“Ah be paşam…” - Atatürkün demokratiyası təhlükə altında
6-09-2022, 08:48
Nicat İsmayılov
Ah be paşam… Hər dəfə Türkiyə Cümhuriyyətinin qurucu öndəri Qazi Mustafa Kamal Atatürkün bir şəklini görüb, fikrini oxuduğum zaman içimdən bu sözlər keçir. Niyə? Çünki o hələ sağ ikən gələcəyə olan böyük ümidlərlə deyirdi: “Cümhuriyyət rejimi demokratik sistemlə idarə olunan dövlət forması deməkdir. Biz cümhuriyyəti qurduq, o yaşa dolarkən demokratiyanın bütün prinsiplərini sırası ilə həyata keçirməlidir”.
Bu gün Atatürkün cümhuriyyətində Atatürkün xəyal etdiyi demokratiya aşınma təhlükəsi ilə üz-üzə qalıb. Üstəlik, bu aşınma siyasi iqtidarın reallaşdırdığı anti-demokratik siyasətin bir nəticəsi olaraq yox, aşağıdan gələn apolitizm və siyasi cəhalət səbəbindən reallaşmaqdadır. Yəni, Türkiyədə hazırkı demokratik rejimin daxilindəki bütün problemlərin kökünü yalnız Ərdoğan iqtidarında yox, həm də xalqın siyasi proseslərə reaksiyasında axtarmaq lazımdır.
Bu aşınma son günlərdə “Dəli çavuş” ləqəbilə tvitter atına minib siyasət meydanında at oynadan, mafiya lideri kimi tanınan Sədat Pekərin fəaliyyətin nəticəsində əyani müşahidə edilməkdədir. Belə ki, uzun müddətdir çəkdiyi videolar və paylaşdığı tvitlərlə Pekər Türkiyədəki siyasi bürokratiyanı ifşa edir və siyasi iqtidarın nüfuzunu sirkələməyə müyəssər olur. Hətta sonuncu tvitindən sonra Pekər Türkiyə Prezidentinin müşaviri Sərkan Taranoğlunun istefa verməsinə müvəffəq olub. Pekər Taranoğlu ilə birlikdə bir neçə yüksək vəzifəli maliyyə bürokratının qarışdığı korrupsiya qalmaqalını ifşa edib.
Türkiyəli jurnalist Erk Acarer isə Pekərin tvitlərindən bir müddət sonra Ərdoğanın müşaviri Taranoğlunun istefa verdiyini iddia edib.
“Pəkər bir nəfəri daha “Ada”dan göndərdi. Sərkan Taranoğlu səhhətindəki problemlərlə əlaqədar istefa verdi” – deyə jurnalist açıqlama verib.
Son günlər Türkiyənin siyasi gündəmi Pekərin iddiaları və müşavir Taranoğlunun istefa xəbəri ilə çalxalanır. İlk baxışdan burada qeyri-adi heç nə yoxdur. Çünki rüşvətxorluq ABŞ-dan Azərbaycana qədər dünyanın müxtəlif ölkələrində bu və ya digər səviyyələrdə müşahidə edilən bir problemdir. Buna görə bir məmurun istefa verməsi də təbii prosesdir. Lakin Türkiyədə baş verən bu qalmaqala daha dərindən yanaşıb, onun siyasi təhlilini aparsaq, tam fərqli bir mənzərənin şahidi ola bilərik.
Ərdoğanın müşaviri olan Taranoğlunun rüşvət alması haqqında iddianı ana müxalifət lideri Kamal Kılıçdaroğlu irəli sürsə və ardınca onun istefa xəbəri yayılsaydı, bu məqalədə türk tipi demokratiyanın aşınmasından yox, inkişafından bəhs edərdik. Lakin iddia mafiya lideri tərəfindən ortaya atılır, ölkənin siyasi qüvvələri ona istinad edərək iqtidarı tənqid edir, xalq isə sosial şəbəkələrdə mafiya liderinin sözlərinə inanıb, məmurun istefasını tələb edir. Yəni burada mafiyanın siyasi iqtidar üzərində təsirinin müxalifətdən daha artıq olması faktı sübuta yetirilir. Təsadüfi deyil ki, Türkiyədəki siyasi partiyalar bu hadisəyə qədər “6-lı masa”da birləşərək, iqtidarla amansız mübarizə aparsalar da hələlik ciddi uğura imza ata bilməyiblər. Lakin Pekər bir neçə yutub videosu və tvitlə Ərdoğanın komandasına ağır zərbələr endirib. Bu isə özlüyündə iki faktı üzə çıxarır:
Sedat Pekər iqtidarla təkbaşına Türkiyənin ən nüfuzlu 6 partiyasının formalaşdırdığı ittifaqdan daha effektiv mübarizə aparır;
Mafiya lideri kimi tanınan Pekərin türk xalqı içərisindəki nüfuzu müxalifət liderlərindən daha artıqdır.
Bu isə onu deməyə əsas verir ki, getdikcə siyasi partiyalara deyil, dini və mafioz liderlərə etibarı artan türk ictimaiyyətində, xüsusilə gənclərdə ciddi apolitizm meylləri müşahidə edilir. Bu il KAS vəqfi tərəfindən aparılan tədqiqatlar göstərir ki, Türkiyənin lokomativi sayılan gənclərin 73%-i ölkəni tərk etmək niyyətindədir. Onların təqribən 18%-i isə ölkədə heç bir siyasi partiyanı dəstəkləmir. Gənclərin siyasi partiyalara etimadının azalması və ölkədə siyasi mobilliyin (səfərbərliyin) zəifləməsi isə demokratik aşınmanın ilkin mərhələsi hesab edilir.
Qazi Mustafa Kamal deyirdi: “Mənim naciz vücudum əlbət bir gün torpaq olacaq, lakin cümhuriyyətimiz əbədi yaşayacaqdır”. Demokratiyasız cümhuriyyət, cümhuriyyətsiz isə Türkiyə təsəvvür edilə bilməz. Ona görə də tanrı Türkiyə demokratiyasını qorusun! Çünki öz demokratik sistemi ilə Türkiyə 100 ildir ki, bütün türk-islam dünyası üçün nümunədir. Orada demokratiya günəşinin qürub etməsi türk dünyasını əbədi zülmətə qərq edə bilər…
pressklub