Türk Əfşarlar İmperiyası: Şiəlikdən İslam birliyinə, İrançılıqdan Turançılığa - I yazı
25-03-2016, 21:50
Hazırda dünya tarixi, o cümlədən Azərbaycan tarixi çərçivəsində mürəkkəb, dolaşdırılmış “tarix”lər arasında Əfşarlar dövlətinin və onun banisi Nadir şah Əfşarın tarixi xüsusi yer tutmaqdadır. Hər halda ən azı Azərbaycan türk xalqı olaraq (cənublu-şimallı) Turan-Türk tarixinin ən böyük dövlət və fikir dühalarından olan Nadir şah Əfşar (1688-1747) və onun qurucusu olduğu Əfşarlar dövləti haqqında doğru bilgilərə sahib deyilik. Çünki İngilis-Amerikan, Rus-Slavyan və Fars-İran imperializminin son iki əsrdə şüurlarımıza yeritdiklərinin sonucu olaraq Nadir şah Əfşar şəxsiyyəti, Əfşarlar dövləti “milli-elm tarixi” kitablarında tamam başqa çalarlarda öz əksini tapmışdır. Bunun əsas səbəblərindən biri, bəlkə də birincisi Nadir şah Əfşarın Oğuz-Türk, bir sözlə Turan soyundan olması və “şiəçiliy”ə qarşı apardığı mücadiləsidir.
Ona görə də zərrə qədər də şübhə etmirik ki, bu gün Nadir şah Əfşarla, onun qurduğu Əfşarlar dövlətiylə bağlı bilmədiyimiz, yaxud da yanlış öyrədilən bir çox məsələlər vardır. Əgər Turann Tarix-Düşüncə Sistemimizi yenidən diriltmək, bərpa etmək istəyiriksə o zaman Əfşarlarla bağlı məsələləri çözməli, əsil həqiqəti Turan-Türk xalqlarına, Turan irqinə olduğu kimi çatdırmalıyıq. Bizcə, bu anlamda Nadir şah və Əfşarlar dövlətiylə bağlı aydınlıq gətirilməsi vacib olan, Turan Tarix-Düşüncə Sistemimizə işıq tuta biləcək ən önəmli məsələlərdən biri Səfəvilərin süqutunun səbəbləri və Əfşarlar dövlətinin hansə zəmində qurulmasıdır.
Səfəvi Türk Dövlətinin sonunun gəlməsi Nadir şahın ortaya çıxmasından öncə başlamışdır. Artıq 17-ci əsrin sonu, 18-ci əsrin başlarında Səfəvilərin Qızılbaşlıq, ya da sonralar daha geniş yayılmış adıyla “şiəçilik” ideyası tənəzzülə uğrayırdı ki, bunun fonunda hərbi gücdən də məhrum olan Səfəvilərin son hökmdarlarından Sultan Hüseyn (1694-1722), onun oğlu II Şah Təhmasib (1722-1732) faktiki olaraq ölkəni idarə etməkdə çətinlik çəkirdilər. Burada əsas düşündürücü məqam Səfəvi Türk dövlətinin sürətlə yıxılmasının əsil səbəbləridir. Bizcə, Səfəvi Türk dövlətinin süqutunu Sultan Hüseyin və II Şah Təhmasibin yalnız bacarıqsızlıqları, içki və qadın düşkünləri olması ya da iqtisadi böhranlarla izah etmək doğru deyildir. Bütün bunlarla yanaşı, Səfəvi Türk dövlətinin sonunun gəlməsinin əsas səbələri aşağıdakılar olmuşdur:
1) Türk qızılbaşlığının fars şiəçiliyinə tabe etdirlməsi,
2) Türk tayfalarının ordudan və dövlətdən hakimiyyətdən tamamilə uzaqlaşdırılaraq farsdililərin, gürcülərin və başqalarının onların yerinə gətirilməsi
3) Millət və vətən təəssübünün zəifləməsi, yəni teokratik dövlətin çərçivəsindən kənara çıxaraq milli dövləti tam formalaşdıra bilməmək,
4) Səfəvi Türk hökmdarlarının və Türk ordusunun nüfuzunun, səlahiyyətlərinin azalması fonunda farsyönlü din üləmalarının nüfuzlarının, səlahiyyətlərinin sürətlə artması və “şiəliyin” radikal hala gəlməsi.
