BAXCP baş katibi: Bu, Söhrab Abdullayevin növbəti yalanlarından biridir
18-11-2016, 20:08
BAXCP-dən İdarə Heyətinin qərarıyla xaric edilən partiyanın keçmiş İdarə Heyətinin üzvü Söhrab Abdullayev noyabrın 17-də sosial şəbəkədə status paylaşıb. Söhrab Abdullayev paylaşdığı statusda oktaybrın 29-da BAXCP Ali Məclisinin iclasında yetərsay olmadığını, onun partiyadan azad edilməsinə etiraz əlaməti olaraq bir neçə rayon təşkilatından ayrı-ayrı fərdlərin istefa verdiyini bildirib.
Bütün bu məsələlərə münasibət bildirən BAXCP-nin baş katibi Yaşar Kələntərli partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada xüsusi olaraq vurğuladı ki, Söhrab Abdullayevin sosial şəbəkədə yaydığı informasiyaların heç biri həqiqəti əks etdirmir:”Mətbuatdan da məlum olduğu kimi noyabrın 16-da BAXCP İdarə Heyətinin növbədənkənar iclası keçirildi. İdarə Hüyətinin iclasında son dövrlər Söhrab Abdullayevin ölkə daxilində bəzi destruktiv qüvvələrlə gizli iş birliyənə girərək partiya daxilində poziculuq fəaliyyəti apardığı müzakirə olundu. Sonda bununla bağlı BAXCP İdarə Heyəti qərar verdi və Söhrab Abdullayev partiyanın sıralarından xaric edildi. Qeyd edim ki, həmin İdarə Heyətinin icalasında Söhrab Abdullayev iştirak etmirdi”.
Oktyabrın 29-da BAXCP Ali Məclisinin sesiyası keçirilərkən guya yetərsayın olmadığına gəldikdə isə, BAXCP baş katibi bildirdi ki, Söhrab Abdullayevin özü də Ali Məclisin həmin sessiyasında iştirak etdi:”Eyni zamanda, iclasda yetərsayın olmamasıyla bağlı hər hansı fikir söyləmədi. Hətta Ali Məclis sədrinin seçkisində və baş katibin BAXCP sədrinin təqdimatı əsasında Ali Məclis tərəfindən təsdiq edilməsində də səsvermədə iştirak etdi və səs verdi.
Ali Məclisdən sonrakı dövrdə keçirilən ilk İdarə Heyətinin toplantısında Söhrab Abdullayev yenə də İdarə Heyətinin üzvü kimi iştirak edirdi. Hətta İdarə Heyətinin iclasında da Ali Məclisin sessiyasında yetərsayın olmamasıyla bağlı heç bir fikir söyləmədi. Həmin İdarə Heyətinin toplantısında BAXCP Sumqayıt şəhər təşkilatının seçkili orqanlarının strukturlarının fəaliyyətinin dayandırılmasıyla bağlı müzakirədə iştirak etdi və qərarın qəbul olunmasına səs verdi”.
“BAXCP-nin bir neçə rayon təşkilatlarından ayrı-ayrı fərdlərin istefasıyla bağlı verdiyi informasiyalar da Söhrab Abdullayevin növbəti saxtakarlıqlarından, yalanlarından biridir”-deyən Yaşar Kələntərli qeyd etdi:”Həmin rayon təşkilatlarında adları hallanan şəxslərlə söhbət zamanı bildirdilər ki, Söhrab Abdullayevin onların adından danışmaq səlahiyyəti yoxdur və onlar heç bir bəyanata imza atmayıblar. Onlar BAXCP pəhbərliyinə əminliklə dedilər ki, bundan sonra da BAXCP sıralarında öz fəaliyyətlərini davam etdirəcəklər”.
BAXCP-nin baş katibi sonda bildirdi:”Söhrab Abdullayevin bəzi yerli təşkilatlarda ayrı-ayrı fərdlərı aldadaraq bu yola çağırışını növbəti saxtakarlıq kimi dəyərləndiririk və bəyan edirik ki, onun kimiləri BAXCP-nin fəaliyyətinə bu cür çirkin əngəllərlə kölgə sala bilməzlər. BAXCP təməli möhkəm qoyulan bir təşkilatdır.
Təşkilat bəlli, hədəf bəlli, lider bəlli! Bu yolu gedənlərə eşq olsun!”