“Mən belə final görməmişdim” – Luis Enrike
12-08-2015, 12:38
"Rəqib oyuna sürətli başladı, ancaq biz qısa müddətdə toparlandıq. Buraxdığımız qoldan sonra hesabı bərabərləşdirə bildik və hesabı 4:1-ə qədər gətirdik. Amma onlar həvəsdən düşmədi. Səhvlərimiz ucbatından "Sevilya" hesabı bərabərləşdirdi. Bu, bizim üçün çox pis oldu. Yaxşı ki, əlavə vaxtda vacib qolu vurduq".
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike UEFA superkubokunda "Sevilya"ya 5:4 hesabı qalib gəldikləri matçdan sonra deyib.
O, qarşılaşmanın çətin keçdiyini bildirib: "Güclü rəqibə qarşı oynadıq. Düzü, oyunun belə keçəcəyini gözləmirdik. Bu matç hər çempionluğun nə qədər çətin qazanıldığını bir daha göstərdi. Qalib gələrək azarkeşlərimizi məmnun etdiyimiz üçün xoşbəxtəm".
L.Enrike komandada bəzi çatışmazlıqların olduğunu bildirib: "Bu problemləri qısa müddətdə oyunçularla birgə həll edəcəyik. Mövsüm öncəsi yaxşı səviyyədə olduğumuzu düşünürəm".
L.Enrike deyib ki, o, məşqçilik karyerasında daha bundan da gərgin oyunların iştirakçısı olub: “Amma bunlar həlledici qarşılaşmalarda olmamışdı. Mən hələ belə final görməmişdim”.