Əgər Baharlı-Qaraqoyunlu və Bayandur-Ağqoyunlu dövlətlərinin uzun yaşaya bilməməsinin səbəbi bir-birindən güclü Türkmən boylarının varlığı idisə, bunu dini məzhəbçilik anlamında qızılbaşlıq-şiəlik ideyasıyla əsasən aradan qaldırmağı bacaran Səfəvilər, ancaq sonralar bu məsələdə fars şiəçilərinə və digərlərinə uduzmaqla milli dövlət, milli imperiya prinsiplərini qoruya bilmədilər. Sadəcə, I Şah Abbasın islahatlarıyla (şiəçiliyi daha gücləndirmək, orduda türk və qeyri-türklər arasında bərabərlik yaratmaq vəs.) Səfəvi Türkmən Dövləti ömrünü bir əsr də uzada bildi. Ancaq Süleyman şah, xüsusilə onun oğlu Sultan Hüseynin dövründə artıq I Şah Abbasın islahatları da öz əhmiyyətini itirmiş oldu. Artıq Səfəvi dövlətində hakimiyyət hökmdarın nəzarətindən çıxıb şiə üləmalarının əlinə keçimişdi. Bizcə, Sultan Hüseynin taxta çıxardılmasında da əsas rolu şiəçi din üləmaları və əyanlar əsas rol oynadılar. Bununla da dövlət daxilində ikihakimiyyətlilik yaranmışdı ki, Sultan Hüseynin taxta çıxmasından sonra şiəçi din rəhbərləri və əyanlar daha da ön plana çıxıdılar. Artıq Sultan Hüseyn şiə üləmasının və əyanlarının təsiri altında olub, onların dediklərini hərfiyyən həyata keçiridi. Beləliklə, dövlət daxilində “şiəliy”in ifratlaşdırılması fonunda sünni əfqanlar, bəlucilər, sistanlılar və başqaları ayaqlanmaşa başladılar. Bir yandan dövlətin içində ideolji və iqtisadi böhranın artması, özəlliklə 1722-ci ildə paytaxt İsfahan da daxil olmaqla dövlətin böyük bir hissəsinin Əfqanların-Gilzayların əlinə keçməsi, digər tərəfdən çar Rusiyası, İngiltərə, Fransa və Osmanlı kimi dövlətlərin təhdidləri, xüsusilə Rusiya və Osmanlının Səfəvi torpaqlarına hərbi yürüşləri Səfəvi Türk dövlətinin süqutunu sürətləndirdi.
