İş otağından oğurluq edilən prorektor məhkəmədə ifadə verib, prosesdə mübahisə yaranıb

13-12-2016, 16:31           
İş otağından oğurluq edilən prorektor məhkəmədə ifadə verib, prosesdə mübahisə yaranıb
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Ramin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs - Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyev ifadə verib. O, bu işdə təqsirləndirilən V. Vəliyevi ittiham edib. O bildirib ki, iş otağındakı seyfdə 219 min 900 ABŞ dolları oğurlanıb: "Bundan başqa, orda 94 min manat pul vardı. Bu pulu yalnız Vüqar Vəliyev görüb. Onlar bir neçə nəfər olublar, üzlərində maska olub. Universitetdəki çəkiliş kameralarını sıradan çıxarıblar".

M. Vəliyev deyib ki, seyfdə olan pullar tələbələrin təhsil haqqı olmayıb.

Təqsirləndirilən Sübhan Mahmudov isə bildirib ki, onlar otaqdan başqa seyfi oğurlamalıydılar.

Məhkəmədə təqsirləndirilən şəxslər arasında mübahisə düşüb. Belə ki, təqsirləndirilən Vüqar Vəliyev keçmiş qayını, təqsirləndirilən Sübhan Mahmudovun ittihamlarını qəbul etməyib və aralarındakı görüşün ailədaxili məsələlərlə bağlı olduğunu deyib. S. Mahmudov isə buna etiraz edib və mahiyyəti üzrə ifadə verməsini istəyib.

S. Mahmudovun tanışları olan digər təqsirləndirilən şəxslər də Vüqar Vəliyevi ittiham ediblər.

Hakim onların prosesi pozacaqları təqdirdə zaldan çıxarılacağını deyib. Bundan sonra tərəflər sakitləşib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin iş otağından oğurluq etməkdə, ona ümumilikdə 429 min 172 manat dəyərində ziyan vurmaqda ittiham olunurlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.