TÜRK DÖVLƏTÇİLİK MƏFKURƏSİNİN MEMARI - YUSUF XAS HACİB BALASAĞUNLU 5-Cİ YAZI

10-09-2022, 00:11           
TÜRK DÖVLƏTÇİLİK MƏFKURƏSİNİN MEMARI -
Türk Qaraxanlı dövləti Qarluq, Uyğur, Arqu, Türkeş, Yağma, Oğuz və Qıpçaq Türklərini özündə birləşdirən Orta Doğu Türklüyünün ən yüksək inkişaf etmiş yüz illik (940-1040-cı illər) mədəni bir dövləti olmuş, Türk millətinin Türk dili və ədəbiyyatının, Türk-İslam mədəniyyətinin yeni tərzdə formalaşmasını təmin etmişdi. Bu yeni Türk-İslam çulğalaşmış mədəniyyətinin ən böyük təmsilçiləri bu dövrdə Qaraxanlı dövlətinin iki unudulmaz mütəfəkkiri olan Mahmud Kaşğarlı ilə Yusuf Xas Hacib Balasağunludur. Bunlardan Mahmud Kaşğarlı "Divanü-lüğət-it-Türk" əsəri ilə XI əsrdə Türklərin, onların dili və ədəbiyyatının üstünlüklərini ortaya qoymuş, Yusuf Xas Hacib Balasağunlu isə "Qutadqu Bilik" əsəri ilə dövrünün klassik ədəbi Türkcəsini ədəbi nəzm şəklində meydana qoymuş, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini şərh etmişdir.
Yusuf Balasağunlunun həyatı haqqında məlumat çox azdır. Yalnız "Qutadqu Bilik" əsərinin girişindən bəlli olur ki, onun adı Yusuf, rütbəsi isə "Xas Hacib" olub əslən Şərqi Türküstanın mədəniyyət mərkəzlərindən olan Balasağun şəhərindəndir. O, daha sonra Doğu Türküstanın mədəniyyət mərkəzlərindən biri olan Kaşğar şəhərinə köçmüş, "Qutadqu Bilik" (Xoşbəxtlik elminin əsasları) əsərini də burada bitirərək Qaraxanlı hökmdarı Mahmud Buğra Qara Xana təqdim etmiş, bunun müqabilində Xaqan tərəfindən "Xas Hacib" rütbəsi qazanmışdır.
Təpədən dırnağa qədər kamil bir Türküstan Türkü olan Balasağunlu Yusuf Xas Hacib dövrün (XI əsr) Şərq və Qərb fəlsəfəsinə və elminə dərindən bələd olmuş, öz mükəmməl əsəri olan "Qutadqu Bilik"də Türk adət-ənənəsini, Türk dövlətçilik fəlsəfəsinin mahiyyətini, Türk təfəkkür tərzini praktik həyat tərzinə uyğun şərh etmişdir. Mütəfəkkirin nəzərində Kaşğar şəhəri təkcə Qaraxanlı dövlətinin mədəniyyət mərkəzi və paytaxtı deyil, həm də bünyəsində Türk cəmiyyətinin bütün varlığını toplamış bir şəhərdir. (Əhməd Cəfəroğlu. Qaraxanlılar dövrü Türk ədəbiyyatı. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).
"Qutadqu Bilik" əsəri Qaraxanlı Türk dövlətinin quruluşunu, inkişaf dövrlərini, Türklərin İslam dinini qəbul etməsini özündə əks etdirən, eyni zamanda Türk yazılı ədəbi dili baxımından da önəmli bir örnəkdir. Müəllif öz dövrünün düşünürü kimi əsərində insana dünyada xoşbəxt ola bilməsi üçün gərəkli bilgilər verməyə çalışmışdır. Cəmiyyət həyatının və dövlət düzəninin ideal yönlərinin necə olması üzərində dayanan mütəfəkkir öz düşüncələri ilə insanların bir növ sözçüsü olmuş, insan həyatının mənasını, insanın cəmiyyət və dövlət içindəki həyat fəlsəfəsini açıqlamışdır. Əsərdə toplumun yükləndiyi sorumluluq duyğuları ön planda verilmişdir. Müəllifin əsas məqsədi ideal bir həyat düzənini ortaya qoymaq, müsəlmanların bir-biri ilə qardaş kimi əl-ələ verərək öz dinlərini dünyaya yaymaq olmuşdur.
"Qutadqu Bilik" əsəri Türk İslam düşüncəsinin dövlətçilik anlayışı, idarəçilik məharəti, qayda-qanunlarla yaşamaq ehtiyacı barədə ilk yazılı abidədir.
