Azərbaycan idmançıları İspaniyada keçirilən nüfuzlu karate turnirini mükafatsız başa vurublar

14-02-2018, 08:55           
Azərbaycan idmançıları İspaniyada keçirilən nüfuzlu karate turnirini mükafatsız başa vurublar
İspaniyanın Qvadalaxara şəhərində 82 ölkədən 1354 idmançının mübarizə apardığı nüfuzlu Karate1 A seriyası turnirinə qatılan idmançılarımız yarışı mükafatsız başa vurublar.

“Report” xəbər verir ki, karateçilərdən yalnız Rafiz Həsənovla (-67 kq), Pənah Abdullayev (-84 kq) bürünc medallar qazanmaq imkanı əldə etsələr də, təsəlliverici görüşlər uğursuz nəticələnib.

Buna baxmayaraq mərhələ keçən karateçilərimiz dünya reytinq cədvəlində xallarını artırmağa nail olublar.

Milli komandanın əsas və əvəzedici heyəti 16-18 fevral tarixlərində Dubayda mötəbər Karate1 Premyer Liqa turnirində iştirak etmək üçün BƏƏ-yə yola düşüb. Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, baş məşqçi Şahin Xudaverdiyev (kumite), baş məşçqi Vahid Ayvazov (kata), böyük məşqçi Qurban Tağıyev, beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, o cümlədən 20 idmançı var.

Milli komandanın əsas və əvəzedici üzvlərindən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi -60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə və Rafiz Həsənov (üçü də -67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (üçü də -84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (üçü də +84kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və Fəridə Əliyeva (+67 kq) mübarzə aparacaq.

Roman Heydərov fərdi kata üzrə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev isə ilk dəfə olaraq Karate1 Premyer Liqa turnirinin komanda kata yarışında çıxış edəcək. 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.