Çempionlar Liqası: Daha 4 komanda pley-offa vəsiqəni təmin edə bilər

23-11-2021, 09:02           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Matçlar Bakı vaxtı ilə saat 21:45-də və saat 00:00-da başlayacaq.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniya "Bavariya"sı Ukraynada Kiyev "Dinamo"sunun qonağı olacaq. "Barselona" isə İspaniyada Portuqaliyanın "Benfika" klubunu qəbul edəcək. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaq.

F qrupunda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşacaq. Qrupun digər matçında İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək. Qonaqlar bu qarşılaşmada xal itirərsə, "Vilyarreal" - "Mançester Yunayted" görüşünün qalibi sona 1 tur qalmış adını növbəti raunda yazdıracaq.

G qrupunun lideri Avstriya "Zaltsburq"u Fransada "Lill" komandası ilə üz-üzə gələcək. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcək. İspaniya "Sevilya"sı isə evdə Almaniya "Volfsburq"u ilə münasibətlərinə aydınlıq gətirəcək. La Liqa təmsilçisi qrupdan çıxma şanslarını saxlamaq üçün uduzmamalıdır.

H qrupunda İtaliya "Yuventus"undan sonra İngiltərənin "Çelsi" komandası da pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalıdır. Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə qarşılaşacaq. Sankt-Peterburq klubu qələbə qazanacağı halda, meydan sahiblərinin qrupda qalması rəsmiləşəcək. Qonaqlar isə ən pis halda Avropa Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.

F qrupu

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Mançester Yunayted" - 7, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.

G qrupu

00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya)

00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya)

Xal durumu: "Zaltsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.

H qrupu

00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya)

00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)

Xal durumu: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.

Qeyd edək ki, hələlik "Bavariya" və "Yuventus"la yanaşı, İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klublarının da pley-offa adlaması dəqiqləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru