Özünü partladaraq 41 ermənini məhv edən qəhrəmanımızın anım günü oldu - VİDEO

3-09-2019, 09:35           
Özünü partladaraq 41 ermənini məhv edən qəhrəmanımızın anım günü oldu - VİDEO
1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda erməni separatizmi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı başlananda bir çox vətən övladları buna etiraz olaraq könüllü cəbhəyə yollandı. Belə igid oğullardan biri də Tahir Tofiq oğlu Həsənov idi.

Tahir Tofiq oğlu Həsənov- 2 fevral 1970-ci ildə Bakı şəhərində doğulmuşdur. 1987-ci ildə Nəsimi rayonundakı 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. 1990-cı ildə ordudan tərxis olunmuş, Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur.

Qarabağda torpaqlarımızın bir hissəsinin erməni qəsbkarları tərəfindən işğal edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarından qovulması bir çox Vətən övladları kimi Tahirin də qeyrətinə toxunurdu. Ailənin yeganə övladı olmasına rəğmən o, universitetin ikinci kursundan könüllü olaraq Vətənin müdafiəsinə qalxan igidlərin sırasına qoşulur. Anası Qalibə Budaqovanın dediklərindən:”Rəhmətlik jurnalist Çingiz Mustafayev belə bir çağırış etdi ki, kimkişidir gəlsin Qarabağa gedək. Tahir də kişidir, gəlsin Qarabağa gedək. Tahir də bizə demədən evdən çıxaraq minib avtobusa və Qarabağa yola düşüb. Beş-on gün onu axtardıq, nəhayət, bir nəfər gəlib dedi ki, narahat olmayın, Tahir Qarabağda döyüşür. .. O vaxt daxili işlər naziri rəhmətlik Məhəmməd Əsədov idi. Tahirə deyiblər ki, biz nazirlə danışmışıq, get o, səni qəbul edəcək. Tahir də Qarabağdan birbaşa gəlib nazirliyə, orada onu “OMOH”-a işə götürüblər. Bir də gördüm sevinərək gəldi evə ki, ana, məni “OMON”-a götürüblər. Beləliklə, 11 ay “omon”-çu kimi döyüşdü. Tahir qoşunun önündə gedən kəşfiyyat qrupunun üzvü idi. O, Ağdərənin, Başkəndin alınmasında yaxından iştirak edib. Tahirin döyüş yolu cəbhənin müxtəlif istiqamətlərindən keçib. O Ağdərə, Füzuli, Laçın uğrunda döyüşlərdə iştirak edib, Xocalının müdafiəsində sona qədər vuruşub.

Tahir Həsənovu, desant alayında xidmət etməsini, yüksək fiziki peşə hazırlığını nəzərə alaraq, kəşfıyyat qrupuna komandir təyin edirlər. Cəsur komandir Yuxarı Qarabağda: Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında torpaqlarımızın müdafiəsində fəal iştirak edərək, mərdliklə vuruşmuşdur.

1992-ci il... Sentyabrın 2-i... Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatları başlayır. Elə olur ki, Tahirin dəstəsi düşmənin mühasirəsinə düşür. Tahir yoldaşlarına deyib ki, siz gedin, mən sizi qoruyacam Qeyri-bərabər döyüşdə ağır yaralansa da, təslim olmayıb və tank əleyhinə qumbara ilə özünü partladaraq onu ölmüş bilib ətrafına toplaşan 41 nəfər ermənini də cəhənəmə vasil edib. Qeyd edək ki, Tahir Həsənovun özü ilə bərabər Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən atası Tofiq Həsənovun mətbuata verdiyi aşıqlamaya görə, Tahirin cənazəsini götürəndə ətrafında həqiqətən də 41 nəfər erməni əsgərinin meyiti olub.
Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə 22 yaşlı Həsənov Tahir Tofiq oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Vətənimizin ən gənc Milli Qəhrəmanlarından olan Tahir Həsənov Bakı şəhərindəki Şəhidlər xiyabanında uyuyur.

Təhsil aldığı 23 saylı orta məktəb hazırda onun adını daşıyır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.