilib.
Plana əsasən, pilot helikopteri qaçırmalı və onu Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan gəminin göyərtəsinə endirməli idi. Çin kəşfiyyatçıları polkovnik-leytenanta 2 milyon dollara qədər avans vəd ediblər, həmçinin helikopteri uğurla qaçırmaq üçün Tayvan Hərbi Hava Qüvvələrinin diqqətini yayındırmağa razılaşıblar.
Daha sonra adanın əks-kəşfiyyatı gözlənilən təxribatdan xəbər tutub, polkovnik-leytenantı və onun tərəfdaşlarını saxlayıb.
Mənbə: iz.ru