Fransa kralının sevimli məşuqəsi: Madam Pompadur - Araşdırma
19-10-2018, 00:00
Parafraz Nuranə Abbasovanın təqdimatında "Qadına yaxın" rubrikasını təqdim edir.
Hər dəfə dünya tarixində iz qoymuş bir qadının həyat hekayəsi ilə tanış olacaq, özünüzü ona az da olsa, yaxın hiss edəcəksiniz.
Bugünkü araşdırmada Fransa tarixində önəmli rol oynamış XV Lüdovikin məşuqəsi Janna-Antuanetta Puassona yaxın olmağa çalışacağıq.
1764-cü il aprelin 15-də dünyasını dəyişən bu qadın “tarixdə ən məşhur məşuqə” kimi də tanınır. Məhz onun sayəsində dünya qadın işvəsinin, hiyləgərliyinin bir daha şahidi oldu. Hər halda, yaşanan hadisələr və tarixçilər belə deyir. Söhbət Janna-Antuanetta Puassondan gedir.
O, tarixdə daha çox markiza de Pompadur kimi tanınır. 1721-ci il dekabrın 29-da Parisdə anadan olub. Atası Fransua Puasson maliyyəçi olub. 1720-ci illərin əvvəllərində Pari qardaşlarının (intendantlar – idarəetmənin hər hansı sahəsini öz öhdəliyinə götürənlər və əmanətçilər) yardımı ilə Fransua baş katib vəzifəsinədək yüksəlir.
Kralın naibi orleanlı Filipp Fransuaya taundan əziyyət çəkən Marseli taxılla təmin etmək barədə göstəriş verir. 1725-ci ilədək Puasson “karyera pilləsində” sürətlə yüksəlir. Ona hətta Parisi də taxılla təmin etmək tapşırılır. Tarixçi Kastri Anri özünün “Markiza de Pompadur” kitabında göstərir ki, bu cür əməliyyatlar əlavə qazanc əldə olunmadan edilmirdi. Nəticədə Puassonun saxtakarlığa yol verməsilə bağlı istintaq başlayır və onun astronomik məbləğdə - 232 min livr borclu olduğu elan edilir. Puasson həyat yoldaşını, 3 yaşlı qızını sindikatçı Lenorman de Turnemin himayəsinə tərk edərək qaçmağa qərar verir.
Borcları ödəmək üçün pulları olmadığından bütün mal-mülk siyahıya alınır. Puassonun xanımı Luiza Madlen elə də imkanlı ailədən deyildi. Bu səbəbdən qohumlarının köməyinə bel bağlaya bilməzdi.
Puasson tez-tez ailəsinə məktublar yazırdı. O, 5 yaşlı qızı Janna-Antuanettanı tərbiyə olunmaq üçün monastrın himayəsinə verməyi tapşırırdı. Jannanın xalası da monastrda rahibəydi.
Luiza qızını görməyə çox nadir hallarda gedirdi. Əsasən, ona lazım olan əşyaları vermək üçün monastrın yolunu tuturdu.
Falçı
O dövrün bütün qanunlarının əksinə olaraq Jannanın 9 yaşı olanda anası onu falçı yanına aparır. Falçı Lebon diqqətlə qızcığaza baxdıqdan sonra “Bu uşaq günlərin birində kral XV Lüdovikin sevgilisi olacaq” deyir.
Tarixçilər bildirirlər ki, məhz xanım Lebonun bu öncəgörməsini həyatı boyu unutmayan Janna tarixi fakt gerçəkləşdikdən sonra monastra təşəkkür əlaməti olaraq pul göndərib.
Lebonun sözlərindən sonra Janna özünü “Kralın məşuqəsi olmağa hazırlayır”.
Monastrı tərk edib evinə qayıdan Jannaya de Turnem şəxsən özü təhsil verməyə başlayır. İddialara görə, Jannanın bioloji atası Puasson yox, de Turnem olub. Onun Jannaya olan səmimi, mehriban münasibətini də elə bununla bağlayırlar.
Janna musiqi, rəssamlıq, deklamasiya, səhnə oyunu, rəqs dərsləri alır. O, yaxşı oxuyur və rəsm çəkirdi. Janna bütün təhsilini de Turnemin vəsaiti hesabına alırdı. Kralın məşuqəsi olduqdan sonra bu yaxşılığı unutmur və atalığının krallığın tikinti işlərinin rəhbəri vəzifəsinə gətirilməsinə nail olur.
