"Mirvari Park Rezidens"-də nələr baş verir? - Müraciət

19-12-2017, 10:03           
"Mirvari Park Rezidens"-də nələr baş verir? - Müraciət
“Gilan Holding” haqqında daha bir təzadlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, ölkənin ən böyük şirkətlərindən biri olan “Gilan Holding”ə məxsus “Qaya Real Estate” şirkəti “Mirvari Park Residence” yaşayış kompleksinin sakinlərini şantajla hədələyir. Belə ki, “Gilan Holding”ə məxsus olan şirkət idarəetməni öz əlinə alaraq, sakinlərin kommunal xidmət qiymətlərini qanunsuz olaraq qaldırıb. Bu hal isə sakinlərin narazılığına səbəb olub.

Bu barədə İlham Mehdiyev adlı şəxs öz facebook hesabında status yazıb.

Mehdiyevin statusunu olduğu kimi təqdim edirik:

“”Mirvari Park Rezidens”in idarə edilməsi Gilan Holdinqin tərkibində olan Qaya Real Estate şirkəti tərəfindən özbaşına şəkildə ələ keçirilib. Ötən ilin yanvar ayına qədər qanunsuz olaraq bizdən məcburi şəkildə hər kv.m üçün 80 qəpik pul yığırdılar. Sonradan bu rəqəmi 1.50 qəpiyə qədər qaldırdılar, bu hal sakinlərin kəskin etirazı ilə qarşılandı və bunlar bir müddət tələblərini dayandırdılar. Artıq qış mövsümu yetişib, lakin qeyd edilən şirkət bizdən hər kv.m üçün 1.20 qəpik ödənilməsini tələb edir, verilmədiyi halda qazanxananı işə salmayacağı ilə hədələyir. Şirkətin əməkdaşlarından qazanxananın sakinlərə təhvil veriməsini dəfələrlə tələb etmişik, noyabr ayının 25-də bir qrup şəxslə onların ofisinə gedərək, idarəetməni təhvil verməsini tələb etdik və bu barədə müvafiq akt tərtib edilərək imzalandı. Söz verdilər ki ayın 27-də təhvil veriləcək. Lakin yenidən imtina edildi. Dekabr ayının 2-də kompleksin həyətində iclas keçirildi.

İclasda Gilanın “hüquqşünası” Zöhrab adlı bir şəxs bu kompleksin onun olduğunu və buradan heç yana getməyəcəklərini söylədi. Qeyd etmək istəyirik ki, qazanxana Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən sakinlərin ümümi əmlakıdır və onun idarə olunması onlara məxsusdur. Şirkət özbaşına zəbt etmiş sahəni təhvil vermir və bizi şantaj edərək pul tələb edir. İdarəetmə orqanını mülkiyyətçilər özləri seçməlidirlər, lakin indiki vəziyyətdə qeyd edilmiş şəxslər kompleksi zəbt etmiş və hamıdan da özləri tərəfindən təyin edilmiş tarif üzrə məcburi ödəmə tələb edirlər. Burada başqa seçim yoxdur: razı olsan da, olmasan da ödəməlisən. Dünəndən etibarən suyun verilməsini dayandırıblar. Özünü vəzifəli şəxs kimi təqdim edən Nadir Abdullayev və Anar Hacıyev adlı şəxslər mənim suyumu kəsərək, qanunsuz pul tələb edir, əks halda suyun verilməyəcəyi ilə hədələyir. Artıq üç həftədən artıqdır ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 30-a yaxın sakinin imzası ilə şikayət ərizəsi göndərilib, lakin hələ də bir xəbər yoxdur.

Qanunvericiliyə əsasən qeyd etməliyik ki, Mənzil Məcəlləsinin tələbinə görə, ümumu mülkiyyətdə olan sahənin idarə edilməsində səlahiyyətli və ya vəzifəli şəxs ancaq ümumi yığıncaqda seçilmiş mülkiyyətçi ola bilər. Lakin hazırki vəziyyətdə özünü özbaşına şəkildə vəzifəli şəxs kimi qələmə verən Nadir Abdullayev və Anar Hacıyev Cinayət Məcəlləsini və digər qanunları ciddi şəkildə pozurlar.

Belə ki, Cinayət Məcəlləsinin 310-cu maddəsində deyilir: “Özbaşına olaraq özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməsi qanun pozuntusudur”.
Vəzifəli şəxsin kim olması CM 308-ci maddəsinin qeyd hissəsində göstərilmişdir.

