Ziya Məmmədov oğluna görə narahatdır, nazir Trampla bağlı təkzib verdi: "Əmim oğlu deyil, dayım oğlu deyil..."
24-11-2016, 08:56
Anar Məmmədov Trampın andiçmə mərasiminə dəvət alıb?
Nazir: «Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil»
“Amerika-Azərbaycan” Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub.
Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq. Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən “Tramp” adlı böyük bir plaza da inşa etdirib.
Ziya Məmmədov müsavat.com-a açıqlamasında xəbərə belə reaksiya verib:
"Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil.
Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin”.
Elxan Şahinoğlu: «Bu dəvət Məməmdovların əleyhinə işləyə bilər»
«Əslində “Anar Məmmədov Donald Trampn andiçmə mərasiminə dəvət olunub” xəbərləri Anar Məmmədovun lehinə deyil, əleyhinə işləyir». Bu fikrləri isə politoloq Elxan Şahinoğlu sosial şəbəkədə paylaşıb. O qeyd edib ki, hakimiyyət daxilində və cəmiyyətdə Ziya Məmmədov və onun oğluna birmənalı münasibət yoxdur. «Anar Məmmədov haqqında mediada yazılanların mütləq əksəriyyəti neqativ yüklüdür. Prezidentin müxtəlif fərmanları ilə Ziya Məmmədovun bir çox funksiyası əlindən alınıb. Elə Anar Məmmədovun da Azərbaycanda bisnesi xeyli daralıb.
Doğrudur, Anar Məmmədov Trampın ailəsi ilə ortaq biznes qurmaqla, Bakıda “Tramp Tower” binasını inşa etməklə, o cümlədən İvanka Trampı vaxtında Bakıya dəvət etmək onluğa vurdu, ailənin başı superdövlətin prezidenti oldu. Ancaq Amerika prezidenti və onun ailəsi ilə dostluq pesrpektivli olduğu qədər təhlükələr də vəd edir. Azərbaycan hakimiyyətində bu qədər tanınmış isim varkən, Anar Məmmədovun Vaşinqtona andiçmə mərasiminə dəvət olunması açıq qıcıq yaradacaq. Donald Trampın gələcək xarici siyasəti də bəlli deyil. Bəlkə elə olacaq ki, Barak Obamanın prezidentliyi dövründə olduğu kimi rəsmi Bakı Tramp administrasiyasından da narazı qalacaq. Bax onda Trampla yaxınlıq uğur yox, uğursuzluq gətirəcək. “Mən Trampın andiçmə mərasimində iştirak etdim” arqumenti də işə yaramayacaq»-deyə E.Şahinoğlu vurğulayıb.