Vəfa Fətullayevanın xatirələri: Hökumə Qurbanova Azərbaycan əskərinə təmiz adını necə qaytardı...

13-09-2022, 11:44           
Vəfa Fətullayevanın xatirələri: Hökumə Qurbanova Azərbaycan əskərinə təmiz adını necə qaytardı...
Vəfa Fətullayevanın xatirələri:
Sizə anamla bağlı olan və heç kimin bilmədiyi çox maraqlı bir xatirə danışacağam...Anamı Ağahüseyn adlı bir oğlan sevirmiş, bu olub 1920 ci illərin sonlarında...Oğlanın atasının Bazarnaya küçəsində, Passaj bazarında baqqal dükanları vardı, çox imkanlı ailə idi...Əslən Maştağa kəndindən olsalar da, şəhərdə Mirzə Fətəli küçəsində ikimərtəbəli mülkdə yaşayırdılar...Onların varlanmasında Abbasəli babam böyük rolu oynayıb...Ağahüseynin atası Məşədi Qulamın Balaxanıda torpağı olub...Netfxudalar orada neft çıxdığını görüb torpağı çox ucuz qiymətə onların əlindən almaq istəyirlər...Bundan xəbərdar olan babam Məşədi Qulama deyir ki, torpağı satma, ver Hacıya (H.Z.Tağıyev) icarəyə biz buruq qoyaq və hər ay sənə icarə haqqı verək, torpaq da sənə qalsın...Babam Abbasəli Qurbanov Bakının ən məşhur ali təhsilli neft mühəndislərindən biri olub...Əgər torpağı onlara satsan pulunu 1 həftəyə yeyib qurtararsan, sonra ac qalacaqsan...Məşədi Qulam razılaşır və hər ay aldığı icarə pulundan varlanmağa başlayır...Daha sonra şəhərdə ikimərtəbəli ev tikdirir və ticarətlə məşğul olur...O, həmişə babamı görəndə ona ehtiramla salam verər, etdiyi yaxşılığa görə, dərin təşəkkürünü bildirərdi...Babam rəhmətə gedəndən sonra anamgilin vəziyyəti ağırlaşır...Çox çətinlik çəkirlər, bu barədə əvvəlki xatirələrimdə yazmışam...Bir gün nənəm evdən çıxanda baxır ki, qapıda içi dolu zənbil var üstündə də kağız qoyulub...Kağızı açıb oxuyur, "Abbasəliyə olan borcumdan bir pay. (Məşədi Qulam)"...Nənəm zənbili götürsə də ondan sonra göndərilən heç bir payı qəbul etmir...Ağahüseyn anama dəlicəsinə aşiq olur, hər gün gəlib evlərinin qabağında oturardı ki, bircə dəfə də olsa Hökuməni görə bilsin...Nənəm danışırdı ki, nə vaxt pəncərəyə çıxardım, görürdüm oğlan oturub səkinin üstündə...Anam isə ona yaxınlıq vermirdi...Bir neçə dəfə rəfiqəsi Zivərgilə gedəndə qabağını kəsir, Camaləddin əmi bundan xəbər tutur Ağahüseyni möhkəm döyür...Buna baxmayaraq yenə anamdan əl çəkmir, onu çox sevdiyini bildirir...Günlərin birində anama elçilərini göndərir...Nənəm deyir ki, gördüm qapı döyülür, açdım baxıram üç nəfər qadın dayanıb, soruruşam sizə kim lazımdı, deyirlər Hökuməyə elçi gəlmişik...Nənəm onları çox gözəl qarşılayır, evə dəvət edir və xoşluqla başa salır ki, Hökumənin hələ ərə getmək vaxtı deyil...Bir həftə sonra ikinci kərəm elçi gəlirlər...Anam da qəti olaraq demişdi ki, mən Ağahüseynə ərə getməyəcəyəm...Bu dəfə elçilikdə Məşədi Qulam şəxsən özü də iştirak edir...Nənəm onu çox yaxşı tanıyırdı, "yox" deməyə dili gəlmir, eyni zamanda da nə edəcəyini bilmirdi...İkinci dəfə də "qızın hələ yaşı azdır, qoyun bir müddət keçsin danışarıq" deyərək, onları ədəb-ərkanla yola salır...Məşədi Qulamın Ağahüseyndən başqa bir qızı da olub, o uşaq vaxtı dünyasını dəyişmişdi...Yeganə bir oğlu vardı, onun üçün də əlindən gələni edirdi ki, xoşbəxt olsun...Ağahüseyn də demişdi ya Hökumə ya da heç kim...Ona görə də hətta o boyda kişi, nənəmin ayaqlarına düşüb yalvarmışdı ki, qızı razı salsın...Bir dəfə də Bakıda çox hörmətli şəxslərdən olan Hacı Salmanı nənəmlə danışığa göndərir, yenə də istədiyinə nail ola bilmir...Anam Konservatoriyada oxuyan dövrdə Ağahüseyn hər gün onun arxasınca