Kremlin təvazökar qəbirqazanı, Mikoyanın qıymazlığı - Brejnevin dəfni zamanı çıxan gurultunun əsl sirri.

2-09-2022, 09:49           
Kremlin təvazökar qəbirqazanı, Mikoyanın qıymazlığı -
Ən yeni tarix. Maraqlı faktlar.
Onun vəzifəsinin qeyri-rəsmi adı “Kremlin qəbirqazanı”, rəsmi adı isə Moskvanın Novodeviçye qəbirstanlığında cənazə xidmətində xidmətçi olub. Özünün təbirincə isə desək, “kədərli peşənin ustası”.
Georgi Kovalenko sözün əsl mənasında öz işinin ustası olub. Siyasi Büronun əksər üzvlərini qəbirdə görən Kovalenkoya birincilərin qəbrini qazmaq həvalə olunub. O, bu işi peşəkarlıqla görüb, qəbiri qazıb, tabutu sallayıb, üstünü torpaqlayıb və heç vaxt da gördüyü işdə kiçik də olsa belə səhv buraxmayıb, problem yaratmayıb.
Kovalenkonun bu peşəyə gəlməsi də sırf təsadüf nəticəsində baş verib. Qonşusunun köməyi ilə SİTA-da (Sovet İttifaqı Teleqraf Agentliyi) fəhlə kimi işə düzəlmək istəyəndə kadrlar idarəsində onun ərizəsinə müsbət cavab veriblər. Amma bildiriblər ki, idarənin rəisi saat 3-dən sonra olacaq və əmrin hazırlanması üçün onun iştirakı vacibdir. Kovalenko küçəyə çıxıb bir müddət gözləməli olub, yağış yağdığından trolleybus dayanacağına sığınıb. Dayanacaqda şüşəyə yapışdırılmış elan Kovalenkonun diqqətindən yayınmayıb: “Novodeviçye qəbirstanlığına təcili işçi tələb olunur. Maaş yüksəkdir”.
Beləliklə, Kovalenko birbaşa qəbirstanlığa yollanıb, qəbirstanlığın inzibati binasında onun sənədlərini qəbul ediblər və elə həmin gün də işə qəbulla bağlı əmrini veriblər.
Fiziki cəhətdən sağlam, işinə məsuliyyətlə yanaşan, hamı ilə mehriban münasibət qurmağı bacaran Kovalenkoya az müddətdən sonra yüksəkçinlilərin dəfni tapşırılıb.
O, dörd baş katibin Nikita Xruşovun, Leonid Brejnevin, Yuri Andropovun, Konstantin Çernenkonun qəbrini qazıb. Birincilərlə yanaşı Kovalenko onlarla naziri, komitə sədrini, Siyasi Büronun üzvlərini, Mərkəzi Komitənin katiblərini, marşal və generalları da son mənzilə yola salıb.
Kovalenkonu SSRİ-nin bütün siyasi elitası yaxşı tanıyıb və Kremlin qəbirqazanı onlarla isti münasibətlər qurmağı bacarıb.
Brejnevin anasını dəfn edəndə baş katib əlini onun çiyninə qoyub şəxsən təşəkkürünü bildirib və yanında dayanan daxili işlər naziri Nikolay Şelokova göstəriş verib ki, Kovalenkonu “mükafatlandırsın”.
Ümumiyyətlə, Kovalenkonun bu işdə dolanışığı pis olmayıb. Dəfn sahibləri 25, 50, 100 rubl pulu qəbirqazandan əsirgəməyiblər. Ən azı hər dəfndən sonra Kovalenkoya iki-üç şüşə içki verilib. O, öz şəxsi problemlərini həll etmək üçün də böyüklərə ağız açmaqdan çəkinməyib.
Kovalenko yalnız Anastas Mikoyandan uzaq gəzməyə çalışıb. Onun qardaşını dəfn etdikdən sonra Kovalenko Mikoyandan bir şüşə erməni konyakı istəyib. Buna görə Kovalenkonun başını ağrıdıblar, rəhbərlik onu ciddi şəkildə tənbeh edib. Mikoyan bir şüşə erməni konyakını qardaşının qəbrini qazan kəsə qıymayıb.