“Mən səni yalnız krala görə tərk edərəm”
Janna-Antuanettanın 19 yaşı olanda onun üçün ər axtarmağa başlayırlar. Janna atalığının güclü əlaqələri sayəsində şəhərin ən məşhur salonlarına gedirdi. Gənc, sevimli və istedadlıydı. Ancaq Jannanın anası haqqında dedi-qodular və doğma atasının şöhrəti bəy namizədlərini bir qədər qorxudurdu.
De Turnem bu məsələni həll etməyi də üzərinə götürür. O, Jannanı doğma bacısı oğlu – baş xəzinədarın oğlu Şarl-Qiyoma Le Norman d`Etola ərə verir. Toy 1741-ci il martın 9-da baş tutur. Deyilənə görə, d`Etol subay oğlan statusunun itirilməsinə görə, de Turnemdən kompensasiya belə almışdı. Belə ki, de Turnem bütün sərvətini iki yerə bölüb bir hissəsini sağ olduğu müddətdə bacısı oğluna verməyə, hətta xərclərini qarşılamağa söz veribmiş. Var-dövlətinin qalan hissəsi isə o, öldükdən sonra d`Etola çatacaqdı.
Janna-Antuanetta toydan 2 həftə sonra hamilə qalır. Dekabrın sonunda onun oğlu doğulur. Ancaq bir neçə həftə sonra körpə dünyasını dəyişir. 3 il sonra – 1744-cü ilin avqustunda ailədə qız övladı dünyaya gəlir. Onu Aleksandrina-Janna d`Etol adlandırırlar.
Ailədə münasibətlər tədricən qaydasına düşürdü. Hətta D`Etol etiraf edirdi ki, xanımını həqiqətən sevməyə başlayıb. Jannaya qiymətli əşyalar, yeni geyimlər alır, hər gün gül bağışlayır, sevgisini etiraf edirdi. Hətta xanımının incəsənətə olan marağını nəzərə alaraq evdə balaca teatr belə qurmuşdu.
Göstərilən diqqəti böyük məhəbbətlə qəbul edən Janna-Antuannetta hərdən ərinə zarafatla onu yalnız kral üçün tərk edə biləcəyini deyirdi. Ancaq sonradan bu zarafat həqiqətə çevrilir.
Kralın ürəyini fəth etmə planı
Janna-Antuanetta uşaqlıqda falçıdan eşitdiyi sözləri unuda bilmirdi. Əmin idi ki, kral XV Lüdovikin ürəyini fəth edəcək. İlk addım üçün isə onunla görüşmək lazım idi.
Problemi həll etməyin iki yolu var idi: 1) Versalda saray qapısına getmək; 2) “təsadüfən” kralın tez-tez ova çıxdığı Senarsk meşəsinə yollanmaq
Birinci variant fantastik görünsə də, ikinci daha real idi. Çünki d`Etolun qəsri də meşənin yaxınlığında yerləşirdi.
Həmin vaxt kral Lüdovik ailəliydi. O, Polşa kralının qızı Mariya Leşinskaya ilə ailə qurmuşdu. Arvadı Lüdovikdən 7 yaş böyükdü. Cütlüyün 10 uşağı dünyaya gəlmişdi. Kraliça yaxınlarından birinə tez-tez uşaq dünyaya gətirməkdən bezdiyini dərd yanır. Bu isə kralın qulağına çatır və 25 yaşlı Lüdovik bundan sonra özünə məşuqələr axtarmağa başlayır. Onların arasında xüsusilə biri – Mari-Ann de Mayii-Nel fərqlənmişdi. Kral onunla 4 ilini keçirmişdi. Ancaq Mari-Ann 27 yaşında xəstəlikdən dünyasını dəyişmişdi.
Maskarad
1745-ci il fevralın sonunda Versalda bal-maskarad təşkil edilir. Gecədə yüzlərlə qonaq, rəqqas, musiqiçilər iştirak edirdi. Parisin təkcə tanınmış ailələri, aristokratlar deyil, burjuaziya nümayəndələri, o cümlədən, d`Etol da maskarada gəlmişdi.
Janna-Antuanetta üçün bu, yeganə şans idi. O, “təsadüfən” kralla rastlaşır və Lüdovik ondan maskasını çıxartmağı xahiş edir. Ağ dəsmal yelləyən Janna-Antuanetta kraldan qaçmaq istəyəndə dəsmalını yerə salır və kral onu yerdən götürərək Jannaya uzadır. Fransız sarayında bu, qarşındakı insana laqeyd olmadığının göstəricisi sayılırdı.
