“Taxt oyunları” serialı GERÇƏK OLUR: kimlər "kral" olmaq üçün “Lotu Quli” ilə MÜHARİBƏ APARACAQ?

15-12-2017, 08:26           

2017-ci il rezonans cinayətlər və qalmaqallı məhkəmə proseslərindən başqa, həmçinin kriminal dünyanın canlanması ilə yadda qalacaq. 2016-cı ilin avqustunda Rusiyada “kral” Zaxariya Kalaşovun (“Şakro Molodoy”) həbs olunması ilə sabitlik kriminal dünyanı tərk etdi. Məhkəmə prosesi 2017-ci ildə başlandı. Aydındır ki, “Şakro” uzun müddət içəridə qalacaq. Bu isə onun taxtı üçün ən əsl müharibənin başlanmasına rəvac verib.

“Kral” barmaqlıqlar arxasında

Zaxariya Kalaşov 2013-cü il yanvarın 16-da oğru dünyasının patriarxı Aslan Usoyanın (“Ded Xasan”) qətlindən sonra Rusiyanın cinayətkar aləminin lideri oldu. Kalaşov həmin vaxt çirkli pulların yuyulması və cinayətkar qruplaşmasının yaradılmasına görə İspaniyada cəza çəkirdi.

“Şakro” Rusiyaya 2014-cü ildə qayıtdı. Müstəntiqlər hesab edirlər ki, o, müxtəlif kriminal qruplaşmalar arasında əmlakı və pulu bölüşdürürdü. “Şakro”nun şəxsi “xüsusi təyinatlı dəstə”si var idi. 2015-ci ilin fevralında dəstəni öz mühafizəçisi, kriminal avtoritet Batır Bekmuradova tapşırır. Eyni zamanda, Bekmuradova avtoritet Andrey Koçuykovla (italiyalı) birlikdə biznesmenlərdən pul və əmlakın qoparılması üçün cinayətkar qrupların yaradılması tapşırılmışdı.


Zaxariya Kalaşov

Kalaşov öz fəaliyyətini qanuniləşdirmək və silah almaq imkanı əldə etmək üçün “Müdafiəçi” və “Sədd” mühafizə şirkətləri yaratdı. Hər iki şirkət cinayətkar dünyanın nümayəndələri, idmançılar və döyüş təcrübəsi olan şəxslərlə komplektləşdirilmişdi. “Şakro”nun döyüşçülərinin əsas əməliyyatlarından biri 2015-ci il dekabrın 14-də oldu: onlar Moskvanın Presnenski rayonunda “Elements” restoranına gəldilər və onun sahibindən 8 milyon rubl tələb etdilər. Atışma başlandı, iki nəfər həlak oldu, daha yeddi nəfər yaralandı.

2016-cı ilin avqustunda isə Kalaşov öz şərikləri ilə birlikdə həbs edildi. Onunla birlikdə cinayətkar qruplaşmanın 14 üzvü üzərində məhkəmə prosesi gedir. “Şakro”nu uzunmüddətli həbs cəzası gözləyir, hətta ömürlük həbs böyük gözlənilməzlik olmayacaq. Deməli, Rusiyanın oğru dünyası “kral”sız qalmaq riski ilə qarşı-qarşıyadır.

“Əgər Şakro uzunmüddətli həbs cəzası alarsa, yeni parçalanmadan qaçmaq mümkün olmayacaq və onun komandasını sıxışdıracaqlar”, - Rusiyanın nüfuzlu kriminal mətbu orqanı olan "Praym Kraym" portalının baş redaktoru Viktoriya Qefter Lenta.ru saytına deyib.

Onun sözlərinə görə, 2014-cü ildə “Şakro”nun İspaniyadan qayıdışından sonra heç bir hadisə əhəmiyyəti və nəticələrinə görə “Quli”nin azadlığa çıxması ilə əvəz oluna bilməz. Saytın “Azərbaycan kriminal dünyasının kralı” adlandırdığı “Lotu Quli” 44 yaşlı “qanuni oğru” Nadir Səlifovdur. Ona 27 yaşında - 2000-ci ildə “tac” qoyulub.

Nadir Səlifov

“O, Aslan Usoyan və Rövşən Canıyevlə (Rövşən Lənkəranski) duşmənçilik etməkdən qorxmurdu. Həm də Azərbaycanda həbsdə olduğu dövrdə onlara qarşı durmağı bacarırdı”, - Lenta.ru yazıb.

Ura.ru-nun məlumatına görə, “Lotu Quli” həyatının 20 ilindən çoxunu həbsxanalarda keçirib.

“Səlifovun azad edilməsi ilə kriminal dünyada dəyişiklikləri gözləyirlər. Onun Azərbaycan “oğru”ları arasında bir nömrə olması qeyd-şərtsiz etiraf edilir. Şübhəsiz, azadlığa çıxmasından sonra kriminal aləmdə bir çoxu onun ətrafında fırlanacaq”, - Viktoriya Qefter qeyd edir.

Ekspertin sözlərinə görə, növbəti il böyük ehtimalla yeni avtoritetlərə “tac” qoyulacaq və bu, Səlifovsuz mümkün olmayacaq.

