352 dövlət müəssisəsi özəlləşdirilməyə çıxarılıb
24-11-2016, 12:25
Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və bu prosesə yeni investorların cəlb edilməsi sahəsində mühüm addım atılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) “APA-Economics”ə verilən məlumata görə, ölkədə investisiya yatırımı baxımından cəlbedici dövlət müəssisələri özəlləşdirilməyə çıxarılıb. Azərbaycan prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli fərmanına əsasən, Nazirlər Kabineti özəlləşdirilməyə açılan qeyri-profil dövlət müəssisəsi və obyektinin siyahısını təsdiqləyib. Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir.
Bu əmlaklarla yanaşı, dövlət başçısının adıçəkilən fərmanının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş siyahıya daxil olmayan və fərmanın 4.2-ci bəndinə əsasən 215 dövlət müəssisə və obyekti də özəlləşdirilməyə açıq elan olunub. Ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Bu müəssisələrin siyahısı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet resursu və privatization.az özəlləşdirmə portalında yerləşdirilib.
ƏMDK-yə bu dövlət müəssisəsi və obyektlərinin özəlləşdirilməsi üçün tədbirlərin görülməsi barədə tapşırıq verilib. Artıq komitə tərəfindən bu tapşırıqların icrası ilə bağlı ilkin tədbirlər görülməkdədir. Komitə belə müəssisələrin restrukturizasiyası, inventarlaşdırılması, qiymətləndirilməsi və özəlləşməyə hazırlanması üzrə işlərə başlayıb. Müasir yanaşmalara əsasən, yeni üsulların tətbiqi ilə özəlləşdirmə prosesinin reallaşdırılması məqsədilə dünya təcrübəsi öyrənilir, bu sahədə qabaqcıl şirkətlərinin təcrübə və tövsiyələri nəzərə alınır.
Özəlləşməyə yeni açılan müəssisələrə müxtəlif dövlət qurumları və təşkilatlarının balansında olan istirahət zonaları, xəstəxanalar, ambulatoriyalar, poliklinikalar, zavodlar, qeyri-yaşayış sahələri, müxtəlif təyinatlı bina və obyektlər aiddir.
Qeyd edək ki, özəlləşdirilməyə açılan yeni qeyri-profil müəssisə və obyektlər sırasında Mərkəzi Dənizçilər Xəstəxanası, Bakı Dəmir Yolu Xəstəxanası, Bakı Vaqon Təmiri Zavodu, Sumqayıt Sənaye Kombinatı, “Sərhədçi” İdman İstirahət Mərkəzi, Texniki Universitetin İdman Sarayı, Bakının Səbail və Nəsimi rayonlarında yeraltı dayanacaq kompleksləri, Mərdəkanda “Dalğa”, Xaçmazda “Nabran” istirahət mərkəzləri, İmişlidə Bəhrəmtəpə Dəmir Beton Zavodu, Balakəndə “Qubek Otel”, Qusarda “Şahdağ” istirahət zonaları kimi investorlar üçün cəlbecidi dövlət əmlakları var.
Belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. Başlıca məqsəd dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması əslində belə sahələrə yeni böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək.
Yeni müəssisələrin özəlləşdirilməsi bu əmlakların tabe olduğu iri dövlət müəssisələrinin (orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq müəssisələr) restrukturizasiyası baxımından da əhəmiyyətli olacaq. Bu isə dövlət büdcəsindən xərclərin azaldılması ilə yanaşı, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması deməkdir.