Putinin bunkerində yalan ayaq tutub yeriyir! – Amma yalançını mənzilinədək qovarlar!

5-09-2022, 08:34           
Putinin bunkerində yalan ayaq tutub yeriyir! –
«Müttəfiq qüvvələrin» Ukraynadakı vəzifəsi Kiyevin Donbassa qarşı müharibəsini dayandırmaq və Rusiyanın özünü meydana gəlmiş təhdidlərdən müdafiə etməkdən ibarətdir.

Bu barədə sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Kalininqradda «Vacib olanlar barədə söhbət» açıq dərsində bəyan edib.

«Ukraynada 2014-cü ildəki dövlət çevrilişindən sonra Donetskin, Luqanskın əhəmiyyətli hissəsində və krımlılar çevrilişi tanımaq istəmədilər. Bu, uşaq mövzusu deyil, amma kifayət qədər aydındır. Onlara qarşı faktiki müharibəyə başladılar və səkkiz il müharibə apardılar. Bizim vəzifəmiz, bizim əsgərlərin, Donbass «üsyançılarının» missiyası - bu müharibəni dayandırmaqdan, insanları müdafiə etməkdən ibarətdir. Əlbəttə, Rusiyanın özünü qorumaqdır, çünki bugünkü Ukraynanın ərazisində anti-Rusiya anklavı yaratmağa başladılar ki, bu da bizim ölkəmiz üçün təhdiddir, çünki bizim döyüşən uşaqlar Donbass saknlərini və Rusiyanın özünü qoruyurlar» - Putin deyib.

Bundan əlavə, Kreml diktatoru Kalininqradda öz yalanlarını adəti üzrə davam etdirib. Məsələn, o, qeyd edib ki, guya Rusiya aktiv inkişaf edir, qətiyyətli fəaliyyət göstərmək və ölkəni daxildən və dünya səhnəsində səliqəli şəkildə möhkəmlətmək lazımdır və s.

Yalan danışmaq, necə deyərlər, «göpa basmaq» elə bir sarsaq adətdir ki, çətini başlamaqdır, ardınca danışan ağız öz-özünə insanların zəhləsini tökməyə başlayır və elə zənn edir ki, uydurduqlarının hər biri bir «incidir», fərqində olmur ki, əslində bu, «səbət dibindən gilas tökülür» kimidir.

Putinin bu «bəyanatı»nı oxuduqca, diktatorun sələflərindən biri, məşhur riyakar Nikita Xruşovun BMT TŞ iclasındakı məşhur çıxışı yada düşür. «Karib böhranı» zamanı TŞ məlum iclasında Xruşov ayaqqabısının dabanını tribunaya döyəcləyərək, demişdi: «Lazım gəlsə, biz, dünyada sülh naminə daşı-daş üstündə qoymayacağıq»! Əcəb sülhdür - viranə qalandan sonra, kimə lazım olarmış belə «sülh»?...

Putinin bəyanatı da sözün gerçək mənasında heyrət doğurur. Məsələn, dünyanın «ikinci ordusu» adlandırılan, sərəncamında külli miqdarda adi silahlar və nüvə silahları olan bu nəhəng ləşkər bütün gücü ilə «kiçik» və nüvə silahı olmayan dinc Ukraynaya tammiqyaslı təcavüzə qalxıb - bu ölkənin kəndlərini, şəhərlərini yerlə yeksan edir, əhalisini qırır və yurd-yuvasından didərgin salır, körpə uşaqları qətlə yetiir, sərvətini talayıb aparır… və bu amansız təcavüzü belə izah edir k, guya Rusiya ordusu Ukraynada dövlət çevrilişinə etiraz edən insanların hüquqlarını qoruyurmuş, Donbassdakı və Luqansdakı «kvazirespublikaların» rusdilli-separatçı əhalisini müdafiə edirmiş, guya Ukrayna daxilində hansısa bir «anklav» yaradıblarmış və bu «anklav» Rusiya üçün çox ciddi təhlükə imiş və s. Bir sözlə, bu, açıq göstərir ki, Putinin bunkerində «yalan ayaq tutub yeriyir».

