Baş direktorun evindən yarım milyon çıxdı
18-11-2016, 18:03
AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.
Report-un məlumatına görə, o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, "Cartburg NC" şirkətinə verilən qiymətlər şkala çərçivəsində digər mobil operatorlara təklif edilən qiymətlərə uyğun olub.
Onun sözlərinə görə, “Cartburg NC” şirkəti ilə müqavilə bağlanılıb əməkdaşlıq edilməsini birbaşa ona rabitə və yüksək texnologiyalar naziri (RYTN) Əli Abbasov tapşırıb:
"Nazir qiymətlərə, trafikin aylıq həcminə və keyfiyyətinə də daim özü nəzarət edib. Nazir mənə trafik həcminin sürətlə aşağı düşməsinin qarşısının alınmasını, eyni zamanda kibercinayətkarlığın qarşısının alınması üçün MTN-nin böyük dəstəyi və köməkliyinin lazım olduğunu bildirib. Buna görə o, MTN-lə əlaqəli olan “Cartburg NC” şirkəti ilə müqavilə bağlanmasının zəruri olduğunu söyləyib. Bu zaman müqavilə bağlanmasını özündə əks etdirən yazılı göstəriş verilməsini Əli Abbasovdan tələb etdim. Bunun nəticəsində də nazirlikdə iclası keçirildi və iclasın yazılı protokoluna əsasən əməkdaşlıq edilməsinə göstəriş verilib. Həmin şirkətin nümayəndəsi kimi yalnız Ayaz Kərimovu tanıyıram. Ayaz Kərimovu mənə Əli Abbasov təqdim edib, onunla əməkdaşlıq edəcəyimi tapşırdı".
Müvafiq ittiham aktına əsasən, istintaq zərurəti ilə əlaqədar olaraq Cəlil Cəfərovun yaşadığı mənzildə və iş yerində təxirə salmadan axtarış istintaq hərəkəti keçirilib və axtarış zamanı C.Cəfərovun yaşadığı Bakı şəhəri, O.Mustafayev küçəsi 51 ünvanındakı evindən 300.000 ABŞ dolları və 87.000 manat məbləğində pul vəsaiti, həmçinin Bakı şəhəri, Z.Əliyeva 77 ünvanında yerləşən ofisindən isə 30.000 ABŞ dolları məbləğində pul vəsaiti və külli miqdarda qızıl-zinət əşyaları aşkar edilərək götürülüb. Həmin pul vəsaitləri 4 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorluğunun depozit hesabına qoyulub.
Qeyd edək ki, C.Cəfərov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.