Qeyd edilmiş şəxslərin əməllərində həmçinin, Vergi öhdəliklərinin pozulması da var. MMC qanunsuz olaraq küllü miqdarda vergidən yayınır. Kompleksin zirzəmisində 500-yə yaxın avtomobil üçün yer var. 2 ildən artıqdır ki, onun hər biri üçün Gilanın adıçəkilən şirkəti ayda 100 manat, mənzillərin hər kv.m üçün isə 0.80 qəpik aylıq ödəniş alır. Kompleksdə 75000 kv.m səhə mövcuddur. Bu ödənişlərə görə qanunla müəyyən edilmiş qaydada xüsusi qəbzlər verilməli və onlardan müvafiq qaydada vergi tutulmalıdır. Vergilər Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. Şirkət beləliklə, ay ərzində ortalama 100 000 manat məbləğində nağd pul vəsaiti əldə edir ki, bu halda da verginin ödənilib-ödənilməməsi araşdırılmalıdır.

Hər bir şəxs işə götürdüyü şəxslərlə “Əmək müqaviləsi” bağlamalıdır. Təəssüf ki, yaxın vaxtlara qədər orada işləyən insanların (mühafizə, təmizlik və servis xidməti əməkdaşları) əmək müqavilələri yox idi, onlar daima sakinlərə bu barədə şikayət edirdilər. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi habelə, əmək müfəttişliyi bunu araşdırmalıdır.

05.12.2017-ci il tarixində 102 xidmətinə zəng edərək, qeyd edilmiş faktla bağlı şikayət etmişdim, şikayətim ilk öncədən su təchizatı ilə bağlı olduğundan rədd etməyə çalışan əməkdaş sonradan, şikayəti qəbul etmişdir. Şikayətin əsası su təchizatı deyil, vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi və bununla bağlı fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməsidir. Şikayətin qəbul olunmasına baxmayaraq, indiyə qədər hər hansı bir tədbir görülməmişdir. 16.12.2017-ci il tarixində Azərsu ASC- nin 955-qaynar xəttinə zəng edərək, suyun qanunsuz kəsildiyini bildirdim. Bir neçə şəxs gəlib, müvafiq akt tərtib etdilər və suyun qanunsuz kəsildiyini bildirdilər, sonradan 102 xidmətinə zəng edərək, yenidən təzyiqlərə məruz qaldığımı söylədim. Polis gələrək, yenidən suyun qanunsuz kəsildiyini söylədi və ərizəmi alaraq, tədbir görəcəklərini vəd etdilər.

Cinayət Prosessual Məcəlləsinin 46.2-ci maddəsinə əsasən: cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Bu baxımdan hesab edirəm ki, müvafiq qurumlar qeyd edilmiş qanunsuzluqların hər biri, vəzifə səlahiyyətlərinin mənimsənilməsi, vergi öhdəliklərindən yayınma, əmək qanunvericiliyinin pozulması faktları ayrı-ayrılıqda araşdırılmalıdır.

Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci Maddəsi “Təhlükəsiz yaşamaq hüququ”nun təminatını verərək, qeyd edir:

1. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.

2. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.

Mövcud vəziyyətdə qeyd edilmiş şəxslər ilk öncə güc tətbiq etməklə hədələyir, daha sonra isə öz qanunsuz tələblərini yerinə yetirmək üçün suyu kəsirlər. Ki, bu da öz növbəsində Konstitusiyanın təminatına ziddir.

Digər tərəfdən əgər hər hansı bir fiziki və ya hüquqi şəxsin digər şəxsə iddiası və ya tələbi varsa o zaman onun icrasını məhkəmədən tələb edə bilər. Özbaşına reketlik və hədə-qorxu ilə vətəndaşa təzyiq göstərmək cinayət tərkibi yaradır. Onların əməllərinin küçədə kiminsə qarşısını kəsib, pul tələb etməkdən heç bir fərqi yoxdur.

Hər yerdə monopoliya olduğu kimi artıq görünür ki, yaşamaqda da monopoliya olmasına zərurət yaranıb.

Gilan MMC –dən mənzil almağı heç kəsə məsləhət görmürəm, çünki burada idarəetmə zəbt olunub, özbaşınalıqlar və təzyiqlər davam edir. Döyüş əhvalınız varsa, buyurun Gilan Holdinqə.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.