Bütövlükdə Nadirqulu xanın Oğuz Türkmən soylu Əfşar boyundan olmasını Mirzə Mehdi Astarabadi, Məhəmməd Kazım Mərvi, A.A.Bakıxanov, L.Lokkart, K.Bosvort, Stenli Len-Pul, V.Minorski, E.Şmidt, S.R.Kişmişev, Ə.Kəsrəvi, S.Nəfisi, M.R.Arunova, P.Q.Butkov eyni zamanda bir çox çağdaş tədqiqatçılar da yazıblar. İngilis müəllifi K.Bosvort, M.Aksvorti, L.Lokkart yazırlar ki, Nadir şahın təmsilçisi olduğu Əfşar Oğuz Türkmən soylu Əfşar tayfasından olub Moğolların hakimiyyəti dövründə Mərkəzi Asiyadan köç edərək Azərbaycan və Anadoluda məskunlaşıblar. Ancaq Səid Nəfsi, Əhməd Kəsrəvi, Məhəmməd Hüseyn Qüddusi, Abdurraman Ateş və başqaları Əfşarların daha öncələrdən, ən azı V-VI əsrlərdən Azərbaycanda məskunlaşdıqlarını iddia edirlər. Çox az sayda müəlliflər (Əbuturab Sərdadvər, Əlirza Əfşar Cəm, F.Əsədov vəb.) isə ciddi arqumentlər irəli sürmədən Nadir şahın İran/Farsmənşəli olmasını yazıblar. Nadir şah özü Osmanlı dövlətinin sədrəzəmi Əli Paşa Həkimoğluna göndərdiyi məktubunda yazır: “Mənim cəddim müqəddimə Çingiz xurucunda Ruma gedən ali-Osmanın cəddi Ərtoğrulun qarındaşı olub, babaları Süleyman şah suya qərq olduqda mənim cəddim İrana getmiş idi”. Eyni zamanda Nadir şahın şəxsi səlnaməçisi Mirzə Mehdi xan da yazır ki, Nadir şah Türkmənlərin Əfşar boyundandır. Dogrudan da, Türkmən Əfşarlara aid Qırıxlı tayfası və həmin tayfaya aid yer adları bu gün də Anadoluda, Azərbaycanda və Xorasanda izini sürdürməkdir. XIX əsr Türk (Azərbaycan) tarixçisi Abbasqulu Ağa Bakıxanov Nadir şah Əfşarın soykötüyü ilə bağlı yazdıqları da, onun Oğuz Türkmən Əfşarların Qırıxlı tayfasından olmasını təsdiq edir: “Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan Türkmən əfşarlarından Qırıxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu”.
Deməli, Nadirqulu xan Oğuz-Türk-Türkmən ulusunun Əfşarlar boyunun Qırıxlı tayfası kimliyi altında Səfəvi Türk dövlətini əfqanlar, ruslar, osmanlıların (Türkiyə türkləri) tapdağından xilas etmək üçün milli mücadiləyə başlamışdır. Dini məzhəb qovğalarının nəticəsində Səfəvi Türk dövlətinin gözləri önündə süquta uğramasını, bundan sui-istifadə edən rusların, əfqanların və başqalarının Səfəvi torpaqlarını yağmalamasını sinirə bilməyən Nadirqulu xan Oğuz Türk kimliyi, vahid İslam ümmmətçiliyi düşüncəsiylə yola çıxaraq Səfəvi Türk dövlətinin işğal olunmuş torpaqları üzərində hökmranlığını bərpa etməyə çalışmışdır. Nadirqulu xanın bu əməyini qiymətləndirmək məcburiyyətində olan Səfəvi Türk hökmdarı II Şah Təhmasib 1726-cı ildə əvvəlcə onu hərbi müşavir (qorçubaşı), daha sonra ordu başçısı təyin etmişdir.
Bundan sonra keçən bir neçə il ərzində Nadirqulu xan əfqanlar, ruslar və osmanlılar üzərində böyük qələblər əldə edərək böyük ölçüdə Səfəvi Türk dövlətinə aid torpaqları geri qaytarmış, paytaxt İsfahanı əfqanlardan azad etmişdir. Ancaq bütün bunlara baxmayaraq, Səfəvi Türk hökmdarı II Şah Təhmasibin şiəçi din üləmalarının və xanlarının da təhrikiylə Nadirqulu xana qarşı olan inamsızlığı 1732-ci ildə birincinin taxtdan salınması və faktiki olaraq sonuncunun Səfəvilər dövlətinin əsas şəxsi olmasıyıla nəticələnmişdir. Özəlliklə, Nadirqulu xanın millət və vətən üçün gördüyü milli mücadiləni doğru dəyərləndirə bilməyən, bunu bir şəxsi-vəzifə davası kimi qəbul edən II Şah Təhmasibin şiəçi fars əyanlarının təhrikiylə 1731-ci ildə Osmanlı və çar Rusiyası üzərində apardığı uğursuz hərbi əməliyyatlar Səfəvilərin birmənalı şəkildə sonunu gətirmişdir. Bizcə, Nadirqulu xan da millət və vətən məsələlərini şəxsi-vəzifə məsələsi kimi gördüyü, daha doğrusu “şiəçi” din üləmalarının əlində oyuncağa çevrildiyi üçün II Şah Təhmasibi Səfəvi Türk dövlətinin taxtından salaraq onun yerinə oğlu III Şah Abbası (1732-1736) taxta çıxartmışdır.