Bir neçə gün keçdi. 23 yaşlı Jannanı Versal sarayında qonaq etdilər. 35 yaşlı kral onu tez-tez sarayına dəvət etməyə başladı. Martın sonlarına doğru artıq hər yerdə kralın yeni sevgilisi haqda danışılırdı. Janna-Antuannetta d`Etoldan boşanmışdı. Həmin dövrün qanunlarına əsasən, üstəlik keçmiş ərinə 30 min livr kompensasiya ödəməli idi. Ancaq pul Jannanın gözünə belə görünmürdü. Axı, o, kralın sevimlisi olmuşdu!
Markiza
Hər hansı burjua qızı olmaqdansa, “markiza” titulu daha şərəfliydi. Bu səbəbdən kral Pompaduru 1745-ci ilin avqustunda “markiza” elan edir. O həm də ildə 12 min livr gəlir gətirən torpaqların sahibinə çevrilir.
Pompadur kralın diqqətini hər zaman öz üzərində saxlamaq üçün onu maraqlandıran tədbirlər təşkil etməyə başlayır. Markiza kralın yanına onu təəccübləndirə biləcək qonaqlar dəvət edir. Belə qonaqların arasında heykəltəraş Buşardon, filosof Monteskyö, rəssam Karl Van Loo və başqaları olur. Pompadur onlarla hələ ərə getməzdən əvvəl tanış idi.
Markiza kralın əzgin olduğu anları yaxşı “tuta bilirdi”. İki ildir, anasını itirən kralı sakitləşdirmək üçün Pompadur əlindən gələni hər şeyi edirdi. Səlahiyyəti gündən-günə artan Pompadur nazirlərlə sərt danışmaqdan belə çəkinmirdi. Deyilənə görə, Fransanın dəniz naziri, Morepa qrafı Jan Federik Felippo kral qarşısında məruzə edərkən bundan sıxılan Pompadur nazirin sözünü kəsərək: “Bəsdir! Cənab de Morepa, sizin uzun danışığınıza görə kralın bənizi saraldı. Qəbul bitdi! Sağ olun, cənab de Morepa!” deyib.
Mariya Leşinskaya kralın Pompadurla münasibətinə elə də pis baxmırdı. O deyirdi: “Əgər krala məşuqə lazımdırsa, bu, xanım Pompadurdan başqası ola bilməz”. Sarayda Pompadurun ən yaxın rəfiqəsi də elə kraliçanın özüydü. Pompadur da öz növbəsində Mariyaya hörmətini qoruyub-saxlayırdı. Pompadur ona tez-tez kralın qəlbində yer eləmək fikrində olmadığını, “taxtın ələ keçirilməsi”nə çalışmadığını deyirdi. Ümumiyyətlə, markiza istəsə belə taxt-taca yiyələnə bilməyəcəkdi. Kraldan uşağı dünyaya gəlsə də, onların taxta heç bir iddiası ola bilməzdi.
Sona doğru
Əyləncələrlə, qonaqlıqlarla, nazirlərlə savaşaraq beləcə, 5 il keçirdi. Pompadur 30 yaşına gəlib çatmış, kralın ətrafındakı gənc qızlara qarşı mübarizə çətinləşməyə başlamışdı.
Uşaqlıqdan ağciyərləri zəif olan Pompadurun xəstəliyi 1750-ci illərin əvvəlində irəliləməyə başladı. Bundan başqa, göz sinirləri də zədələnmişdi. Pompadur əgər 23 yaşında cəzbediciliyi ilə diqqət mərkəzində idisə, artıq 30 yaş ona problemlər gətirmişdi. Markiza həkimlərin təkidi ilə kralı razı sala bildi: heç bir intim əlaqə olmayacaq. Ancaq kralla hər zaman dost qalacağına, onu hər gün görməyə şad olacağına söz verdi. Pompadur kralın digər qadınlarla yaxınlıq etməsinə də narazılıq bildirmirdi.
