SOCAR-ın binasında ölən gəncin faciədən öncəki "selfie"si - FOTO
16-10-2017, 20:56
Xəbər verdiyimiz kimi, bu gün SOCAR-ın binasında bədbəxt hadisə baş verib. Şirkətin Nərimanov rayonunda yerləşən inzibati binasının liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu şaxtaya yıxılaraq ölüb.
Yenicag.az hadisənin təfərrüatlarını öyrənib. Orxanın iş yoldaşının dediyinə görə, hadisə səhər saatlarında baş verib:
“Orxan gecə növbədə idi, liftin şaxtasında təmir işləri gedirdi. Səhər işimizi bitirdik. Orxanın kefi yaxşı idi. Hələ liftdə selfi də çəkdi. Qapıdan çıxanda dayandı, dedi ki, bir dəqiqə yuxarı qalxım, qayıdıram. Dedi, 33-cü mərtəbədə şaxtada bir yer var, onu yoxlamalıyam. Bədbəxt bir ayağını divara, bir ayağını da liftin kabinəsinin küncünə qoyub, divardakı məftilləri yoxlayırmış… Ayağı sürüşüb, 33-cü mərtəbədən şaxtaya yıxılıb. Parça-parça idi. Fövqəladə gəlməsəydi, cəsədi çıxarda bilmirdik. Hamı şokdadır. Yazığın nə yaşı vardı ki? Ailənin də tək oğlu idi. Heyf”.
Qeyd edək ki, Orxan Əhmədov paytaxtın müxtəlif tikililərində liftlərin texniki təminatı ilə məşğul olan “Verti” MMC şirkətinin əməkdaşı olub. Şirkət “SOCAR Tower” binasında da liftləri quraşdıran və onların müvafiq texniki təminat işlərini həyata keçirən subpodratçı şirkətdir.