Baba Rzayev Etibar Piriverdiyevin atasına rəhmət oxutduracaq

4-08-2015, 18:24           
Baba Rzayev Etibar Piriverdiyevin atasına rəhmət oxutduracaq
"Azərişıq" ASC-nin sədri Baba Rzayev hələlik ona həvalə olunan vəzifədə özünü doğrulda bilmir. Və bununla da o, "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin yol verdiyi ciddi nöqsanları təkrarlamaqla yanaşı, həm sadə vətəndaşlara, həm də ayrı-ayrı şirkətlərə, iş adamlarına əlavə problemlərin yaradılmasına rəvac verir. Belə ki, "Azərişıq" ASC-nin yenidənqurma və təmir adı altında gördüyü bəzi işlər sahibkarları ciddi maneələrlə üz-üzə qoyur.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Novxanıda, eləcə də paytaxtın bir sıra digər ərazilərində bəzi ticarət obyektləri tutarlı səbəb göstərilmədən, yəni qeyri-qanuni olaraq elektrik enerjisi təchizatından məhrum edilib. Məhz bu addımı Baba Rzayevin ölkə ərazisində fəaliyyət göstərən sahibkarlara, iş adamlarına qarşı "səlib yürüşü" kimi qiymətləndirən məlumatlı şəxsin sözlərinə görə, iş o yerə çatıb ki, artıq heç kim "Azərişıq" ASC ilə biznes əlaqəsinə girmək istəmir: "Çünki nə Baba Rzayev, nə də onun rəhbərliyi altında fəaliyyət göstərənlər "Tender haqqında" Qanunu yada salır. Bununla da daha çox pul vəd edən şirkət, iş adamı qalib elan olunur, digərləri isə və qapı kandarında durmağa məcbur olur. Baba Rzayev daim qeyd olunan prinsip əsasında fəaliyyət göstərib. Elə bu səbəbdən də hər il daha çox gəlir əldə etməyə, biznes şəbəkəsini genişləndirməyə nail olub. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, Bakıda işıqlı, çilçıraqlı binası ilə göz oxşayan "Santral Elektrik LTD" şirkətinin səhmlərinin 70 faizi əsl adı Balababa Rzayev olan Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur. "Santral Elektrik LTD" Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Baba Rzayevin qardaşı Emin Rzayev rəhbərlik edirdi. Sonradan LTD-yə rəhbərlik səlahiyyəti "Azərişıq" ASC-nin sədrinin qayını İlham Həsənova verilib. Deyilənlərə görə, Baba Rzayev və yaxın adamları ölkədə elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir. Onun biznesi əsasən 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan "Bakıelektrikşəbəkə"nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən, yəni "Barmek" şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna "Bakıelektrikşəbəkə"yə keçib".

Gündəlik Bakı-nın məlumatına görə, bu arada, məlumatlı şəxs iddia edir ki, "Azərişıq" ASC tərəfindən abonentlərə, əsasən də müxtəlif şirkətlərə, sahibkarlara göndərilən bildirişlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun tələbləri nəzərə alınmadan tərtib edilir: "İstehlakçıların pozuntu aktları qanun pozuntusu ilə tərtib edilir. Məsələn, elektrik enerjisinin istehlakçısı onun evindən bayırda quraşdırılmış sayğacın xarab olmasına görə məsuliyyət daşımır. Ancaq bununla bağlı məhkəmələrin istehlakçını cərimələməsi ilə bağlı minlərlə fakt var. Bundan başqa, "Azərişıq" ASC bir çox hallarda abunəçilərdən pulu müxtəlif qurumların vasitəsi ilə toplayır. Bir neçə ay sonra məlum olur ki, yığılmış vəsait ASC-nin hesabına daxil olmayıb, lakin məhkəməyə vasitəçi deyil, istehlakçı verilir. Vətəndaşlarla problemlər daha çox ona görə kütləvi xarakter daşıyır ki, ən böyük istehlakçı əhali qrupudur. Belə ki, elektrik enerjisinin 43 faizi əhali qrupunun, 25 faizi nəqliyyatın, 12 faizi sənayenin, 7 faizi kommersiya müəssisələrinin payına düşür. Onu da qeyd edim ki, son illlər ərzində dövlət büdcəsindən Baba Rzayevin rəhbərlik etdiyi müəssisəyə 509 milyon manat investisiya yatırılıb. Məsələn, 2007-ci ildə 58 milyon manat, 2008-ci ildə 120 milyon manat, 2009-cu ildə 50 milyon manat, 2010-da 55 milyon manat, 2011-ci ildə 136 milyon manat, 2012-ci ildə 90 milyon manat ayrılıb. 2013, 2014 və 2015-ci illərdə də xeyli vəsait ayrılsa da, hələ də paytaxt Bakının, eləcə də ölkənin enerji sistemində mövcud olan problemlər öz həllini tapmayıb. Halbuki "Azərişıq" ASC yaradılarkən çoxları elə zənn edirdi ki, artıq uzun illərdən bəri mövcud olan neqativ hallar aradan qaldırılacaq. Lakin bunun əksinə Baba Rzayev həm sadə vətəndaşlara, həm də sahibkarlara əlavə problemlər yaratdı. Görünür, o, bu cür əməlləri ilə ölkədə narazılıqlar yetişdirdiyinin fərqinə varmır. Bu isə bir daha onu deməyə əsas verir ki, "Azərişıq" ASC sədri ölkə başçısı tərəfindən ona edilən etimadı doğrulda bilməyib".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.