Siyəzəndə saraydaxili çəkişmə yeni mərhələdə - Kim kimi yenəcək...

15-06-2016, 11:55           

MilliYol.Az-a daxil olan məlumata görə, başçının iki müavini - Zəfər Əliyevlə Təhminə Bəxtiyarova nüfuz savaşına çıxıb.

Məlumatda bildirilir ki, son dövrlər Təhminə Bəxtiyarova ilə icra başçısı Asif Hüseynov arasındakı münasibətlərin möhkəmlənməsi Zəfər Əliyevi narahat etməyə başlayıb. İndi başçı xanım müavininə daha çox güvənir ki, bu da digər müavinin narazılığına səbəb olub. Onlar rayondakı gəlir mənbələrini öz aralarında bölüşdürmək, başçıya daha yaxın olmaq uğrunda mübarizə aparır.

İcra Hakimiyyətinin "veteran kadrlar"ından sayılan Zəfr Əliyev Asif Hüseynovun gəlişindən sonra nüfuzunu böyük ölçüdə itirib. Bir vaxtlar İcra Hakimiyyətinin əksər yüksək postlarını onun adamları tuturdusa, artıq Təhminə Bəxtiyarova üstünlüyü ələ alıb. Bizə məlumat verən mənbə iddia edir ki, indi İcra Hakimiyyətinin əksər yüksək rütbəli məmurları, xüsusən də xanım əməkdaşlar Təhminə Bəxtiyarovanın təsir dairəsindədir. Bu isə təbii ki, Zəfər Əliyevi narahat edir.

Məlumat verən mənbə bildirir ki, bəzi gəlirli sahələrdəki nüfuzunu itirən Zəfər Əliyev Asif Hüseynova xanım müavin barəsində müxtəlif məlumatlar çatdırıb. Hətta başçı ilə bağlı mediaya sızan xəbərlərin onun əli ilə ötürüldüyünü dediyi bildirilir.

Məlumat üçün xatırladaq ki, Siyəzənin 35 yaşlı icra başçısı Asif Hüseynovla bağlı bir müddət əvvəl mətbuata müəyyən məlumatlar ötürülmüşdü. Hərbi xidmətdə olmadığı iddia edilən başçının rayona gəldiyi gündən əhalinin heç bir problemi ilə maraqlanmadığı, Siyəzəndə sosial-iqtisadi problemlərin günü-gündən artdığı, radikal dindarların rayonda hər ötən gün daha da fəallaşdığı bildirilirdi. Həmçinin qeyd olunurdu ki, Asif Hüseynov aprelin 25-də Bakının ən bahalı restoranlarından birini bağlatdıraraq doğum gününü qeyd edib. İddialara görə, həmin məclisdə Asif Hüseynovun ailə üzvləri, yaxın dostları və bir neçə tanınmış müğənni iştirak edib.

İddia olunur ki, Zəfər Əliyev bu məlumatların mətbuata məhz Təhminə Bəxtiyarova tərəfindən ötürüldünüyü bildirərək, icra başçısını inandırmağa çalışır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.