Ermənistan üçün qurtuluş sənədi: İrəvan 10 noyabr sazişindən möhkəm yapışmalıdır
2-03-2021, 08:53

Kapitulyasiya edən və bölgədə söz sahibliyini uzun müddətə itirən ölkədə kimin hakimiyyətdə olmasının önəmi qalmayıb; rusiyalı politoloq: “Ermənistan Cənubi Qafqazın ”Somali”sinə çevrilə bilər, əgər...”
44 günlük müharibədə rüsvayçı məğlubiyyətə tuş gələn, işğalçı ordusu darmadağın edilən Ermənistanda “sular” durulmaq bilmir. Çünki keçmiş Qarabağ klanı da daxil, erməni cəmiyyətində elə bir dəstəyi olmayan revanşist qüvvələr nəyin bahasına olur-olsun, hansı yolla olur-olsun, hakimiyyəti ələ keçirməyə can atır. Lakin geniş ictimai rəğbətə malik olmadığından istəklərinə dörd aydır çata bilmirlər.
Bir səbəb də əlbəttə ki, baş nazir Nikol Paşinyan hökumətinə toplumun mühüm bir hissəsinin etimad bəsləməyə davam eləməsidir. Daha doğrusu, onlar Nikol Paşinyanın iqtidarda qalmasından daha çox, yeni müharibəni arzu eləməyən, köhnə xunta rejiminin qayıdışını istəməyənlərdir. Bu kəsim yaxşı fərqindədir ki, iqtidara radikal-revanşist qüvvələr gələrsə, Ermənistan və erməni xalqı üçün indikindən betər olacaq. Odur ki, qiyamçı hərbçilər belə, cəmiyyətdən dəstək ala bilmirlər.
*****
Əslində Ermənistanda kimin hakimiyyətdə olması artıq önəmini itirib. Ona görə ki, məğlub ölkə hələ uzun müddət bölgədə siyasi və geosiyasi proseslərə mühüm təsir imkanına, real söz sahibliyinə malik olmayacaq - erməni siyasi elitasının təmsilçiləri tərəfindən vaxtaşırı, başlarından yekə iddia və tələblər səslənsə də.
Söhbət əfsus ki, həm də Paşinyan komandasının bəzi aparıcı üzvlərindən gedir. Məsələn, ötən həftəsonu “RİA-Novosti”yə müsahibə verən Ermənistan XİN başçısı Ara Ayvazyan yenə ağzına gələni danışıb, Azərbaycan və Türkiyənin ünvanına çeynənmiş ittihamlar səsləndirib, həyasızcasına “artsax”a qarşı terrorçu-muzdlulardan istifadə edildiyini", heç bir halda “artsax”ın Azərbaycanın tərkibində olmayacağını" bildirib və növbəti dəfə “problemin köklü həlli üçün öz müqəddəratının təyinetmə prinsipinin vacibliyi”ndən dəm vurub.
Ayvazyandan az öncə isə müdafiə naziri Vaqarşak Arutyunyan eyni adlı Rusiya KİV-nə müsahibəsində oxşar məzmunlu fikirlər söyləmişdi.
“Hər şeydən əvvəl ”artsax" əhalisinin təhlükəsizliyini oradakı özünümüdafiə ordusu təmin etməlidir. Əlbəttə ki, onun döyüş hazırlığını bərpa etmək, modernləşdirmək baxımından görüləsi çox iş var, amma istənilən halda bu işləri görmək lazımdır". Sitat «RİA-Novosti» müxbirinin “Gələcəkdə Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmə sistemini necə görürsünüz, erməni tərəfi bunun üçün hansı addımları atır” sualını cavablandıran Ermənistanın müdafiə nazirinə məxsusdur.
“İkincisi, Ermənistan hələ də ”artsax xalqı"nın təhlükəsizliyinin qarantı olaraq qalır və biz bu tarixi missiyanı heç vaxt öz üzərimizdən götürməyəcəyik", - bunu da erməni müdafiə naziri həyasızcasına bildirib.
*****
Guya bunlardan soruşan var və ya soruşan olacaq ki, “nə məsləhət görürsünüz, konflikti necə həll edək?” Hansı konflikt ki, 4 aydır tarixin arxivinə verilib. Vurğulandığı kimi, heç bir söz sahibliyi qalmayan Ermənistanın mövqeyi məgər kimin üçünsə önəmmi daşıyır? Bu bədbəxtlərə hələ də çatmayıb ki, - yaxud da özlərini axmaq yerinə qoyublar - Ermənistanın da, “artsax”ın da qatarı çoxdan gedib və bir daha qayıtmayacaq. “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq”mış. O, artıq Azərbaycanın tərkibindədir!! Ayılın!
Azerforum.com - Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib YENİLƏNƏCƏK-3
Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyev keçən həftə yerli və xarici jurnalistlər üçün on-line formatında keçirdiyi mətbuat konfransında erməni tərəfinə bir daha aydın və birmənalı mesajlar göndərdi. “Artsax adında dövlət heç vaxt olmayıb, yoxdur və olmayacaq”, “Vahid Azərbaycan dövləti var” dedi. Yəni heç bir status məsələsi söhbət mövzusu belə ola bilməz. Ümumiyyətlə, “Dağlıq Qarabağ” və ya “Dağlıq Qarabağ münaqişəsi” anlayışları tarixdə qaldı.
Erməni tərəfi özünü boş yerə yormasın. Bu dəqiqə quyunun dibində olan və uçuruma yuvarlanmaq üzrə olan məğlub ölkə və onun xalqı üçün ən optimal yol - 10 noyabr üçtərəfli sazişindən möhkəm yapışmaqdır, onun bacardıqca tez reallaşmasına nail olmaqdır. İqtidarlı-müxalifətli. Çünki bunun əksi - uçuruma yolun sürətlə qısalması anlamına gələcək ki, ondan sonra hətta simvolik Ermənistan dövlətçiliyindən danışmağın belə yeri qalmayacaq.
*****
“Erməni cəmiyyəti böyük ölçüdə millətçilik virusuna yoluxub və nasist əlaltısı Qaregin Njdenin faşist ideyalarına mübtəla olub. Belə mağara təfəkkürü ilə Ermənistan məhvə məhkumdur”.
“Yeni Musavat” xəbər verir ki, bu barədə rusiyalı tanınmış siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko telegram kanalında yazıb.
Ermənistan prezidenti Armen Sərkisyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyandan gələn sərəncamı imzalamaqdan imtina etməklə Paşinyanın mövqelərini kəskin dərəcədə pisləşdirdiyini deyən ekspert bununla Sərkisyanın həm də baş nazirin qisas hissi ilə alışıb-yanan rəqiblərini gücləndirdiyini düşünür.
“Ən başlıcası, müharibədəki kapitulyasiyadan sonra psixoloji travma almış erməni cəmiyyəti heyrətamiz bir şəkildə unudur ki, savaşdakı biabırçı məğlubiyyətə görə əsas məsuliyyəti ”botanik" Paşinyan yox, məhz generallar daşıyır", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, məhz generalitet on illərdir Ermənistanın hərbi büdcəsini talan edir, Köçəryan-Sərkisyan dövründə şəxsi zənginləşmə üçün korrupsiya sxemləri qururdu: “Amma indi hər şeyə görə Paşinyan cavab verməlidir - hansı üçün ki, artıq dar ağacı qurulub. Paşinyan yazıqdımı? Yox. Yazıq olan qaranlıqda dolaşan və siyasətbazların çirkli oyunlarının girovuna çevrilən erməni xalqıdır. Erməni cəmiyyəti böyük ölçüdə millətçilik virusuna yoluxub və nasist əlaltısı Qaregin Njdenin faşist ideyalarına mübtəla olub. Belə ibtidai, mağara şüuru ilə Ermənistan ikinci dərəcəli bir varlığa - daha doğrusu, marginal bir ölkəyə, bir növ ”Cənubi Qafqazın Somali"si olmağa məhkumdur" - Korotçenko fikrini tamamlayıb.
Bu mənada 10 noyabr sənədinin icrası hamıdan çox indi Ermənistana lazımdır. Erməni xalqı ondan bərk yapışmalıdır. Həm də o səbəbə ki, sənəd bu “izqoy” ölkənin özünə gəlməsi, dirçəlməsi üçün unikal şans verir.
*****
“Ölkəni təzədən ”yığmaq" lazımdır və buna uzun illər lazım olacaq".
Musavat.com-un məlumatına görə, bunu tanınmış erməni politoloq Aleksandr İsgəndəryan deyib. Onun sözlərinə görə, Ermənistandakı mövcud vəziyyətdə apaydın olan məsələ - işləmək, institutlaşmaya getmək, idarəetməni mərkəzləşdirməkdir: “Sədaqətlilik və səriştə prinsiplərinə önəm verməyi dayandırmaq, mükəmməl parlament sistemi formalaşdırmaq, siyasi partiyaları institutlaşdırmaq lazımdır. Həmçinin insanların siyasətə nüfuz etməsi önündə torlar yaratmaq, ciddi şəkildə menecmetə başlamaq, sadə dillə desək, ölkəni təzədən ”yığmaq" lazımdır. Ölkəni qurmaq və subyektivlik qazanmaq lazımdır - o subyektivlik ki, böyük ölçüdə itirilib. Əgər ayrı cür olsa, başqaları hakimiyyətə gəlsə, çətin ki, onlar çox güclü, konsolidasiya edilmiş bir iqtidarı təmsil etsinlər. Ən azından ilk aylar və ya illər bu mümkün olmayacaq".
Sözünə davam edən politoloq deyib: “Nə olacaq? Hər şeydən göründüyü kimi, qarşıdurma olacaq, mitinqlər və müxalifətin fəallığı davam edəcək. Öz növbəsində iqtidar hakimiyyəti qorumaq üçün erkən seçkilərlə bağlı danışıqlar aparır. Müvafiq olaraq, belə bir siyasi çıxılmaz vəziyyət formalaşıb və bu vəziyyətdən yaxın həftələrdə qurtuluş yolu görmürəm”.
İsgəndəryanın fikrincə, seçkilər heç bir şeyi dəyişdirə bilməz, “Vəziyyəti dəyişdirmələri üçün ən azından ölkədə siyasi partiyalar olmalıdır - hansı ki, yoxdur. Mövcud strukturlar isə partiya anlayışına uyğun gəlmir. Ölkəni dirçəltmək üçün onu təzədən inşa eləmək lazımdır, dəyişikliklərə aparan seçkilər isə bu inşanın səbəbi yox, nəticəsi ola bilər. Və çox şey etmək lazımdır. Qurmaq, yaratmaq lazımdır, nəinki öncə bir şeylər olsun, sonra qabağa gedək düşüncəsi ilə hərəkət eləmək. Önümüzdə iqtisadi böhran var. Yalnızca seçkilərlə bir şeylər etmək mümkün deyil, qarşıdakı uzun illər üçün bizi ağır, ciddi işlər gözləyir”, - deyə o, sonda vurğulayıb.
Bəs görəsən, Ermənistanı normal dövlət kimi “yığmaq” mümkün olacaqmı? Sualın cavabı şübhəsiz ki, erməni xalqının sülh, yoxsa müharibə yolunu seçəcəyindən asılı olacaq...
Siyasət şöbəsi