Yasamal qəbristanlığında rus qəbirləri hara yoxa çıxır - Qəbristanlıq mafiyasının qara əməlləri
11-09-2017, 08:23
Teref. info olaraq aldığımız bir şikayət məktubu bizi Yasamal qəbristanlığına diqqət yetirməyə məcbur etdi. Daha doğrusu hər gün buradan gəlib getməyimizə baxmayaraq, bəzi gözümüzdən qaçan detallara yenidən başqa bucaq altında baxmağa məcbur olduq.
Məktub rus dilində yazıldığından onu sizə tərcümə edərək təqdim edirik. Məktubun sahibi Nikolay İvanov yazır:
“ Hörmətli redaksiya, mən Bakılıyam. Bu qəbristanlıqda mənim anam, həyat yoldaşım Nina Petrovna və oğlum Sergey uyuyur. Atam Böyük Vətən müharibəsindən qayıtmayıb. Mən tez - tez Yasamal qəbristanlığına onların məzarlarını yoluxmağa gəlirəm. Təbii olaraq, on illərlə gəldiyim qəbristanlıqda qonşu qəbirləri də tanıyıram. Mümkün olduqda bayramda onları da ziyarət edirəm. Lakin axır dörd-beş ildə qəribə hadisələr baş verdiyini müşahidə etmişəm. Əvvəllər Yasamal qəbristanlığında xristian və müsəlmanların məzarlıqlıqları ayrı idi. Hər kəs öz yerində öz ölüsünü dəfn edirdi. Lakin sonra nədənsə, bizim məzarlıqda müsəlman qəbirləri də gözə dəyməyə başladı. Əvvəl buna fikir vermirdim. Lakin sonra təzə qəbirlərin köhnə xristian qəbirlərinin yerində peyda olması diqqətimi cəlb etdi. Bəli, sadəcə gecəynən dəmir xaçlar və ya Vətən müharibəsi iştirakçılarının ulduzlu baş daşları çıxardılır, dəmir hasar sökülür. Sonra isə kimlərə isə min, beş min dollar məbləğində satılır. Öyrəndiyimə görə Yasamal qəbristanlığında məzar yerləri beş min dollardan başlayır. Bir nəfərlik qəbir yeri beş min, iki-üç nəfərlik isə on min və daha yuxarı qiymətədir. Boş yerlər olmadığı üçün yanına qohum əqrabası gəlməyən qəbirləri ləğv edir və satırlar. Özünüz də gəlib baxa bilərsiniz. Xristian qəbristanlığında nə qədər “möhtəşəm” müsəlmanlara məxsus olan mərmərli varlı qəbirləri mövcuddur.
Hörmətlə: Bakı şəhəri, Nikolay İvanov “.
Bu məktubu oxuyandan sonra hər gün yolumun üstündə olduğu üçün keçdiyim Yasamal qəbristanlığına marağım artdı. Həm də bu gün cəmiyyətin ən qaranlıq, lakin ən böyük gəlirli biznes sahəsi hesab olunan qəbristanlıq biznesi barədə məlumat almaq haqqı olduğunu düşünürəm. Çünki, hər birimiz bu məkanla üzləşmişik. Hamımızın qohum - əqrabası hansısa qəbristanlıqda uyuyur və hər birimiz mərhumlarımızı torpağa tapşırarkən çox əziyyətlər çəkmişik. Biz də üz tutduq qəbristanlığa. Buranı gəzərkən, həqiqətən də boş yer qalmadığını görürük. Ruslara məxsus qəbirlər nə qədər sıxdırsa, müsəlman qəbirləri bir o qədər məsafəlidir. Yasamal qəbristanlığında yeni qəbir qazmaq üçün bir metr belə boş yer qalmayıb deyə bilərik. Hətta iş o yerə çatıb ki, insanlar qəbir arasındakı yollarda belə ölülərini dəfn edirlər. Göründüyü kimi, hamısı dövlət torpağı olan qəbristanlıqlarda möhtəkirlər tərəfindən böyük gəlir gətirən qeyri-rəsmi bir biznes yaranıb. Həqiqətən, xristian qəbirlərinin lap içlərinə doğru daxil olmuş müsəlman qəbirləri göz çıxarır. Orda - burda çıxardılıb atılmış xristian baş daşıları sayılan xaçlar və dəmir günbəzlər gözə dəyir. Qəbir üstünə gəlmiş qoca bir rus qadınına rast gəlirik. Şəklinin çəkilməsinə razı olmasa da özünü təqdim edir : Antonina Vasilyevna......
Aşağıdakı şəkillər bizim bu qəbirsanlıqdan keçən il çəkdiyimiz şəkillərdir. Gələn nömrəmizdə bu il çəkilən şəkilləri sizlərə təqdim edəcəyik və özünüz müqayisə edərək N.İvanov və Antonina xalanın danışdıqları barədə qərar verərsiniz.
teref.az olaraq araşdırmamız davam edir. Gələn sayımızda Antonina İvanovnanın bizə nələri dediyini, hansı faktlardan danışdığını sizlərə çatdıracağıq.
Yasamal qəbristanlığında Vidadi müəllim kimdir?
Qəbir yeri üçün (Baxmayaraq ki, rəsmən bu qəbristanlıqda qəbir yerinin artıq 10 ildir olmamağına baxmayaraq) kim bizə Vidadi müəllimə müraciət etməyi məsləhət gördü?
Qəbirsanlığı kimlər və niyə yandırmışdı?
Vətəndaş Xidməti Trestinin müdiri vəzifəsində çalışan Cavanşir Tağıyevin bu işlərə nə dəxli var?
teref.az olaraq adları çəkilən şəxslərin və qurumların fikirlərini dərec etməyə hazırıq!