Nadir şah Əfşar Səfəvilər dövlətinin birinici şəxsinə çevrildikdən sonra (1732) da Osmanlı və Rusiyaya qarşı apardığı müharibələrdən qalib çıxmış, hətta çar Rusiyasına ultimatum göndərmişdi ki, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk etməlidirlər. Nadir şahın çar Rusiyasının nümayəndələriylə 1735-ci ilin martinda Gəncə yaxınlığında bağladığı müqaviləyə əsasən rus qoşunları Turanın mərkəzi olan Azərbaycanın şimal bölgəsini (Dərbəndi, Salyanı, Bakını və b.) tərk etməyə məcbur olmuşlar. Eyni zamanda Nadir şah Osmanlı-Türkiyə qoşunlarını da Azərbaycan ərazisindən tamamilə çıxartmağa nail olmuşdu. Ancaq bu gün Azərbaycanın bəzi “tarixçi”ləri həmin dövrdə çar Rusiyası qoşunlarının işğalçılığını “unudaraq”, daha çox Osmanlı Türk qoşunlarının Azərbaycandan çıxarılmasını üzərində dayanırlar: "Azərbaycan ərazisi tamamilə türk əsgərlərindən təmizləndi. Lakin bu heç də Azərbaycan xalqına azadlıq gətirmədi. Ölkədə türk işğalçılarını İran işğalçıları əvəz etdilər".
Birincisi, “müstəmləkəçi” ruhlu bəzi “Azərbaycan tarixçi”ləri yazmırlar ki, Nadir şah Turanın mərkəzi olan Azərbaycanı yalnız Osmanlı Türk qoşunlarından deyil, eyni zamanda çar Rusiyasının işğalçı qüvvələrindən də təmizləmişdir. Çar Rusiyasını və Sovet Rusiyasını işğalçı kimi qələmə verməkdən bacardıqları qədər yan qaçan həmin “Azərbaycan tarixçiləri”nin gücləri, hələ də yalnız Osmanlara, Əfşarlara və Qacarlara çatır.
İkincisi, “ölkədə türk işğalçılarını İran işğalçıları əvəz etdilər" fikiri tamamilə yanlışdır. Çünki “İran işğalçıları”kimi qələmə verilən ordunun əsasını Oğuz türkləri, o cümlədən Azərbaycan türkləri təşkil edirdi ki, həmin ordunun başçısı da Oğuz-Türk ulusunun Əfşar boyundan olan Nadir şah Əfşar idi. Nadir şah Əfşar isə Osmanlı və çar Rusiyasına qarşı müharibəni ilk növbədə, Səfəvi Türk dövləti və Azərbaycan Turan adına aparırdı. Sadəcə, həmin dövrdə tarixi-coğrafi anlamda “İran” adı geniş yayıldığı ya da bilərəkdən ideoloji hala gətirildiyi üçün Nadir şah Əfşar özünü “İran” hökmdarı kimi də qəbul edirdi. Eyni müddəanı “Rum” hökmdarı kimi də tanınan Osmanlı dövlətinin başçısı Sultan Mahmuda və digərlərinə də aid etmək olar. Bu anlamda Nadir şahın “İran”, Sultan Mahmudun “Rum” hökmdarları adını daşımaları onların qurduqları ya da idarə etdikləri dövlətlərin Türk dövlətləri olmamaları anlamına gələ bilməz. Nadir şah Əfşar Səfəvi Türk dövlətinin taxtına hər şeydən öncə, “İran” hökmdarı deyil Türk müdriklərinin yetkisi və xalqın istəyilə Oğuz-Türkmən övladı kimi çıxmışdı.