Pompadur Versalda böyük ərazini əhatə edən və “Maral parkı” adlanan evə köçür. Kral üçün sevgili seçən Pompadur onların görüşü üçün evinin 5 otağından birini ayırmaqdan belə çəkinmirdi. Daha sonra şayiələr gəzirdi ki, əslində Markiza “Maral parkı”nı hərəmxanaya çevirib. Kraldan hamilə qalan hərəmi xüsusi imtiyazla dərhal başqasına ərə verirdilər.
“Maral parkı”nın qızlara qazandırdığı “bonuslar”ın şöhrəti qısa zamanda bütün Fransaya yayılır. Bu səbəbdəndir ki, gənc qızlar məhz o evə düşmək üçün dəridən-qabıqdan çıxırdılar.
Hersoginya
1752-ci il oktyabrın 17-də Pompadur “hersoginya” titulu alır. Fransız ierarxiya qanunlarına əsasən, bununla da Pompadur aristokrata çevrilirdi. Bundan başqa, kraliça titulu üçün “bir addım irəli” keçmişdi. Ancaq taktika işlədərək özünü sadəcə markiza kimi qələmə verirdi.
Kral öz əziz hersoginyasını yaddan çıxarmır, onu hədiyyələrə boğurdu. 1752-ci ildə Pompadura Sen-Remidəki ərazi bağışlanır. Buradan ildə 12000 livr gəlir əldə edilirdi. Ancaq kral bununla kifayətlənməyərək həmin ərazidə saray tikilməsi üçün 300 000 livr vəsait ayırır.
Qızının ölümü
Pompadurun evdə Fan-Fan deyə çağırdıqları qızı Aleksandrina le Norman d`Etiolun qayğısına həm de Turnem, həm də Pompadurun özü qalırdı. Onu krallığın ən yaxşı məktəbinə qoymuşdular. Ancaq Aleksandrina səhhəti səbəbindən təhsil ala bilmirdi.
Qohumları əmin idilər ki, dərdinə çarə tapacaqlar. Ən pis halda isə həddi-buluğa çatanda Lüdovikin nikahdankənar oğluna ərə verməyi planlaşdırırdılar.
1754-cü il iyunun 14-də qarnında qəfil sancılar başlayan 9 yaşlı Aleksandrina ölür. Ölüm anında anası özünü onun yanına çatdıra bilmir. Həkimlər ehtimal edirdilər ki, qızcığaz appendisit və peritonitdən dünyasını dəyişib.
Qızının ölümüylə barışmayan Pompadur dərddən dəli olmaq dərəcəsinə çatır. Xəstəliyi daha da şiddətlənən hersoginya uzun müddət yataqdan qalxa bilmir. Bu müddətdə onun yanında olan yeganə şəxs isə kral idi.
Siyasi karyera
Hər zaman üzündən gülüş əskilməyən, “kral əyləncələrinin təşkilatçısı” uzun müddət üzə çıxmır. 1755-ci ilin ortalarında planlar qurmağa başlayır – siyasətə qatılmaq, kralı mümkün olduğu qədər dövlət işləri qayğılarından azad etmək... O, birinci nazirin vəzifələrini icra edərək siyasi və iqtisadi müşavir olmaq istəyirdi.
Bunun üçün dostlarının köməyinə müraciət edir. Dostları isə adi adamlar deyildi – xarici işlər üzrə dövlət katibi Antuan Ruye, abbat de Berni və Venesiyadakı keçmiş səfir...
Daha sonra dövlət nümayəndələrini toplayaraq onlarla siyasi mövzularda danışıqlar aparmağa başlayır. Hakimiyyət uğrunda növbəti addım isə krala hər nazir haqqında qərarları barədə məktub yazmaq oldu.
Kraliçanın saray xanımı
Nazir olmaq üçün təkcə sarayda kralın sevgilisi olmaq kifayət deyildi. Qərar vermək iqtidarındakı şəxs olmalıydın. Pompadur əmindi ki, kraliçanın saray xanımı olaraq istədiklərini həyata keçirə bilər. Pompadurla münasibəti olan Leşinskaya buna qarşı çıxmır. Ancaq gərək keşiş Pompadurun günahlarını bağışlayaydı. Çünki kraliça dindardı və saray xanımı olmaq istəyənlərə bunu ilk şərt kimi irəli sürürdü.
Ancaq heç bir keşiş müqəddəs ayini həyata keçirməyə razı olmurdu. Pompadur hətta Roma Papasınadək müraciəti planlaşdırırdı, ancaq hər şey faydasızdı. Nəticədə kiçik bir kilsənin keşişi onun günahlarından təmizlənməsini həyata keçirməyə razı olur. Lakin bir şərtlə: Pompadur ərinə qayıtmalıydı.