“Konkret adları açıqlaya bilmirəm, amma belələri var. 2015-ci ildən bu proses (“tacqoyma” –red.) “Şakro”nun qərarı ilə dayandırılmışdı. Buna görə də “tacqoyma”ların bərpa olunması “Şakro”nun qərarlarının gücünü itirdiyini göstərəcək”, - Viktoriya Qefter hesab edir.

“Lotu Quli” tək deyil

Ekspert qeyd edir ki, “Lotu Quli”dən başqa, Laşa Şuşanaşvili (“Laşa Rustavski”) və Merab Canqveladze (“Merab Suxumski”) “Şakro”nun qlobal rəqibləridir.

Laşa Şuşanaşvili

“Laşa Rustavski” Tariel Oniani (“Taro”) ilə birlikdə gürcü avtoritetlərinin liderləri, kriminal qruplaşmalar arasında gedən münaqişələrdə “Ded Xasan” və onun tərəfdarlarının əsas opponentləri idi. Bir az əvvəl “Rustavski” “Şakro” ilə müqayisə edilə bilən fiqur hesab edilirdi: çoxları ondan aktiv hərəkətlər gözləyirdi. Ancaq indiyə qədər heç vaxt oğru dünyasının lideri roluna olan iddialarını nümayiş etdirməyib. Bundan başqa, o, hazırda Yunanıstandadır.

“Merab Suxumski”yə gəlincə, o, 2016-cı ilin yazında İtaliya həbsxanasından çıxıb və Türkiyənin Antalya bölgəsində məskən salıb. O, “Şakro”nun həbsinə qədər türk sahillərində xüsusi fəallıq göstərmirdi. Yalnız bundan sonra tərəfdarları ilə birlikdə Kalaşova qarşı hücuma hazırlaşaraq müxtəlif yığıncaqlar təşkil etməyə və opponentlərlə münasibətləri müəyyənləşdirməyə başladı.

“Rosbalt” agentliyi qeyd edir ki, şəxsi qruplaşmasını formalaşdıran Səlifov təcrübəli “qanuni oğru”ların dəstəyini təmin etmək istəyirdi və “böyük yoldaş” roluna əsas iddiaçılardan biri “Suxumski” idi. Belə görünürdü ki, “Lotu Quli” və “Merab Suxumski”nin ümumi məqsədlər naminə birləşdirilmiş uğurlu ittifaqı üçün bütün şanslar var. Amma belə olmadı.

Noyabrın əvvəlində türk polisi Səlifovun villasına hücum edərək onu öldürməyi planlaşdıran 11 nəfəri tutdu. Bundan başqa, potensial qatillərin əllərində binanın ətraflı planı var idi. Planı isə villada tez-tez olan şəxslər çəkə bilərdilər.

“Rosbalt” agentliyinin məlumatına görə, “Suxumski”nin başçılıq etdiyi qruplaşma “Lotu Quli”nin şübhəsi altına düşdü. Səlifovun tərəfdarları hesab edirlər ki, Canqveladze ən azından hazırlanmış hücum barədə xəbərdar ola bilərdi. İndi Səlifov müttəfiqlərini “Suxumski”nin qatı düşmənlərinin arasında axtarır.

Paytaxt oyunçuları

Viktoriya Qefterin sözlərinə görə, Moskvanın kriminal səhnəsində hazırda üç əsas oyunçunu ayırmaq olar: Vasiliy Xristoforov (“Vasya Voskres”), Eduard Asatryan (“Edik Osetrin”) və Dmitri Çanturiya (“Miron”).

Vasiliy Xristoforov

“Praym Kraym” qeyd edir ki, Asatryan Xristoforovla münasibətlərin müəyyənləşdirilməsini davam etdirmək niyyətindədir. Bildirilir ki, Asatryan Aslan Usoyanın mirasına öz iddialarını irəli sürəcək. Amma Asatryan başqa ciddi problemləri də həll etməli olacaq. Xüsusi halda, o həbsxanada olarkən “qanuni oğrular” onun oğlu Sergey Asatryanın (“Serej Bentli”) “tac”ını qüvvədən düşmüş elan ediblər. Bunda xüsusi halda, “Edik”in əsas düşməni “Vasya”nın rolu olub.

Eduard Asatryan

Nəhayət, kriminal səhnədə Dmitri Çanturiya da iştirak edə bilər. KİV-in məlumatına görə, o, “Ded Xasan”ın qardaşı oğludur və deməli, onda oğru dünyasında hakimiyyətə iddia etmək üçün bütün əsaslar var. Müəyyən vaxta qədər “Miron” və “Edik” böyük düşmən idilər. “Rosbalt” qeyd edir ki, 2013-cü il martın 23-də oğru yığıncağında “Miron”un adamları Asatryan və onun oğlu Sergyi döydülər. Amma zaman dəyişib. Rusiya oğru dünyasında hakimiyyət uğrunda ciddi fiqurların vuruşduğunu görən Asatryan böyük maliyyə imkanlarına malik olan “Miron”la birləşməyə qərar verib. Bəzi məlumatlara görə, oğru tandemi artıq biznesmenlərə onların kriminal qruplaşmaları üçün pul ayırmağı təklif edirlər.

Dmitri Çanturiya

Bu baxımdan, 2018-ci ildə Rusiyanın oğru dünyasında “Taxt oyunlar” serialına güzəştə getməyən hadisələri gözləmək olar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.