Əfşarlar dövlətində önəmli vəzifə tutmuş Mirzə Mehdi xan fars dilində Nadir şaha həsr etdiyi əsərində yazır ki, onun taxta çıxması isə zor gücüylə deyil, xalqın istəyi və müdriklərin razılığıyla baş vermişdir. Belə ki, həmin dövrün şəraiti, xüsusilə II Şah Təhmasibin ikili oyunları və onun taxtdan düşürülməsindən sonra faktiki olaraq dövlət, millət və vətənin sahibsiz qalması Nadir şahı 1736-cı ildə Muğanda Qurultay keçirməyə məcbur etmişdir. Həmin qurultayda Nadir şahın Səfəvi taxtında oturmaqdan əvvəlcə boyun qaçırması qurultay iştirakçılarının, o cümlədən sonralar onun qətlində əli olmuş Cəfər xan, Rza xan, Məhəmməd xan və başqa xanların gözü önündə baş vermişdi. Nadirqulu xan yalnız qurultay iştirakçılarının nəzərinə çatdırdığı üç şərti qəbul edəcəkləri, yəni II Şah Təhmasibin və onun övladlarından hər hansı birinin şahlıq iddiasına düşdüklərində cəzalandıırılmalarına etiraz etməyəcəkləri, “şiəçiliy”in radikal tərəflərinin aradan qaldırılmasına razılıq verəcəkləri və onun öz övladlarına sədaqətli olmalarına and içəcəkləri halında Səfəvi taxtına oturacağını bildirmişdir.
Çox yazıqlar olsun ki, Sovetlər Birliyinin tarixşünaslıq konsepsiyasından hələ də qurtula bilməyən bir çox “Azərbaycan tarixçiləri” Nadir şahın 1736-cı ildə Muğanda – Azərbaycanda keçirilən qurultayda şah seçilməsinə də bacardıqları qədər qeyri-ciddilik, qeyri-legitimlik forması verməyə çalışmışlar: “Nadir şahın özünü şah “seçdirdiyi” Muğan qurultayında...”. Halbuki, Nadir şahın Muğanda Səfəvi Türk dövlətinin davamçısı olaraq taxtda oturması qanuni bir şəkildə həyata keçirilmişdi. Bunu, XIX əsr Azərbaycan tarixçiləri Mirzə Adıgözəl bəy, Mir Mehdi Xəzani, A.A.Bakıxanov da təsdiq edirlər. A.A.Bakıxanov yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 000 min adam gəlmişdi: “Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının 26-da İranın (Turanın – F.Ə.) səltənət taxtına oturdu”.
Gördüyümüz kimi, bugünkü bir çox tarixçilərdən fərqli olaraq Nadir şahın Səfəvilərin taxtına qanuni olaraq oturmasını XVIII-XIX əsrlərdə yaşamış əksər Türk (Azərbaycan) tariçxiləri labüd və qanunauyğun hal kimi qələmə almışlar. Artıq Turan və Azərbaycanda hakimiyyətdə Əfşarlar idi. Başqa sözlə, Turan və onun mərkəzi Azərbaycanda bir Türk dövlət olan Səfəviləri, digər Türk dövləti Əfşarlar əvəz etmişdi. Səfəvi Türk dövləti kimi Əfşar Türk dövləti də ilk növbədə, Azərbaycan və Turanla bağlı idi. Nadir şah Əfşarın hökmranlığı da “İran hökmranlığı” deyil, əslində Turan-Türk hökmranlığı idi.
Doç., Dr. Faiq Ələkbərov