Eldar Mahmudovun əməlindən zərərçəkən “od püskürdü”

14-12-2017, 09:30           
Eldar Mahmudovun əməlindən zərərçəkən “od püskürdü”
Maqsud Mahmudov: “Əgər belə bir qərar verəcəkdinizsə, bizi 2 il məhkəmə qapılarında niyə yubadırdız?”

Bakı Hərbi Məhkəməsinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə hökmü 56 zərərçəkənin kəskin etirazına səbəb olub. Məsələ burasındadır ki, zərərçəkənlər məhkəmənin hökmündə onlara dəyən ziyanla bağlı yekun qərarın yer alacağına ümid etsələr də, belə olmayıb. Məhkəmə hökmündə zərərçəkənlərə tövsiyə edilib ki, gedib iş üzrə təqsirləndirilənlərə qarşı mülki qaydada şikayət etsinlər.

“Mülki qaydada şikayət edəndiksə...”

İş üzrə zərərçəkənlərdən biri, sahibkar Maqsud Mahmudov deyir ki, hökmdən narazıdırlar: “Bu hökm Azərbaycan adına xələldir. Bu boyda hökmün axırında yazırlar ki, gedin, mülki qaydada şikayət edin. Bəli, siz zərərçəkənsiz, bəli, Elçin Quliyev, Azər Mehdiyev sizə zərər vurub, gedin, mülki qaydada şikayət edin. Mülki qaydada şikayət edəndiksə, Azər Mehdiyevin həbsi, general Elçin Quliyevin rütbəsinin alınması nəyimizə lazım idi?”

“Bəs biz zərərçəkənlərin pulunu, malını, mülkünü kim verəcək?”

M.Mahmudov deyir ki, Azər Mehdiyevin 5 otaqlı evi olub, onun üzərinə də ibtidai istintaq dövründə həbs qoyulub: “Məhkəmənin hökmü ilə həmin evi dövlətin xeyrinə müsadirə etdilər. Bəs biz zərərçəkənlərin pulunu, malını, mülkünü kim verəcək? Dərdimizi kimə deyək? Ali Məhkəmədə hakim deyir ki, qoy gedim sədrə deyim, sonra qərar verim. Bu adamlar başa düşmürlər ki, onlara səlahiyyəti verən ölkənin başçısıdır, məhkəmənin sədri deyil. Biz sahibkarlar prezidentə səs vermişik. 2 il məhkəmənin olacağını səbrlə gözlədik. Baş Prokurorluq, hüquq-mühafizə orqanları bizə qarşı quldurluq edənləri tutdular, istintaq aparıb işi verdilər məhkəməyə. Bizə ölkə rəhbərliyi kömək etsin”.

“Hərənin qoltuğuna bir ”xoruz" verdilər ki, gedin..."

Zərərçəkən iş adamı olaraq müflis edildiklərini deyir: “Məhkəmədə guya işə baxdılar, nərddə olduğu kimi hərəmizin qoltuğuna bir ”xoruz" verdilər ki, gedin, məhkəmədə mülki iddia qaldırın. Kimə şikayət edək? Əynimizə kəfən geyib Prezident Administrasiyası qarşısına çıxmağa utanıram. Belə olmaz, kimə deyək dərdimizi? Hakimi danışdırırsan, deyir gedirəm sədrin yanına. Haqq-ədalət, düzgünlük bir kənarda qalıb, bunlar sədrin yanına qaçırlar, sədrin ağzına baxırlar. Biz sahibklar çökmüşük".

M.Mahmudov deyir ki, Eldar Mahmudov var-dövlətlərini əllərindən alıb: “Eldar Mahmudov bizləri yerə yıxdı. İndi də məhkəmələr onun yıxdığı sahibkarlara öz hökmləri ilə təpik vururlar, qoymurlar bizləri ayağa qalxmağa”.