Əslində, Ukraynada nə baş verib, rus ordusu bu ölkədə nə axtarır, Donbassdakı anklavı kim yaradıb, nə məqsədlə yaradıb… bu sualların çoxuna artıq yetərli cavablar verilib və cavablar göstərir ki, Putinin məqsədi Ukrayna dövlətini dünya xəritəsindən silmək, əraziləri özününküləşdirmək, ilhaq etdiklərini özünə birləşdirmək kimi təcavüzkar siyasətə xidmət edir, bu müharibə dağdıcıdır, dünyaya meydan oxmaqdır - amansızlıq dərəcəsinə görə hitlerçilərin apardığı işğalçı müharibəni dəfələrlə üstələyir…

Putin Rusiyası 2014-cü ildə Ukraynanın bir hissəsi olan Krım yarımadasını ilhaq etmək üçün «dövlət çevrilişi» bəhanəsindən istifadə etmişdi. Əslində isə o vaxt Ukraynada heç bir dövlət çevrilişi yox idi, amma korrupsiyanın miqyasından cana doymuş Ukrayna xalqı Rusiyanın əlaltısı olan korrupsioner-rüşvətxor-antixalq Prezident Yanukoviçi devirmək üçün ayağa qalxmışdı. Bax, o zaman Rusiya Yanukoviçin müdafiəsi bəhanəsi altında Krım yarımadasının ilhaqına start vermişdi - bu çək-çevirdə nüvə silahı əlindən çıxarılmış, köməksiz hala gətirilmiş Ukrayna dövləti bu təcavüzə layiqli-adekvat cavab verə bilməmişdi. Əslində isə Yanukoviçin talançı-rüşvətxor və rusiyayönlü üzüyola birisi olması heç kimdə şübhə doğurmurdu - bir müddət sonra Yanukoviçlə bağlı ilginc məlumatlar milyonların «sərvəti»nə çevrildi, fəqət artıq Krım ilhaq olunmuş, Yanukoviç taladıqlarının bir qismini götürərək, Rusiyaya qaçmışdı…
Ətraflı

Buna misal olaraq, bu günlərdə Ukrayna Baş Prokurorluğunun yaydığı bir məlumata diqqət yönəltmək pis olmazdı. Məlumatda deyilir ki, prokurorluq Yanukoviçin oğlunun tək bircə bankda oğurladığı və həbs olunmuş dövlət pulunun 304 milyon qrivenini Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin hesbına göçürülməsi barədə qərar çıxardıb. Bu məqamda cənab Putindən soruşmaq yerinə düşərdi ki, Yanukoviçin «avara» oğlu bu qədər pulu haradan qazanbmış?!

Başqa bir misal. Yanukoviç qaçadan sonra Rusiya Ukraynaya «diş qıcamaq» məqsədilə bu ölkədə «novorossiya» anklavları («DXR» və «LXR») yaratmağa start verdi. Bəhanə isə guya bu ərazidə yaşayan «rusdilli» əhalinin müdafiəsi oldu…

Bu, necə müdafiədir ki, Rusiya Ukraynaya qarşı müharibəni Ukraynanın öz ərazisində aparır və xeyli maraqlıdır ki, zəif və köməksiz Ukrayna Rusiya üçün hansı təhlükəni yarada bilərmiş? Bunlar hamısı Putin Rusiyasının yalanlarıdır - Putin təbliğatçılarının (Solovyov, Simonyan və s.) uydurduqları «nağıllardır» ki, onun köməyi ilə sadə insanların «saqqızını oğurlayırlar».

Məsələn, yayılan məlumatlara görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 380 uşaq həlak olub. Eyni zamanda, 737 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Maraqlıdır ki, bu müharibə zamanı ən çox uşaq Donetsk vilayətində (388), Xarkov vilayətində (204), Kiyev vilayətinə (116) və s. zərər çəkib. Amma Putinin bəyanatında deyilir ki, guya Rusiya ordusu Ukraynanın məhz «anklav» adlandırılan Donetsk və Luqansk vilayətlərinin əhalisini müdafiə edirmiş. Bərəkallah!

KİV-in yaydığı başqa bir məlumatda isə deyilir ki, Rusiya ordusu hər gün orta hesabla Ukrayna ərazisinə 40-50 min müxtəlif kalibrli artilleriyadan atəş açır. Həm də məsələ belədir ki, Rusiya rəsmiləri raşist ordunun Ukrayna kəndləri və şəhərlərini məqsədli şəkildə dağıtdığını nəinki inkar etmir, əksinə, bundan fəxrlə-ağızdolusu danışırlar. Məgər müharibəni beləmi dayandırarlar?! Yerlə yeksan edilmiş və talanmış Ukrayna Rusiya üçün hansı təhlükəni yarada bilərmiş?

Amma sivil dünyanın yaxından dəstəyi ilə Ukrayna ölüm-dirim müharibəsinə qalxıb və Rusiyanın təzyiqlərinə mətanətlə tab gətirir. Dünyanın xilaskarı rolunda çıxış edən Ukrayna xalqı bu məntiqdən çıxış edir: «Yalançını mənzilinə qədər qovarlar».

İndi dünya fikirləşir ki, bu müharibədə Ukrayna qalib gələcək və sonda dünya düzəni kökündən dəyişəcək- bütün dünya faşizmə lənət oxuyacaq.

Mirzə AĞ

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.