”Qanun” Nəşrlər Evində oğurluq olub

27-09-2016, 22:25           
”Qanun” Nəşrlər Evində oğurluq olub
Şahbaz Xuduoğlu: ”Bizim kassadan 3 mindən çox pul aparılıb, ”Əli və Nino”dan isə 213 manat 20 qəpik”

“Qanun” Nəşrlər Evi yağmalanıb. Bu barədə məlumatı Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu öz “Facebook” səhifəsində yayıb. Onun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib:

““QANUN”-un əsas qapısı açılıb, mühasibatlığın qıfılı sındırılıb, şkaflar ələk-vələk edilib. Ən üst mərtəbənin banından tavan dağıdılıb, “Əli və Nino”nun seyfi yarılıb. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları da dağıdılıb. Daha bir qapıya lom salınıb. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalayıblar.


İşçilər gəldilər, polisləri çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. Tarixə baxdıq – 27 sentyabr”.

Şahbaz Xuduoğlu xatırladır ki, ötən il sentyabrın 27-də də eyni hadisə baş vermişdi: “O zaman açılmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında qaldı, sıxıldı, əzildi və günlərin bir günü havaya qovuşdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən.

Biz ümidimizi itirməmişik. Yenə, bu dəfə də polisə sığındıq. Amma əgər keçən il eyni vaxtda baş verən o əsrin oğurluğu açılsaydı, bu gün bu hadisə baş verməzdi. Bomba axtarmaq adıyla nəşriyyatımız bağlanmasaydı, vergilər tərəfindən 150 min qondarma cərimə edilməsəydik, gömrükdə kitablarımız həbsə alınmasaydı, bir sözlə, qanun işləsəydi, hüququn aliliyi qorunsaydı, bu gün öyrəncəli oğruların asan gəlir mənbəyinə çevrilməzdik”.

Faktla bağlı Nəsimi rayonu, 20-ci polis bölməsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.