Stalinin qoruduğu Azərbaycan şairi: “Onu İrana vermək olmaz”
12-03-2016, 05:52
Bu il Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 875 il ötür. Martın 12-də isə dünya şöhrətli ədibimizin vəfatının ildönümüdür. Təəssüf ki, bir sıra xalqlar klassik dünya ədəbiyyatına əvəzsiz töhfələr vermiş azərbaycanlı şairə “sahib” durmaq, onu özününküləşdirmək, dünya miqyaslı əsərlərini ələ keçirmək üçün ayrı-ayrı vaxtlarda müxtəlif vasitələrə əl atıblar.
Ötən əsrin 30-cu illərində SSRİ, o cümlədən Azərbaycan ədəbiyyatçıları, habelə ölkənin bir sıra araşdırmaçıları tərəfindən başladılan xüsusi kampaniya da Nizami Gəncəvinin Azərbaycan şairi olmasını sübuta yetirməkdən ibarət idi. Sovet arxeoloqu, etnoloq, antropoloq Viktor Şnirelmanın sözlərinə görə, yenidən yaradılmış Azərbaycan SSR-i üçün Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasını 1936-cı ildə ləğv etdikdən sonra ölkəni İrandan və Türkiyədən (ortaq tarixdən) ayırmaq üçün xüsusi tarixin yazılması lazım gəldi. Ümumiyyətlə SSRİ rəhbərliyi Azərbaycanı Türkiyədən, habelə İranla bir sıra ortaq dəyərlərdən ayırmaq üçün müxtəlif vasitələrə əl atırdı. Latın qrafikalı əlifbanın bir neçə il sonra kiril əlifbası ilə əvəzlənməsi (Türkiyə də latın qrafikalı əlifbaya keçmişdi), habelə digər qərarlar bu qəbildən idi.
Azərbaycan Dövlət Universitetində Azərbaycanın tarixi kafedrasının yaradılması, Azərbaycanın tarixi qəhrəmanlarının bu xalqa məxsus olması haqda təbliğat sürətlə aparılırdı. Bunlardan biri də 30-cu illərdə həyata keçirilən yubiley kampaniyaları idi. 1930-cu illərin ikinci yarısında, “sovet vətənpərvərliyi” hərəkatı çərçivəsində ümumittifaq miqyaslı yubileylər təşkil edildi. Aleksandr Puşkinin vəfatının 100 illiyi, “İqor polku haqqında dastan”ın 750, “Pələng dərisi geymiş pəhləvan” gürcü klassik poemasının 750-illik yubileyləri keçirildi. Bu tədbirlər digər Qafqaz respublikalarıyla yanaşı, sovet Azərbaycanında da təşkil edildi. Ümumittifaq yubileyləri kampaniyası çərçivəsində Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işləri başlandı.
Bunun üçün əvvəlcə Nizaminin Azərbaycan şairi elan olunması lazım idi.
Araşdırmaçı Aleksandr Otaroviç Tamazişvili bildirir ki, Nizaminin milliyyətcə azərbaycanlı olması, onun Azərbaycan şairi olması 800 illik yubiley tədbirlərində həyata keçirildi. Arxeoloq, etnoloq, antropoloq Viktor Şnirelmanın sözlərinə görə, tədbirlər 1938-ci ildə təşkil olundu. Hadisələrin ardıcıllığını təhlil edən Tamazişvili bildirir ki, Nizamini Azərbaycan şairi kimi tanımaq ideyası ilk olaraq Azərbaycan SSR KP-nın MK-ın birinci katibi Mircəfər Bağırova məxsusdur. Bağırov həmin dövrdə Nizaminin farslaşdırılmasının qəti əleyhinə idi və bunu məfkurə cəhətdən qəbuledilməz sayırdı.
1930-cu illərin sonlarında bu məsələnin həlli respublika səviyyəsinin xadimlərinin səlahiyyətləri çərçivəsində idi. Lakin istisnalar da vardı. Bir çoxları hesab edirdi ki, Nizamini Azərbaycan şairi adlandırmaq cəhdi imperiya hakimiyyəti tərəfindən millətçilik kimi qiymətləndirilə bilər. Həmçinin Orta Asiya alimlərinin də Nizaminin bu regionun xalqlarına məxsus olması ilə bağlı etirazları gözlənilən idi.
1937-ci ildə SSRİ-də “Azərbaycan poeziyasının antologiyaları”nın buraxılışı planlaşdırılırdı. Onun ilkin variantına Nizaminin şeirləri daxil edilməmişdi. Avqustun 1-də «Бакинский рабочий» qəzetində antologiyanın üzərində işin başa çatdırılmasi haqda məqalə dərc olundu. Lakin məqalədə Nizaminin şeirlərinin antologiyaya salındığı vurğulanmışdı. Bundan əlavə, «Правдa» qəzetində Nizami haqqında yazı dərc olundu. Sovet İttifaqının əsas mətbu orqanında Nizami haqqında yazının dərci o demək idi ki, ittifaq ölkələrinin sakinləri Nizami haqqında bilgilərə malik olmalıdırlar. Habelə Elmlər Akademiyası bu işdə öz sözünü deməli idi.
