Vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan Respublikasının hökumət üzvlərinə və Milli Məclisin deputatlarına MÜRACİƏTİ

24-11-2016, 21:22           
Vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan Respublikasının hökumət üzvlərinə və Milli Məclisin deputatlarına  MÜRACİƏTİ
Azərbaycanın “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyasına qoşulması ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycan Respublikasının hökumət üzvlərinə və Milli Məclisin deputatlarına
MÜRACİƏTİ

Azərbaycan cəmiyyətində qadına verilə dəyər həmişə yüksək olub. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Son illərdə Azərbaycan dövlətinin qadınlara qarşı gender əsaslı zorakılıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlərə baxmayaraq, hələ də qadınlara qarşı zorakılıq halları mövcuddur. Təssüflə qeyd etmək istərdik ki, son zamanlar ailələrdə qadına qarşı yönəlmiş zorakılıq halları daha qəddər formalarda baş verir. Daha bir zorakılıq hadisəsi 31 oktyabr 2016-cı il tarixdə Qəbələ rayonunda baş vermiş, 25 yaşlı, hamilə və 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızı əri tərəfindən qəddarlıqla qətlə yetirilmişdir. Çox təssüf ki, belə hadisələrin sayı bir-iki deyil və bu məsələlərdə ictimaiyyətin narazılığı qanunvericilik və icra sahəsində köklü dəyişikliklərin aparılmasını zəruri edir.
Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması sahəsində Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklər və onların icrası, bu istiqamətdə sistemli tədbirlərin görülməsi müxtəlif beynəlxalq sənədlərdə xüsusilə qeyd edilir. Belə ki, BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Komitəsinin Azərbaycanın 5-ci Hesabatı ilə bağlı Yekun Tövsiyələrində Azərbaycan hökumətinə təxirəsalmadan məişət zorakılığı ilə mübarizədə Milli Fəaliyyət Planı qəbul etməsinə və Avropa Şurasının “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Konvensiyasına (qısalmış adı: İstanbul Konvensiyası) qoşulmasına dair çağırış etmişdir.
İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə aparmaq və onu aradan qaldırmaq üçün üzv dövlətlərə ən yaxşı beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli qanunvericilik bazası, siyasət və tədbirlər təklif edir. Eyni zamanda Konvensiya qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı kimi məsələləri səmərəli şəkildə həll etmək üçün işə cəlb olunmuş bütün müvafiq dövlət qurumları, xidmət qruplarını və qeyri-hökumət təşkilatlarını əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməyə çağırır. Bundan əlavə, Konvensiya müstəqil monitorinq mexanizmi yaradır və onun milli səviyyədə icrası ilə bağlı aparılan monitorinqdə parlament üzvlərinə xüsusi yer ayırr.
Biz, Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri yuxarıda qeyd olunanları nəzərə alaraq və 25 noyabr – 10 dekabr - Gender-Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq Kampaniyasına dəstək olaraq ölkəmizdə mövcud məişət zorakılığı problemi ilə mübarizədə aparılan sistemli tədbirlərin gücləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının hökumət üzvlərinə və Milli Məclisin deputatlarına müraciət edir və Azərbaycanın ən qısa zamanda İstanbul Konvensiyasına qoşulmaq üçün müvafiq tədbirlərin görülməsinə çağırırıq.

Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin imzaları:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.