"Bəlkə onlardan da rüşvət istənilir?" - Samir Şərifova açıq məktub

12-12-2016, 18:07           
"Bəlkə onlardan da rüşvət istənilir?" - Samir Şərifova açıq məktub
ALDP sədri Fuad Əliyev maliyyə naziri Samir Şərifova açıq məktub yazıb. Musavat.com-a verilən məlumata görə, partiya sədrinin məktubu aşağıdakı kimidir:

"Bu il aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin ermənilərə sarsıdıcı zərbəsindən sonra, əhali arasında həm Qarabağın azad olunmasına, həm də ordumuzun gücünə inamı artdı! Azərbaycan əsgəri və zabiti sübut etdi ki, hər an Qarabağı erməni işğalçılardan azad etməyə qadirdir! Qələbə ruhu bizdə olub və güclənib! Necə ki, ordumuzda çalışanların bir nömrəli vəzifə borcu Vətəni qorumağdı, Dövlət, cəmiyyət də onlara qayğı göstərməyə borcludur. Və bu baxımdan ölkə başçısının imzaladığı fərmanın bu il dekabr ayında 5 ili tama olacaq. Söhbət 28 dekabr 2011-ci tarixli fərmandan gedir. Fərmanı sizin yadınıza salmaq istəyirəm. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın: Komissiyanın sədri: Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri 3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etsin.” Burada sual doğurur. Bu 5 il ərzində deyə bilərsiz, neçə hərbçiyə fərmana əsasən kömək olunub? Sizcə niyə şıkayətlər var? Yüzlərlə, bəlkə də minlərlə hərbçimiz bu fərmandan kənarda qalıb. Bizim Qarabağ kimi problemimiz mövcüddur. Yuxarıda qeyd etdiyim kimi bu problemi bizim FƏXR etdiyimiz hərbçilər həll edəcək. Onda niyə ölkə başçısının fərmanı ola-ola, layiq olan həbçilərimiz dövlət qayğısından kənardadrllar və məcbur olub şikayətlidirlər. Bəlkə onlardan da rüşvət istənilir? Sizin borcunuz və vəzifəniz ölkə başçısının fərmanını yerinə yetirməkdir. Vətəni qoruyan əsgərimizə, dövlət başçısının fərmanına laqeydlik nə deməkdir? Sizdən bir partiya sədri, bir vətəndaş kimi tələb edirəm ki, prezidentin məlum fərmanında göstərilən müddəaları həyata keçirəsiniz. Bu sizin bir nazir, bir vətəndaş kimi borcunuzdur, cənab Şərifov".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.