Müəllif əsərində dövrünün cəmiyyət əsasını təşkil edən ən qüvvətli ünsürlər, Türk dövlət adamları, onların rütbələri, ayrı-ayrı məslək və peşə sahibləri, xalq təbəqələri haqqında müfəssəl məlumatlar vermiş, təkamül hüququ və qaydaları kimi anlayışları dilə gətirmişdir. Didaktik bir əsər olan "Qutadqu Bilik"dəki müəllifin aşağıdakı fikir və mülahizələri Türk dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil edir. Müəllif yazır:
"Dövlətin olması üçün orduya ehtiyac var,
Ordunun olması üçün sərvət paylamaq gərəkir,
Sərvət əldə etmək üçün xalq zəngin olmalıdır,
Xalqın zənginliyini isə ancaq örf və ədalət təmin edər".
(İqtibas Rasonyinin "Tarixdə Türklük" əsərindən götürülmüşdür. Bax: Prof.Dr. Laszlo Rasonyi. "Tarihte Türklük". Ankara, 1971, səh. 58).
"Qutadqu Bilik" əsəri orta əsrlərdə dünyanın bir çox yerlərində yayılaraq geniş şöhrət qazanmışdı. Belə ki, "Bu əsərə Çinlilər "Ədalət mülkü" demiş, Maçin məlikinin nədimləri "Məmləkətin aynası" adlandırmış, Gündoğanlılar "Zinətül üməra", İranlılar "Türkün Şahnaməsi" adı vermiş, bəziləri "Pəndnameyi-müluk", Turanlılar isə "Qutadqu Bilik" (Səadət gətirən elm) adlandırmışlar". (Bax: Nizami Cəfərov. "Türk xalqları ədəbiyyatı". I cild, Bakı, 2006, səh. 221).
Əsərin belə adlandırılması onun böyük rəğbət qazanmasına dəlalət edir. Çünki əsər zərif dili və əxlaqi mövzusu ilə uzun müddət Türküstanın ədəbi Türkcəsinin təmsilçisi kimi Türk ədəbiyyatında mühüm bir cığır açmış, Türk ədəbiyyatında ilk dəfə nəzm ədəbiyyatının əsasını qoymuş, Türk mədəniyyətini Türk tarixi keçmişi ilə çulğalaşdırmışdır.
Türk ictimai fəlsəfəsini özündə əks etdirən "Qutadqu Bilik" əsəri dilinin təmizliyi, cinas və qafiyələrin yerli-yerində olması baxımından da diqqətəlayiqdir. Bu onu göstərir ki, Yusuf Xas Hacib "dövrü üçün ustadlıq taxtına erişmiş, mümtaz bir şəxsiyyət olmuşdur". (Əhməd Cəfəroğlu, göstərilən məqaləsi. Bax: Türk dünyası. III cild, ikinci baskı, Ankara, 1992, səh. 60).
Türk-İslam klassik ədəbiyyatının ilk böyük həcmli əsəri olan "Qutadqu Bilik" Qaraxanlı, yaxud Kaşğar Türkcəsində (Mahmud Kaşğarlı bu Türkcəni "Xaqaniyyə Türkcəsi" adlandırıb - A.M.) qələmə alınıb, əruzun "Mütəqarib" bəhrindədir. XI əsrin ən böyük Türk yazılı abidəsi olan bu əsər sadə bir üslubda yazıldığından geniş Türk ellərində yayılmış, çağında Türküstan ellərinin ən mükəmməl bir ədəbi abidəsi sayılmışdır. Ona görə də Xaqan müəllifini əzizləyib, dəyərləndirib öz sarayında "Xas Hacib" etmiş, Yusuf "Ulu Xas Hacib" adı məşhur olub dünyaya yayılmışdır.
Əslində ədaləti, dövləti, ağlı və qənaəti fəzilətin əsası sayan müəllif elmə yüksək qiymət vermiş, dövrün hökmdarlarını ədalətli olmağa, elmə yiyələnməyə səsləmişdir:
Qalxır zəka əhli, ucalır qat-qat,
Elmilə sayılır ən əziz ustad.
Bəylər nə cür aldı dövranı ələ?
Yalnız zəka ilə, yalnız elm ilə.
Müəllifə görə, elmin, təfəkkürün də əsası dildir. Dil insanı əzizlədiyi, ucaltdığı kimi onun başını da yarar:
Elmin, təfəkkürün dilmancıdı Dil,
Kişini bəxtinə Dil çatdırar, bil.
Kişini əzizlər, ucaldar da Dil,
Yarar həm başını, qocaldar da Dil.