Uzun illər dəfn mərasimlərində canlı olaraq minlərlə, birincilərin dəfnində isə televiziya vasitəsi ilə milyonlarla insanın gözü qarşısında olsa da, Kovalenko mətbuatın diqqətindən kənarda qalıb. Nəhayət, 1982-ci ildə Georgi Kovalenko dünyada məşhurlaşıb. Leonid İliç Brejnevi dəfn edərkən qəbirdən çıxan gurultulu səs təkcə SSRİ-də deyil, bütün dünyada böyük marağa səbəb olub.
Mətbuata verdiyi açıqlamalarda Kovalenko bu məsələyə aydınlıq gətirib:
“Mən həmişə bir nəfərlə işləyirəm. Onun adı Vasili Prostatovdur. Biz bir-birimiz bir baxışdan anlayırıq. Bəlkə də bizim işimiz kənardan adi görünə bilər. Amma təsəvvür edin ki, dəfn prosesində minlərlə insanın gözü bizə dikilir. Bunların da əksəriyyəti böyük vəzifə sahibləri olur. Dəfn prosesində işin ağır tərəfini mən öz üzərimə götürürəm. Tabutu qəbirə sallayanda baş tərəfi, yəni ağır olan tərəfi mən qaldırıram. Brejnevi də bütün qayda-qanunla dəfn etdik. İndi diqqət yetirin. Biz tabutu qəbirə sallamağa başlayanda 10, 25, 40, 55-ci saniyələrdə toplardan atəş açmağa başladılar. Birinci atəş məhz biz artıq tabutu qəbirə qoyanda oldu, cəkiliş edən mikrofonlu kamera bizim bir metrliyimizdə idi, həmin səs mikrofona düşdü və hamıya elə gəldi ki, bu səs tabutun qəbirdəki torpağa dəyib çıxartdığı səsdir. Axı yumşaq torpaqdan elə səs çıxa bilməzdi. Sonradan bu məsələyə aydınlıq gətirildi. Amma bu gurultu mənim xeyrimə oldu. Bütün dünya məni tanıdı. Xüsusilə qərb mətbuatı bu hadisə ilə bağlı qəribə şərhlər vermişdilər. Bu gurultunun SSRİ-nin dağılmasına işarə olduğu qeyd etmişdilər. Mən siyasətçi deyildim, amma bu cür fikirlər mənim üçün çox gülünc görünürdü...”
Georgi Kovalenko mətbuata verdiyi müsahibələrdə digər maraqlı məqamlara da toxunub:
“1980-ci illərdə iş daha çox idi, Siyasi Büronun üzvləri bir-birinin ardınca həyatla vidalaşırdılar. Yuri Andropovun dəfni çox sakit keçdi. Onun tabutunu qaldıranda mənə elə gəldi ki, tabut boşdur, çox yüngül idi. Çernenko hakimiyyətə gələndə ürəyimə dammışdı ki, çox tez bir zamanda onun qəbrini qazacam. Elə də oldu, bir ildən sonra onu da dəfn etdik. Mixail Qorbaçovu ilk dəfə Çernenkonun dəfnində görəndə ürəyimdə düşündüm ki, yəqin bunun qəbrini qazmaq mənə qismət olmayacaq. İşimiz belə idi, dəfn edirdik, hər dəfnə görə əlavə pul yazılırdı, dəfn sahibləri özləri də pul verirdilər. Axşam isə şərikimlə bir şüşə arağı qabağımıza qoyub ölənin ruhunun şərəfinə badə qaldırırdıq. Yaxşı xatırlayıram, marşal Semyon Budyonnını dəfn etdikdən sonra ailəsi bizi də hüzr məclisinə dəvət etmişdi. Həmin məclisdə əməllicə-başlıca sərxoş olmuşdum. Mixail Suslovun dəfnindən isə evə qəpiksiz və ac qayıtdıq. Mədəniyyət naziri Yekaterina Furtsevanın dəfnindən sonra rəfiqələri bizə heç vaxt görmədiyimiz içkilər hədiyyə etmişdilər...”
1947-ci ildə Moskvada anadan olan Geogi Kovalenkonun öz qəbri isə 2003-cü ildə 56 yaşında qazılıb...
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.