Vergi Auditi Departamenti niyə "sürgün" edildi? - İLGİNC
16-12-2017, 11:08
Azərbaycanda hansısa iriçaplı məmurun vəzifədən kənarlaşdırılmasını cəmiyyət və media haqlı olaraq "vurulma" kimi dəyərləndirir. Çünki həmin məmurun çoxsaylı saxtakarlıqlarını və vəzifədən sui-istifadə edərək xeyli şuluq işlər gördüyünü hər kəs bilir və əslində bunu bilmək üçün nə təhqiqatçı olmağa gərək var, nə araşdırmaçı, nə öncəgörən. Yəni məmurun kresloya oturar-oturmaz dövlət vəsaitlərini yağı malı kimi talaması və ilanı Seyid Əhməd əli ilə tutma məharəti obrazlı ifadə edilsə o qədər açıq və şəffaf formada baş verir ki, hamı bundan aşağı-yuxarı xəbər tuta bilir...
Azərbaycanda daşlaşmış ənənə halını almış bir məqam da yıxılana balta çalmaq məsələsində aşırı kəmfürsətlik sərgilənməsidir. Yəni tutaq ki, ya zəlzələdən-ya vəlvələdən hansısa məmur vəzifədən getdi, başlayırlar qabırğasına döşəməyə. Az qalırlar onu nəinki əsrin baş korrupsioneri və rüşvətxoru kimi qınamağa, hətta Bəzz qalasını yandırılmasının da günahını onun üstünə atmağa çalışırlar.
Amma bizim indi vurulmuş bir məmur haqqında yazacaqlarımız heç bir halda yıxılana balta çalma kimi qiymətləndirilməməlidir. Çünki biz sadəcə informasiya kimi yazmağı zəruri hesab edirik ki, keçmiş vergilər naziri Fazil Məmmədovun bacısı qızı Əliyeva Səadət Namiq qızı hələ də Azərbaycan Universitetinin rektorudur. Sual edilə bilər ki, noolsunnn? Təbii ki, bir məmurun ailə üzvünün və ya yaxın qohumunun hansısa yüksək post tutması bu günki Azərbaycan reallığıdır və buna görə kimsə təəccüblənməz. Ancaq məsələ burasındadır ki, Azərbaycan Universiteti məmləkət insanına naməlum səbəbdən Vergilər Nazirliyi Yanında Vergi Auditi Departamentinin keçmiş inzibati binasında fəaliyyət göstərir.
Sual olunur, görəsən nə baş verdi və hansı zərurət yarandı ki, adıçəkilən departament az qala didərgin dövlət qurumu statusu aldı, yəni əvvəl Babək prospektinin başlanğıcında icarədar qismində fəaliyyət göstərdi, sonradan yol qovşağının tikilməsi zərurətindən həmin bina söküldüyündən Nəsimi bazarının yaxınlığında yeni tikilən inzibati binaya köçürüldü. Amma vergi ödəyicilərinin üzü-gözü binaya öyrəşməmiş, əməkdaşlar yerlərini rahatlamamış xəbər gəldi ki, departamenti yeni köçkünlük həyatı gözləyir və beləcə həmin departament qısa zamanda oradan da başqa ünvana köçürüldü, məkan Azərbaycan Universitetinə hədiyyə edildi. Bu köçürülmə niyə və hansı ərköyünün iradəsi ilə baş verdi və bu sürgün nə dərəcədə qanuni idi, bu barədə oxucuları intizarda qoymaq məcburiyyətindəyik. Çünki bu barədə bizə tutarlı arqumentlərlə zəngin faktlar təqdim ediləcəyi söz verilib. Odur ki, səbrlə gözləmək zorundayıq, ümid edirik ki, siz də bizi gözləyəcəksiniz... \\moderator.az\\