Bankdan professora cavab: - Avrolarınız bizdə deyil
30-08-2019, 17:19

Bank Respublika beynəlxalq münasibətlər üzrə professor Fərhad Mehdiyevin hesabından 12 avro 40 sent komissiya haqqı tutulması barədə şikayətinə münasibət bildirib.
Bankdan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, komissiya haqqı vəsaitin ilk göndərildiyi bankla onların arasında olan vasitəçi banklar tərəfindən tutula bilər:
“Bank Respublika tərəfindən tətbiq olunan hesablar üzrə tariflərə əsasən, (Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən, 10% həcmində tətbiq olunan totalizator, mərc oyunları üzərindən əldə edilmiş gəlirlər və s. kimi uduş xarakterli gəlirlər istisna olmaqla) hesaba daxil olan vəsaitlərə komissiya haqqı tətbiq olunmur.
Vəsaitin nağdlaşması zamanı isə valyuta hesabları üzrə yalnız 0.8% həcmində komissiya haqqı tətbiq olunacaq.
Beynəlxalq banklararası pulköçürmə əməliyyatları üzrə vəsaitin göndərilməsi zamanı vəsaitin ilk göndərildiyi bankla Bank Respublika arasında vasitəçi banklar mövcuddur və müştərinin vəsaitindən vasitəçi banklar tərəfindən komissiya haqqı tutula bilər, lakin bu komissiya haqlarının məbləği və əsası Bank Respublika tərəfindən təyin edilmir”.
Bank açıqlamasında qeyd edib ki, bank sirrinin qorunma qaydalarına müvafiq olaraq, hər hansı müştəriyə məxsus bank hesabları barəsində ətraflı məlumatların təqdim edilməsi yalnız həmin müştəri tərəfindən təyin edilmiş məxfi söz əsasında həyata keçirilir.
Qeyd edək ki, ötən gün beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Bank Respublikanın Almaniyadan ona göndərilən 20 avro üçün 12 avro 40 sent çıxmasından şikayət edib.