1939-cu ilin 3 aprelində «Правдa» qəzetində Ukrayna şairi Mikol Bajanın Stalinlə görüşü haqqında məqaləsi işıq üzü gördü. O, SSRİ rəhbərinin Nizamiyə rəğbətini etiraf edirdi: “Yoldaş Stalin Nizami haqqında danışırdı, onun əsərlərindən sitat gətirirdi. İosif Vissarionoviç dedi ki, Nizami Azərbaycan şairi olub. Düzdür, Nizami poemalarının çoxunu fars dilində yazıb. Amma Azərbaycan xalqının bu böyük şairini İran ədəbiyyatına qətiyyən vermək olmaz. Çünki Nizami özü də əsərlərində etiraf edib ki, o, əsərlərini fars dilində yazmağa məcbur idi. Əks təqdirdə şairə öz xalqı üçün yazıb yaratmağına imkan verməyəcəkdilər. Yoldaş Stalin bu sözləri deyəndən sonra yenə Nizamidən sitat gətirdi”.
Valter Kolars da bildirir ki, zülmkarlara qarşı çıxan Nizami yad dildə yazmağa məcbur edilmiş böyük Azərbaycan şairidir. İosif Stalin onunla söhbətində Nizaminin fars ədəbiyyatına aid olmadığını bildirib.
Həmin ərəfədə «Правда» Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri – Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin Stalinə minnətdarlıq məktubunu dərc edir. Azərbaycan şairləri Nizamini Azərbaycana qaytardığına görə Stalinə təşəkkür edirdilər. Məktub şeir formasında yazılmışdı.
Sonrakı illərdə də Stalinin Nizaminin Azərbaycan şairi kimi qəbul edilməsi məsələsindəki rolu dəfələrlə vurğulanırdı. Belə ki, 1947-ci ildə Azərbaycan SSR-ının Dövlət Plan Komitəsinin sədr müavini (1970-ci ildən Nazirlər Şurasının sədri) Əli İbrahimov Nizamini ədəbi irsinin öyrənilməsinin inkişafında Stalin rolunu belə xarakterizə etdi: “Sovet İttifaqının alimləri tərəfindən Nizami yaradıcılığının hərtərəfli öyrənilməsinə, onun zəngin mirasının geniş miqyasda tədqiqatına 1939-cu ildə başlanıldı. Bu məsələdə bizim böyük rəhbərimiz yoldaş Stalin həlledici rol oynadı. O, yazıçılarla söhbətində Nizamidən sitat gətirir, Azərbaycan şairi adlandırdığı bu ədibin yaradıcılığını yüksək qiymətləndirirdi”.
Nizaminin ittifaq və respublika miqyasında keçirilən təntənəli yubiley mərasimlərinin gedişatında dəfələrlə qeyd edilirdi, Nizami Azərbaycan xalqına sovet hakimiyyəti və şəxsən Stalin qaytarıb. Hətta Səməd Vurğun 1940-cı ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatının ongünlüyü çərçivəsində bununla bağlı xüsusi məruzə ilə çıxış etdi. O, vurğuladı ki, Stalin Azərbaycan xalqına onun ən böyük şairi Nizamini qaytarıb.
1947-ci ilin 22 sentyabrında «Правда» qəzetində SSRİ Yazıçılar İttifaqının sədr müavini Nikolay Tixonovun “Nizami” məqaləsi dərc edildi. Məqalədə bildirilirdi: “Məlumdur ki, Nizami öz poemalarını fars dilində yazıb. Azərbaycan xalqının bəzi düşmənləri, o cümlədən burjuaziya tarixçiləri, habelə İran millətçiləri bu faktdan Nizamini İran şairi elan etmək üçün istifadə edirdilər. Lakin bu ağ yalan heç kəsi aldatmayacaq”.
Məqalənin dərc edilməsindən bir qədər sonra – 1939-cu ildə Böyük Sovet Ensiklopediyası Nizami Gəncəvini Azərbaycan şairi adlandırdı. Sonda bir maraqlı məqama da diqqət çəkmək yerinə düşür: – Stalinin rəqibləri onun bu məsələdəki rolunu ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atdılar. Tamazişvili qeyd edir ki, Bertels, habelə ondan sonra fəaliyyət göstərmiş araşdırmaçılar öz əsərlərinin heç birində Nizaminin bütün SSRİ-də Azərbaycan şairi kimi qəbul edilməsi məsələsində Stalinin rolunu “unudublar”. Həmçinin Azərbaycan müəlliflərinin nəşrləri daxil olmaqla, Rusiya nəşrlərinin heç birində Stalin bu məsələdəki müstəsna rolu haqqında hər hansı qeyd aparılmayıb.
Anar Tağıyev, publika.az