Pompadur 1756-cı il fevralın 8-də kraliçanın saray xanımı olur. Səlahiyyətlərinə kraliçanı kilsədə, rəsmi tədbirlərdə müşayiət etmək daxil idi. Şəxsi istəyilə kraliçaya tez-tez gül-çiçək belə alırdı.
Siyasət. Müharibə
Pompadur tezliklə ətrafına tanıdığı insanları toplamağa başlayır. 1757-ci ildə hersoginyanın dostu kardinal Berni xarici işlər naziri vəzifəsinə təyin olunur. Berni fəaliyyətində Fransayla Avstriyanın hərbi yaxınlaşması kursunu əsas götürmüşdü. Bu isə hər zaman düşmənçilik edən tərəflər üçün gözlənilməz addımdı.
Ancaq 1758-ci ildə Berninin Pompadurla dalaşması onun vəzifəsini itirməsinə səbəb olur. Hersoginya düşünmədən Etyen fransua de Şuazyölü Berninin yerinə gətirir.
Məhz Şuazyöl Fransa və Avstriyanı müttəfiqə çevriən nazir oldu. İmzalanmış sənədlərin birində yazılırdı: tərəflərdən birinə hücum etsələr, digəri onu dəstəkləyəcək. Eyni zamanda, Avropa Avstriyaya qarşı elan edilmiş Yediillik müharibənin astanasındaydı. Bu səbəbdən Fransa daha əvvəl görülməmiş miqyasda münaqişəyə cəlb olundu.
Müharibə Fransa üçün ağır məğlubiyyətlərlə nəticələndi. Avstriyanın tərəfində çıxış edən Rusiyanın müharibədən çıxmasından sonra vəziyyət Fransa üçün faciəvi xarakter almağa başladı.
Müharibə 1762-ci ildə sülhlə bitdi. Fransa artıq Şimali Amerika və Hindistandakı mülklərinin əhəmiyyətli hissəsindən məhrumdu. Prussiya isə dünyəvi dövlət statusu aldı. Fransız sarayında bütün bu olanlara görə məsuliyyəti diplomatik və hərbi vəzifələrə “özününkülər”i gətirən Pompadurun üzərinə qoydular.
Xəstəlik
1764-cü ildə markiza ciddi şəkildə xəstələnib yatağa düşür. Krala bu haqda məlumat verəndə, o, əvvəlcə inanmaq istəmir. Çünkü hələ bir gün əvvəl özü Pompadurla görüşmüş, onda heç bir xəstəliyin əlamətini sezməmişdi. Markiza artıq bir neçə gündür, onu yatmağa qoymayan amansız öskürəyini, şiddətli baş ağrısını hər kəsdən gizlədirmiş.
Temperaturu yüksəlir, öskürəyi keçmir, öskürək yatmağa belə qoymurdu. Pompadur boğazı qıcıqlandığından uzana da bilmirdi. Kresloda mürgüləməli olan markizaya yan-yörəsində vurnuxan həkimlər kömək edə bilmirdilər.
Bir aya yaxın isə əsl möcüzə yaşanır. Xəstəlik yox olmağa başlayır. Markiza, nəhayət, yatağında yata bilir. Krala hər gün səhhəti barədə məruzə edilir.
Ancaq hər şey qəfil yenidən pisləşir. Aprelin 15-də markiza keşişin çağrılmasını istəyir. Keşiş səhərdən günortayadək Pompadurun yanında qalır. Axşam kilsəyə qayıtmaq istəyən keşişi markiza saxlayaraq deyir: “Bir az daha gözləyin, Müqəddəs ata. Sizinlə birlikdə yola düşəcəyik”.
Markiza saat 19:00-da 43 yaşında dünyasını dəyişir. Pompadur heç bir mərasim keçirilmədən dəfn olunmasını vəsiyyət etmişdi. Sərvəti 13 milyon livrdən çox idi. Sərvətini dostları və qulluqçuları arasında bölmüş, bütün daşınmaz əmlakınısa qardaşı Abelə vəsiyyət etmişdi. Tarixçilərin bildirdiyinə görə, qəbrinin üzərində bu sözlər yazılmışdı: “Burada 20 il bakirə qız, 10 il fahişə, 13 il isə vasitəçi olmuş şəxs yatır”.