Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər

Bu gün, 10:49           
Qafqazda “son döyüş” başlayır –
Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb. Rusiya mediasının iddialarına görə, Brüssel “dezinformasiyaya qarşı mübarizə” adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır. Bildirilir ki, Aİ-nin hədəfi seçkilərdə Baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır.

Seçkilərə hələ 8 ay qalmış Brüsselin fəaliyyəti nədən xəbər verir? Paralel olaraq Rusiya mənbələri bunu Qərbin regionda siyasi təsirini genişləndirmək və Paşinyanı hakimiyyətdə saxlamaq planı kimi qiymətləndirirlər. Bu, Moskvanın Cənubi Qafqazdakı maraqlarına qarşı yeni təzyiq mexanizmi hesab olunur.

Globalinfo.az-a danışan politoloq Xəqani Cəfərli deyib ki, Ermənistanda keçiriləcək parlament seçkiləri Moskva üçün Cənubi Qafqaz uğrunda mübarizənin son raundu ola bilər:

“Paşinyan və ya Avroatlantik strukturlara inteqrasiya tərəfdarları qalib gələrsə, bu, Rusiyanın Cənubi Qafqazdakı məğlubiyyət seriyasının sonu ola bilər. Buna görə Moskva bütün gücü ilə bu məğlubiyyətdən yayınmağa çalışacaq. Ancaq elə bir vəziyyət yaranıb ki, Rusiyanın təsir imkanları ən aşağı səviyyədədir. Birbaşa sərhədləri olmadığı üçün Kreml Ermənistana qarşı gücdən istifadə edə bilmir.

İqtisadi təsir imkanları məhduddur. Yeganə təsir vasitəsi Rusiyada yaşayan ermənilərdir. Lakin bu resurs da Moskvanın arzuladığı nəticəni əldə etməsinə imkan vermir. Hesab edirəm ki, Rusiya postsovet məkanındakı məğlubiyyəti ilə barışsa, daha yaxşı olar. Çünki məğlubiyyətin əvəzini çıxmaq üçün edilən hər cəhd Kremlin əleyhinə işləyərək onun məğlubiyyətini daha da dərinləşdirir”.

Politoloq qeyd edib ki, bu addım Aİ-nin Ermənistanda keçiriləcək seçkilərə xüsusi əhəmiyyət verdiyini göstərir:

“Brüsselin erkən hazırlığı isə bölgədə Rusiyanın təsirini zəiflətmək və Paşinyanın mövqeyini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru