Akif Çovdarov hər gün evə necə zəng edir?
27-05-2016, 22:50
Cinayətkar qrup yaratmaqda, banditizm, korrupsiya və adam oğurluğu cinayətlərində ittiham olunan, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan MTN general; Akif Çovdarov hər gün ailə üzvləri və yaxınları ilə telefon əlaqəsi saxlayır. Bu barədə virtualaz.org saytına məlumatlı mənbələrdən bildiriblər. Məlumata görə Çovdarov Pentensiar Xidmətin saxlanılan şəxslərin ailə üzvləri ilə əlaqə saxlaması üçün nəzərdə tutulan stasionar telefonundan istifadə etməkdə sərbəstdir.
Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Xidmətdən bu barədə onlarda dəqiq məlumat olmadığını bildirdilər.
Sabiq MTN generalalırnın müdafiəçisi vəkil Arif Əliyevdən ötən həftə telefon aşkarlanması faktına gəlincə isə “vəkillərin qanunsuz əşya keçirməsi dəfələrlə aşkarlanıb və bu faktlar ictimaiyyətə açıqlanıb”- deyə qurumdan bildirilib.
“İstintaq təcridxanalarının intizam qaydalarına əsasən hər bir məhkumun həftədə iki dəfə ailə üzvləri ilə əlaqə saxlamasına icazə verilir. Amma cəzaçəkmə rəhbərliyi tərəfindən buna məhdudiyyətlər qoyula bilər”- Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən deyilib.
Vəkil Fuad Ağayev virtualaz.org saytına açıqlamasında deyib ki, qanuna əsasən təqsirləndirilən və ya şübhəli şəxs qismindəki şəxslər ailə üzvləri ilə əlaqə saxlaya bilərlər: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 19.7-ci maddəsində göstərilir ki, tutulmuş və ya həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra yaxın qohumlarına bu barədə məlumat vermək üçün bir dəfə zəng etmək hüququna malikdir. Həbs edilmiş şəxslər isə həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdirlər”.
Lakin Çovdarova yaradılan bu güzəştli şəraitin səbəbləri məlum deyil.