Gəncədə ara qarışdı: İnzibatçı direktorla əlbəyaxa oldu
3-04-2018, 00:03
“Kəpəz”də yenə aləm qarışıb. Hər gün bir xəbər aldığımız klubda növbəti başıpozuqluğun sorağı gəlib.
Tendensiya.com futbolinfo.az-a istinadən xəbər verir ki, bir müddət öncə futbolçular məşqdə dalaşmışdısa, indi davanın miqyası böyüyüb. Belə ki, “Zirə” ilə dünənki matçdan bir gün öncə stadion direktoru Cabir İbrahimovla komandanın inzibatçısı Cavid Əhmədov əlbəyaxa olublar.
Komanda məşqdən çıxdıqdan sonra bazanın qarşısında dayanan avtobusu təmizləyən xadimələrdən biri kluba heç bir bağlılığı qalmayan sabiq icraçı direktor İbrahimova şikayətə gedib. O, Əhmədovun onları söydüyünü bildirib. Halbuki Cavid bəy and-aman edir ki, belə bir hadisə olmayıb və digər xadimələr də şikayətçi deyil.
İbrahimov bu xəbəri eşidən kimi icraçı direktor Elnur Camalxanov və baş məşqçi Yunis Hüseynovu da hadisə yerinə toplayıb, məsələnin araşdırılmasını istəyib. Hadisənin böyüməsində maraqlı olmaqla xələfi Camalxanovu gözdən salmağa cəhd edən stadion direktoru Əhmədovu vurmağa cəhd edib, onlar əlbəyaxa olublar. Olaya komandada məşqçi işləyən Elmar Əhmədov – inzibatçının oğlu da qarışınca qalmaqalın miqyası böyüyüb.
Bazada olan digər şəxslərin səyi ilə hadisələrin daha pis fəsadlara səbəb olmasının qarşısı alınıb. Amma bu, faktı aradan qaldırmır: “Kəpəz” yenə də qan çanağı, maraqların mübarizə məkanıdı. Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev “Kəpəz”i yiyəsiz qoyub, onun müavini İslam Abbasov AFFA-dan gedən pula nəzarət etməklə məşğuldu və Bakıda yatır. Belədə Gəncə təmsilçisində qolu güclü olanlar ağalıq edir. Biri söyüş söyür, digəri əzələ göstərir.