M.Mahmudov deyir ki, Bakı Hərbi Məhkəməsinin zərərçəkən kimi tanınan 56 vətəndaşa sonda verdiyi cavab adekvat deyil: “Bizi zərərçəkən kimi tanıyırlar, buna görə Elçin Quliyevi, Azər Mehdiyevi məhkum edirlər, amma bizə vurulan zərərin ödənməsi haqda qeyri-müəyyən bir qərar çıxarırlar. Əgər belə bir qərar verəcəkdinizsə, bizi 2 il istintaq, məhkəmə qapılarında niyə yubadırdız? Elə 2 il əvvəl deyərdiz ki, gedin, mülki qaydada şikayətinizi verin”.

“Deyəndə ki, brilyantlarım Eldar Mahmudovun balonundadır, gülürdülər”

Zərərçəkən Eldar Mahmudovla Çingiz Əsədullayevin həbsini tələb edir: “Mən deyəndə ki, brilyantlarım Eldar Mahmudovun balonundadır, gülürdülər. ”Azəriqazbank"ın sədri Çingiz Əsədullayev kabinetinə çağırtdırıb bankına girov qoyduğum 3-5 karatlıq brilyantlarını çıxardıb Eldar Mahmudov üçün aparırdılar. Onda mənə inanmırdılar. Bu gün isə Eldar Mahmudovun köməkçisi, əmisi oğlu Vüqar Mahmudov içəridən deyir ki, bəli, MTN-dən pullar gedirdi Çingiz Əsədullayevin bankına. Niyə Çingiz Əsədullayevi həbs etmirlər? Məhkəmə 56 zərərçəkənin taleyi ilə oynayır. Biz illərlə əziyyət çəkib qurub-yaratmışdıq ki, Eldar Mahmudovun quldur çetesi tərəfindən alınan mal-mülk bir məhkəmə hökmü ilə peşkəş olunsun? Məndən alınan pulun 70 mini şəxsən Eldar Mahmudovun cibinə gedib. Niyə Eldar Mahmudovu həbs etmirlər?"

“Bu illər ərzində 3 qovluq hökm, qərar, qərardad yığılıb”

Zərərçəkən deyir ki, ötən illər ərzində məhkəmələrdə xeyrinə çıxarılan hökmlər kağız parçası olaraq qalıb: “Məhkəmələrdə 60-a yaxın işi udmuşam. Nə olsun? Həmin hökmlər, qərarlar quru kağızdır. Bu illər ərzində 3 qovluq hökm, qərar, qərardad yığılıb. Faydası nədir? Bir hökm, qərar icra olunmayacaqsa, bunun üçün vətəndaşı aylarla, illərlə get-gələ salmağın nə adı var? Məhkəməyə gedirik, deyirik ki, əlimizdən alınan restoranın qaytarılması haqda hökm vermisiz. O dəqiqə başlanır ki, ”bilirsiz..." Biz bilə-bilə bu günə gəlib çıxmışıq, korrupsiya nə qədər olacaq? Ticarətçiyik, sahibkarıq. Özümüzü də dolandırırdıq, ətrafımızdakı insanları da dolandırırdıq. Nə oldu? Eldar Mahmudov bizləri çapdı-taladı, MTN-ə apartdırıb soydu. Biz də işsiz-gücsüz qaldıq, ətrafımızdakı insanlar da. Nə qədər səbr eləmək olar? Nə qədər dözmək olar? Prezident Eldar Mahmudovun çetesinə qarşı addımlar atdı, sevindik ki, biz də bir gün görərik. 2 ildir ki, istintaq, məhkəmə qapılarında ayaqqabılarımızın altı getdi. Bezdik. Prezidentdən, vitse-prezidentdən xahiş edirik, bizlərə kömək etsinlər, haqqımız yerdə qalmasın".

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində Elçin Quliyevin və Azər Mehdiyevin işi üzrə məhkəmə noyabrın 30-da hökm çıxarıb. Hakim Elbəy Allahverdiyevin çıxardığı hökmə əsasən E.Quliyev 10 il 6 ay, A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onların hərbi rütbədən məhrum olunması üçün ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar da qəbul edilib. Bundan başqa, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülk iddiası təmin edilib. Təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi barədə də qərar qəbul olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.