Bir növ tarixi əsər olan "Qutadqu Bilik" Türk ulusunun yeni bir gələcəyə doğru yönəldiyi dövrün ən öndə gələn abidəsi, öz dövrünün yüksək mədəni səviyyəsi haqqında müfəssəl məlumatlar toplusu, tarixi Türk mədəniyyəti və gələnəklərinin dolğun bir xəzinəsidir.
Əsərin müqəddiməsində müəllif göstərmişdir ki: "Bu kitabı oxuyan, bu beytlərin mənasını anlayan insan bu kitabdan da əzizdir".
Balasağunlu Yusuf Xas Hacib özünün məşhur "Qutadqu Bilik" əsəri ilə İslam-Türk klassik ədəbiyyatının əsasını qoymuş, Türk varlığının bütün çalarlarını özündə əks etdirmiş, tarixi Türk dili mədəniyyəti, adət-ənənələrinin xəzinəsini yaratmışdı. Əsərdə həmçinin müəllifin özünəqədərki Elçi Bəy, Yağma Bəyi, Ötükən bəyi, Türk Xanı, Yabquların Başı kimi ümumiləşmiş böyük Türk tarixi şəxsiyyətlərinin obrazlarını canlandırması, Türk cəmiyyətinin varlığını, xalq psixologiyasını əks etdirməsi onu bütün o dövrkü Türk aləmində məşhurlaşdırmış, hətta Moğollar arasında belə hörmətlə yad edilmiş, əsərdə irəli sürülüən müddəalar bir yasa halına gətirilmiş, bir müddət tədrisə belə daxil edilmişdi. Əsərini Doğru yol - Gün Doğdu, Dövlət - Ay doğdu, Ağıl, Məntiq - Ögdülmüş və Aqibət - Odqurmuş adlı dörd ünsür üzərində quran müəllif bunları qədim dörd Türk qəhrəmanının adı ilə dəyərləndirmiş, dövrünün böyük Türk dövləti olan Qaraxanlı dövlətini İslam dünyasının ideal bir Türk dövləti kimi təqdim etmişdir. "Qutadqu Bilik" tarixi bir Türk dili və ədəbiyyatı yadigarı kimi uzun müddət Türk ədəbiyyatı məktəbinin yaşamasına səbəb olmuşdur. Belə ki, Qaraxanlılardan sonra yaranan bir çox ədəbi əsərlərə, o cümlədən də Ədib Əhməd Yüknəkinin "Atabətül – Həqayiq”, Əhməd Yəsəvinin “Divani – Hikmət”, Rabquzinin “Qisasül - Ənbiya" əsərlərinə "Qutadqu Bilik" əsərinin qüvvətli təsiri olmuşdur.
Dövlətçitlikdə idarəçiliyi ən mühüm amil sayan Yusuf Xas Hacib göstərirdi ki: "Bəylər comərd olarsa, adları dünyaya yayılar, dünya da bu şöhrətləri sayəsində qorunar". (Bax: "Qutadqu Bilik". Ankara, 1959, səh. 155). Dövrünün milli adət-ənənələri və xalqının duyğu və istəklərinə tərcüman olan bu mütəfəkkir "hökmdarlara xəzinəni açmağı və xalqa mal dağıtmağı" tövsiyyə edirdisə, ondan sonra yaranan əsərlərdə dövlətçilikdən daha çox təsəvvüfi məsələlərə və kamil insan anlayışına geniş yer verilmişdir ki, bunun da ilk yaradıcısı böyük Türk mütəsəvvifi Əhməd Yəsəvidir. Əhməd Yəsəvi "Şəriətin nizamı, Təriqətin inamı, Həqiqətin tamamı" söyləməklə Türk təsəvvüf hərəkatının ən böyük rəhbərlərindən sayılmışdır. Mütəxəssislərin fikrincə, "Əhməd Yəsəvi bir baxıma görə Türk qövmləri arasında "Qutadqu Bilik" prototipi mahiyyətində yeni bir xalq şeri məktəbi quranlardan sayılmış, xalq içindən çıxdığı üçün ruh oxşayıcı və çəkici olan hikmətləri sayəsində çox qısa bir zamanda çadırda yaşayan bozkır xalqının düşüncəsi üzərində geniş təsirlər yaratmış, bəxtiyar, əfsanəvi şəxsiyyətlər səviyyəsinə yüksəlmiş, kəramətləri, hikmətləri ilə geniş Türk xalqını sarmış, düşüncələri ağızdan-ağıza dolaşaraq bütün Türk dünyasına yayılmışdır"
Ruhu şad olsun !.
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
TEREF.AZ












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.