Bakıda zibil çəninin ardından Göyçayda avtobus partladı
14-07-2017, 09:47
İlham İsmayıl: “Bütün baş verənlər bizi bir qədər də diqqətli olmağa çağırır...”
Bakının Nəsimi rayonunda zibil çənində güclü partlayışın ardından Göyçay rayonunda sərnişin avtobusunda yanğınla müşayiət olunan partlayış baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə iyulun 12-də 23:30 radələrində Göyçay şəhərindəki “Göyçay-Avtonəqliyyat” ASC-nin həyətində baş verib.
Rayon sakini, 1963-cü il təvəllüdlü Bəhram Ağatalıb oğlu Səfərəliyevə məxsus Az 23 BJ 593 dövlət nömrə nişanlı, “Mercedes” markalı 50 yerlik sərnişin avtobusunun mühərrik yeri və salonu tamamilə yanaraq yararsız hala düşüb. Şəxsi avtobusu ilə Göyçay-Bakı marşrutu üzrə sifarişlər əsasında sərnişin daşıyan Bəhram Səfərəliyev bildirib ki, onun nəqliyyat vasitəsini qəsdən yandırıblar.
Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Şəhərin mərkəzində baş verən yanğın söndürülüb və ətrafdakı avtobuslar, inzibati bina, ticarət mərkəzi və evlər yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.
Bakıda və Göyçayda baş verən partlayışlar arasında hər hansı bir əlaqə ola bilərmi? 2 gün fərqlə zibil çənində və avtobusda partlayışın baş verməsi təsadüf hesab edilməlidir, yoxsa partlayışlar xəbərdarlıq siqnalı kimi qəbul olunmalıdır?
Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl hesab edir ki, zibil çənində və avtobusda baş verən partlayışları terror xəbərdarlığı kimi qəbul etmək düzgün deyil: “Mümkündür ki, zibil çəninə idarələrdə, iş yerlərində istifadə olunan qaz balonunu atıblar. Terror etmək istəyənlər daha ciddi addımlar atarlar. Vaxtilə Biləsuvar rayonunda eyni gündə neft bazasında və yolda hərəkətdə olan həmin bazanın neft məhsulu daşıyan nəqliyyat vasitəsində partlayış olmuşdu. Hamı elə bilirdi ki, bu hadisələr terrordur. O vaxt bildirmişdim ki, bu hadisələr təsadüfdür. İndiki məsələlər də çox xırda məsələlərdir və terror deyil. Terror etmək istəyən sonucu çox təhlükəli olan addımlar atar. Hesab etmirəm ki, ard-arda baş verən partlayışlar xəbərdaredici partlayışlar olub. Kimi xəbərdar etmək istəyiblər? Hədəf kim olub? Dövləti xəbərdar etmək istəyibilər ki, bir qədər ayıq-sayıq olun? Hesab edirəm ki, hər iki partlayış təsadüfüdür. Amma bütün baş verənlər bizi bir qədər də diqqətli olmağa çağırır”.
İ.İsmayıl deyir ki, Yaxın Şərqdə İŞİD-in sıxışdırılması ümumilikdə regionumuz üçün böyük təhlükə yaradır: “İŞİD ard-arda məğlub olmaqdadır. Mosuldan çıxdı, Raqqa yarımühasirə vəziyyətindədir. Sabah Suriyadan çıxmaq məcburiyyətində qalan İŞİD-çilər Şimali Qafqaza üz tutacaqlar. Şimali Qafqaza qayıdanlar arasında azərbaycanlıların olacağı da birmənalıdır. Onlar da gizli yollarla vətənə dönəcəklər. Biz buna hazır olmalıyıq. Çünki döyüşlərdən keçmiş, təlim görmüş yaraqlılar hansısa zibil qabından, rayon avtobusundan istifadə etməyəcək. Buna daha ciddi hazırlaşmaq, daha ciddi önəm vermək lazımdır. Çünki İŞİD-çilərin ölkəyə dönmə ərəfəsindəyik”.
İ.İsmayıl deyir ki, 2 gün fərqlə baş verən partlayışlar istənilən halda əməliyyat yolu ilə araşdırılır: “Hərtərəfli yoxlamalar aparılır. Bəzən məsələlərə təbii baxmaq lazımdır. Aydındır ki, bütün dünyanı terror bürüyəndə balaca bir şar da partlayanda elə təsəvvür yaranır ki, kimsə partlayış törətdi. Bakıda qara çadrada qadınları görəndə belə ehtiyat edib kənara çəkilənlər var ki, bəlkə canlı bombadır, haranısa partladacaq. Belə şəxsləri də qınamıram. Amma bəzi hallarda məsələlərə təbii yanaşmaq və ayıq-sayıq olmaq vacibdir”.
İ.İsmayıl deyir ki, Azərbaycanın xüsusi xidmət orqanları ölkəyə qayıdacaq İŞİD terrorçularını qarşılamağa hazırdırlar: “Bunu xüsusi xidmət orqanlarının bir-birinin ardınca keçirmiş olduqları əməliyyat tədbirləri də təsdiq edir ki, baş verə biləcək təhlükələrə hazırdırlar. Amma dünyanın heç bir ölkəsi terrordan sığortalanmayıb. Dünyanın heç bir ölkəsi, ümumiyyətlə, bütün təhlükələrin qarşısını almaq iqtidarında deyil. Bu gün Rusiyada çox ciddi şəkildə İŞİD-çilərin geriyə dönmə ehtimalı müzakirə olunur. İŞİD-in tərkibində Şimali Qafqazdan olanların xüsusi çəkisi var. Rus mətbuatında hətta həmin geri dönən İŞİD-çilərdən Rusiyaya qarşı istifadə oluna biləcəyi ehtimalı da yer alıb. Ona görə də Azərbaycan hədəf göstərilməsə də, qonşuluğumuza qayıdacaq İŞİD-çilər ölkəmiz üçün də təhlükə mənbəyidir. Bu mənada baş verə biləcək təhlükələrə hazırlıqlı olmaq vacibdir”.