Azərbaycan Dövlət İqtisad Universitetinin adı niyə gündəmdən düşmür? - SƏBƏB
14-12-2017, 20:13
Ədalət Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinə rektor təyin edildiyi ilk vaxtlardan üzü bəri bu ali məktəbin adı medianın gündəmindən düşmür. Bu da səbəbsiz deyil. Belə ki, Ə.Muradovun apardığı kadr dəyişiklikləri, bir sıra yersiz islahatlar kollektivdə əməlli-başlı narazılıq yaradıb. Əksər təcrübəli, peşəkar mütəxəssislərin tutduqları vəzifədən azad edilərək, onların yerinə qohumbazlıq, dostbazlıq və s. prinsiplər əsasında bəzi təcürbəsiz şəxslərin təyin edilməsi, adi ali təhsilli müəllimlərin professorlardan bir neçə dəfə artıq maaş alması necə qarşılanmalıdır ki?
Digər bir məqam - rektorun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı yaranan məlum qalmaqallı söhbətlər isə ADİU-nun kollektivi arasında əməlli-başlı şok effekti yaradıb. Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər elmlər doktoru kimi tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi söz-söhbətə səbəb olub.
Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə səbəb olub. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O 21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən söz-söhbətlərə səbəb olub. Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan 8 ay sonra əvvəl professor, sonra isə doktor adını necə alıb?
Hazırda KİV-lərdə vurğulandığı kimi,çoxsaylı problemlərlə üz-üzə qalan Ə.Muradov bunları aradan qaldırmaq əvəzinə, nədənsə, başqa yol seçdi. Yəni, diqqəti özündən yayındırmaq üçün əvvəlki rektor Şəmsəddin Hacıyevi gündəmə gətirməyə çalışdı. Bu məqsədlə 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində ADİU-da təhsil haqlarının uçotu yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borcların uçotda əks etdirilməsi ilə bağlı Hesablama Palatası tərəfindən yoxlamalar aparıldı. Sonradan isə araşdırılması üçün yoxlamanın nəticələri ilə bağlı material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildi.
Son günlər KİV-də gedən yazılardan isə belə nəticə çıxartmaq olur ki, Baş Prokurorluğun yoxlaması yekunlaşmaq üzrədir. Yayılan məlumatlara görə, əvvəldən iddia edildiyi kimi, ciddi yeyinti faktları və korrupsiya hərəkətləri müəyyən edilməyib. Yalnız kargüzarlıq sənədləşmələrində texniki anlaşılmazlıq və digər bir sıra xırda nöqsanlar üzə çıxıb.
Onu da qeyd edək ki,son günlər ADİU-nun dəhlizlərində yeni şayiələr dolaşır.Belə ki, ADİU-nin rektoru hazırda boş olan təhsil naziri postuna iddiası olduğu söylənilir.Belə olanda da adam məəttəl qalır: 1998-ci ildə Ukraynada müdafiə edəsən, iqtisad elmləri doktoru diplomun yalnız 2014-cü ildə Azərbaycan AAK-da tanınsın,vaxtilə professor olmaya-olmapya illərlə dövlətdən professor maaşı alasan,axırda da nazir olmaq fikrinə düşəsən. Adam deməyə daha söz tapmır...
Faktinfo.az