Azərbaycanda “BMW”ni “Jiquli” mühərriki ilə satdılar – VİDEO
26-04-2017, 09:23
“BMW” markalı avtomobilə “Jiquli”nin mühərriki qoyularaq bir vətəndaşa satılıb. Mühərrik qanunsuz qoyulduğuna görə avtomobilin sürücüsü maşını idarə edə bilmir.
“Bizimxeber” Xezerxeber-ə istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə qəsəsində baş verib. Qəsəbə sakini Vüsal Rufullayevin bir müddət əvvəl həmyerlisindən aldığı avtomobil ona problemlər yaradıb.
Maşını aldığı Elvin adlı şəxs sənədləşməni üç gündən sonra edəcəyinə dair söz versə də, bir müddət keçdikdən sonra sənədləşmə işlərini aparmaqdan imtina edib. Məlum olub ki, maşının üzərinə quraşdırılmış mühərrik qanunsuzdur.
Sonradan o da məlum olub ki, “BMW”nin sürət qutusu, eləcə də digər detalları “Jiquli” markalı avtomobilin ehtiyyat hissələri ilə əvəz olunub.
Vüsal Rufullayev məsələ ilə bağlı Göytəpə polis bölməsinə müraciət edib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, əgər avtomobilin mühərrikinin qanunsuz olaraq dəyişdirilməsi aşkar edilsə, cərimə meydançasına aparılacaq. Əgər yeni sahibinin maşınla bağlı sərəncam vermək hüququ varsa polis idarəsinə müraciət etsin. Beləliklə, əvəz edilmiş mühərrikin texniki göstəriciləri yoxlanıldıqdan sonra maşının idarə edilməsinə icazə verilə bilər. Əks halda, bu mümkün deyil. Vətəndaş aldadıldığını iddia edirsə, mülki qaydada məhkəməyə müraciət etməlidir.