düşür, onu kölgə kimi izləyir...Həriyə göndərdiyi adamların hamısına Hökumə "yox" deyir...Sonra Ələsgər əmi ilə tanış olurlar, ardını isə özünüz bilirsiniz...Ağahüseyn isə ailə qurmur...Böyük Vətən Müharbəsi başlayan ilk günlərdən Ağahüseyni cəbhəyə göndərirlər...Təxminən 1942 ci ilin əvvəlləri, soyğunçular gecə yarısı Məşədi Qulamın evinə girib, onu və həyat yoldaşını amansızlıqlar öldürürlər...Evdə olan bütün qiymətli əşyaları, qizilları, pulları aparırlar...Həmin hadisə şəhərdə böyük səs-küyə səbəb olmuşdu...Bu yazdıqlarımı mənə nənəm danışıb, indi mən sizə Ağahüseynin öz dilindən eşitdiklərimi söyləyəcəyəm...1967 ci ilin qış aylarıdı, sabahı gün qonaqlarımız olacaq, ona görə nənəm yemək hazırlamaq üçün anama köməyə gəlib...Saat təxminən gecə 10 olardı, birdən qapı döyüldü...Qapını həmişə mən açardım...Anam heç vaxt qapıya gəlməzdi...Bayırda bərk xəzri əsir, pəncərələrimiz az qalır yerindən qopsun... Ürəyimdə fikirləşirəm ki, görəsən gecənin bu vaxtı kim olar...Qapını açanda əvvəlcə bərk qorxdum, paradnıda işıq yanmırdı qaranlıq idi...Baxdım ki, yaşı hardasa 60-a yaxın, nimdaş paltarda, saçları uzun, üzü tüklü kişi dayanıb...Soruşdum kimi istəyirsiniz?!..Asta səslə dedi ki, "qızım, mənə Hökumə xanım lazımdır"...Anam da mətbəxdə pərəməçə bişirir, çağırdım əlləri unlu gəldi qapıya...Bir anlıq dayandı kişiyə baxdı və birdən "Ağahüseyn bu sənsən", deyə təccübünü boğa bilmədi...Baxmayaraq ki, o tanınmaz halda idi, ancaq anam onu görən kimi tanımışdı...Kişini içəri çağırdı, dəhlizdə balaca stolumuz vardı, çox vaxt çörəyimi orda yeyirdim...Kişi oturdu stulda, anamın rəngi qızarıb, hiss edirəm ki, özünü ağlamaqdan güclə saxlayır...Nənəm yaxınlaşdı "ay Ağa, bu nə halətdi, bu nə vəziyyətdi sən düşmüsən"...Nə baş verdiyini anlamırdım...Soyuqdan kişini bədəni titrəyirdi ,qabağına çay, yemək qoyduq...Çörəyi necə acıgözlüklə yeyirdi, ilahi...Birdən gözüm üzünə sataşdı, baxdım ki, yanağının əti yoxdu, sanki kimsə qoparmışdı...Bir az özünə gələndən sonra başladı başına gələnləri danışmağa...Onun simasında illərin yorğunluğu vardı...Ancaq hiss olunurdu ki, cavanlığında çox yaraşıqlı olub...O, hündürboy, sarıyanız, gözləri isə mavi rəngdə idi...Çəkdiyi əzablar onun vücudunu tamam dəyişmişdi...Danışırdı ki, "1942 ci ildə Belarusiyada almanlara əsir düşdüm, məni əvvəlcə Polşaya, oradan Almaniyaya apardılar... Düşərgədəki bizdən əvvəlki əsir düşmüş döyüşçülərin yanına saldılar...Dəhşətli işgəncələr verirdilər, dırnaqlarımı kəlbətinlə çıxarır, bədənimi süngü ilə deşik-deşik edirdilər, həftələrlə ac-susuz, ayaqyalın saxlayırdılar...Bir gecə ayıldım görürəm o biri əsir məni ölmüş bilib üzümün ətini dişi ilə qoparıb yemək istəyir...Yanağım tamam qopmuşdu, əlimlə bir gün saxladım gördüm bitişməyəcək buna ancaq əməliyyat lazımdı, əlimi çəkəndə sallanır, mən də qoparıb atdım...78 gündən sonra əsirlikdən qaçdım...Sovet ordusu tərəfə keçdim və məni həbs etdilər...Hərbi tribunalda mənə vətən xaini damğası ilə 20 il həbs cəzası verildi...Görəcəyim ən əzablı günlər sən demə hələ qabaqdaymış...Ölümdən qayıtdım...Artıq 1 aydır həbsdən azad olunmuşam, mənə Bakıda yaşamağa icazə vermədilər, göndərdilər Ucar rayonuna...Orada olanda sənin haqqında eşitdim, Ali Sovetin deputatisan, SSRİ Xalq artistisən, mənə yalnız sən kömək edə bilərsən...Bakıya gizlin gəlmişəm, məni şəhərdə görsələr cəzalandıracaqlar...Səni güclə axtarıb tapdım, xahiş edirəm mənə Bakıda yaşamaq üçün kömək edəsən...Bir də vətən xaini damğasının üzərimdən götürülməsini istəyirəm...İndi mənim səndən başqa heç kimim yoxdur"...Üzümü çevirəndə baxdım anamla nənəm ikisi də ağlayır...Hökumə bu əlacsız insana kömək etməyə bilməzdi...Həm də bir zamanlar onu dəlicəsinə sevən Ağahüseynə...Kişi danışıb qurtardı, anam özünü güclə ələ alıb keçdi o biri otaqdan Vəli Axundova zəng vurdu, köməkçisi dedi ki, Vəli Yusufoviç Moskvadadı 2 gündən sonra qayıdacaq...Vəli Axundovla anamın yaxın dostluq münasibətləri vardı, anam ona öz aralarında "Qədeş" deyirdi...Onlar ikisi də Bakının Saray kəndindən idi...V.Axundovun anama böyük hörməti vardı, xətrini çox istəyirdi, bir sözünü iki etməzdi...Onun Bakıda olmaması vəziyyəti çətinləşdirdi...Hər kim olsa da kişini evdə saxlamaq olmazdı...Anam mənə dedi ki, tez Zaura zəng vur gəlsin bizə...Zaurla danışdım, 15 dəqiqədən sonra motosiketlə gəldi...Zaur həmin illərdə çox vaxt Şaxskidə nənəsigildə yaşayırdı...Anam tapşırdı ki, Ağanı apar elə bir yerdə gizlət ki, heç kimin xəbəri olmasın...Zaur Ağahüseyni götürüb apardı...Sonradan öyrəndim ki, dostu Tofiqin Buzovnadakı bağına aparmışdı...Həmin gecə gözümə yuxu getmədi, səhərə qədər oyaq qaldım...Bu hadisədən 2 gün sonra axşam telefon zəng çaldı, dəstəyi anam qaldırdı, Zəng edən Birinci Katib Vəli Axundov idi...Anam başa saldı ki, bu telefon söhbəti deyil, mütləq görüşüb danışmalıyıq...Sabahı gün işdən sonra onlar görüşürlər, anam məsələni olduğu kimi danışır...Vəli Axundov anama diqqətlə qulaq asdıqdan sonra deyir ki, mənə 2 gün möhlət ver bu məsələni araşdırım sənə xəbər edərəm...Qısa müddət ərzində KQB-dən gələn sənəddə məlum olur ki, Ağahüseyn əsirlikdə olarkən ona verilən işgəncələrə, dözülməz əzablara baxmayaraq heç bir hərbi sirri düşmənə vermir...Əsirlikdən qaçarkən özü ilə 16 sovet əsgər və zabitini də qaçırıb, onlardan ikisi yolda ölür...Ona verilmiş vətən xaini adının heç bir əsası olmayıb...O, günahsızdır...Bununla da Ağahüseyn üçün doğma şəhərinin qapıları onun üzünə açılır...Onların evində müharibə illərində Ukraynadan Bakıya sığınmış Xoxol qaçqın ailəsi yaşayırdı...Anam baksovetdən tələb edir ki, həmin ailə dərhal bu evdən çıxarılsın və Ağahüseyn öz mənzilinə köçürülsün...Onun istədiyi kimi də olur, ata mülkü Ağahüseynə qaytarılır...Bundan qəzəblənən həmin ailə Moskvaya nə qədər məktublar yazsa da heç bir xeyiri olmur...Hökumə Qurbanova bu işin sonuna qədər gedir...Sonra anam Ağahüseyni çörək zavoduna işə düzəldir...Ağahüseyn bu yaxşılığın əvəzini necə qaytaracağını bilmirdi...Hər dəfə anam teatrdan çıxıb evə gələndə Hüsü Hacıyev küçəsində ona bir dəstə gül verərmiş...Bu isə Hökumənin xoşuna gəlmir, günlərin birində ona acıqlı şəkildə deyir ki, Ağa, sən kömək üçün mənim evimə gəldin, mən isə sən geri qaytarmadım, bu dəfə gülü götürürəm və xahiş edirəm bir də küçədə mənim qarşımı kəsməyəsən...Bu söhbətdən sonra Ağahüseyn bir daha anamın gözünə görünmür...Əslində Hökumə bunu bilərəkdən etmişdi...O, bununla yaxşılıq etdiyi insanı minnətçi olmaqdan bir dəfəlik xilas etdi...Abbasəli Qurbanovun qızı ona kömək üçün pənah gətirmiş insanı, ümidsiz yola sala bilməzdi...Bu hər kəsin bacara bildiyi iş deyil...Ağahüseyn isə həyatının sonuna qədər ailə həyatı qurmadı, tək-tənha yaşadı...O, 1979 cu ildə ağır vərəm xəstəliyindən dünyasını dəyişdi...Anamın isə bir zamanlar onu dəlicəsinə sevən insana "yox" deməsi mənə həmişə qaranlıq qaldı....
Vəfa Fətullayeva












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.